Böyük Britaniya və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlıq
İQTİSADİYYAT

Böyük Britaniya və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlıq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auldu və İstanbuldakı Konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo ilə görüşüb.

Görüş zamanı Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhərsalma siyasətinin formalaşdırılması və reallaşdırılması, bu sahədə davamlı islahatların aparılması, həyata keçirilən əsas strateji layihələr, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı planlaşdırma və yenidənqurma işləri barədə məlumat verib. Böyük Britaniyanın aidiyyəti qurumları və özəl şirkətləri ilə mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib.

Öz növbəsində, qonaqlar ölkəmizdə şəhərsalma fəaliyyətinin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı layihələrin keyfiyyətini və sürətini yüksək qiymətləndirərək Azərbaycanın bu sahədə beynəlxalq standartlara uyğun sistemli fəaliyyəti, xüsusən də postmünaqişə ərazilərin bərpası təcrübəsi sahəsində formalaşdırdığı inkişaf modelinin bir çox ölkələr üçün yaxşı nümunə rolunu oynaya biləcəyini bildiriblər.

Bununla yanaşı, görüşdə müasir "ağıllı" şəhərsalma yanaşmalarının və layihələndirmədə "BIM" ("Building Information Modeling") - Tikintidə İnformasiya Modelləşdirilməsi texnologiyalarının tətbiqi, şəhərsalma fəaliyyətində dövlət-özəl tərəfdaşlığının təşkili və digər sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Böyük Britaniya və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Nəriman CAVADOV,

"Respublika".