Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji
Ekologiya

Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji" potensialına görə dünyanın diqqət mərkəzindədir

İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq, ətraf mühiti qorumaq məqsədilə dünya ölkələri tərəfindən "yaşıl enerji"dən daha geniş istifadə edilməsi məsələsi aktual olduğu qədər də vacib hesab edilir. Bu mənada, Azərbaycan bərpaolunan enerji mənbələri baxımından olduqca zəngindir. Artıq dövlət tərəfindən reallaşdırılan bir çox layihələr nəticəsində işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsi "yaşıl enerji" zonasına çevrilir. Bölgədə olan münbit şərait onu deməyə əsas verir ki, yaxın gələcəkdə ərazi "yaşıl enerji" zonası kimi dünya üçün bir nümunə olacaq.

Torpaqlarımız işğaldan azad ediləndən sonra bu ərazilərdə "yaşıl texnologiya"ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planı"na əsasən, genişmiqyaslı işlərin icrasına başlanılıb. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda da Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib. Bu məqsədlə 2021-ci il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam da imzalanıb.

Ölkəmiz bərpaolunan enerji mənbələri üzrə geniş potensiala malikdir. Aparılan araşdırmalara görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. Mövcud potensialın səmərəli istifadəsi üçün konkret tədbirlər həyata keçirilir, bölgədə aparılan bərpa-quruculuq işlərində "yaşıl texnologiya" ların tətbiqinə daha çox üstünlük verilir. Füzuli, Cəbrayıl, Zəngilan rayonları yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Naxçıvan Muxtar Respublikasının ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvadratmetr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovat/saat təşkil edir. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3-4 min meqavatdır. Mütəxəssislərin araşdırmalarına əsasən, 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7 min 214 meqavat olan 8 perspektiv ərazi müəyyənləşdirilib. Bütün bunlarla yanaşı, Qarabağda həmçinin külək enerjisinin istehsalı da planlaşdırılır. İşğaldan azad edilən ərazilərin dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Qarabağın dağlıq hissələrində külək enerjisinin potensialı 300-500 meqavat həddində qiymətləndirilir.

Ümumiyyətlə, bölgə təbii ehtiyatlarla zəngin, bolsulu əraziləri ilə seçilir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi məhz işğaldan azad edilmiş ərazilərin payına düşür. Qarabağ bölgəsində 14 çay və 9 su anbarı mövcuddur. Mütəxəssislərin fikrincə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin potensial var. Ümumilikdə götürdükdə isə Azərbaycanın müxtəlif ərazilərində ümumi gücü 66 meqavat təşkil edən külək, 40 meqavat günəş, 38 meqavat bioenerji elektrik stansiyaları, həmçinin 32 meqavat gücündə kiçik su elektrik stansiyaları istismar olunur.

Qarabağ və Şərqi Zəngəzur bölgəsi təbii ehtiyatların zənginliyi baxımından yeni enerji layihələrini gerçəkləşdirməyə imkan verir. Bu baxımdan, ərazidə genişmiqyaslı işlərin həyata keçirilməsi dünyanın diqqət mərkəzindədir. Artıq bu istiqamətdə mühüm addımlar da atılıb. Ötən əsrin sonlarında xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün özü elektrik enerjisi ixrac edir. Bu baxımdan, ölkəmizdə də sözügedən məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki bərpaolunan enerji sahəsinin inkişafı üçün Azərbaycanda olduqca əlverişli şərait mövcuddur. Məlumdur ki, həmin enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. Azərbaycan dünyada günəşli ölkə kimi tanınır. İstər Xəzərin sahilində, istərsə də dağlıq ərazilərdə yerləşən rayonlarımızda külək enerjisindən istifadə üçün geniş imkanlar var. Həmçinin qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilər bərpaolunan enerji mənbələri sarıdan olduqca zəngindir. Dövlətimiz tərəfindən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də bu növ enerjidən istifadənin genişləndirilməsi müəyyən edilib. Qeyd edilən müddətə kimi elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf kimi götürülüb. 

Dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına, birgə əməkdaşlığa maraq göstərirlər. Bu, həm də Azərbaycan iqtisadiyyatının dinamik inkişafının təzahürüdür. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.

Ramidə YAQUBQIZI,

"Respublika".