Böyük Qayıdışın yeni ünvanları
Sosial həyat

Böyük Qayıdışın yeni ünvanları

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması idi. Çünki ötən 30 illik işğal dövründə bu yerlərdə barmaqla sayılacaq qədər salamat bina, yaxud da yaşayış evi tapmaq olardı.

Şükürlər olsun ki, ölkəmiz öz daxili gücü və potensialı hesabına bu ağır, məsuliyyətli işin öhdəsindən gəlmək qüdrətinə sahibdir. İndi Qarabağın bütün kənd və şəhərlərində mərhələli şəkildə tikinti-quruculuq işləri aparılır. Az vaxt ərzində ağlasığmaz dərəcədə uğurlar əldə olunub. Mərhələli şəkildə sakinlər öz doğma ocaqlarına, yurd-yuvalarına köçür, ata-baba ocaqlarının işığını yandırırlar. Bu yerlərə yeni həyat, yeni nəfəs gəlir. Bunu təkcə ölkəmiz deyil, dünya dövlətləri də görür, seyr edir. Hətta qısa müddət ərzində görülən irimiqyaslı işlər bir çox dövlətlərin heyrətinə səbəb olmuşdur. İndi Azərbaycan işğaldan azad etdiyi Qarabağı, həm də zəngin potensiala malik bölgə kimi də dünyaya tanıdır. O üzdən də bir çox dövlətlərin bölgəyə marağı və Azərbaycanla iqtisadi əməkdaşlığa meyli güclənib. Ölkəmiz, eyni zamanda özünü sülhpərvər dövlət kimi də dünya birliyində təsdiq edib.

Qarabağın ilk köç karvanı Zəngilanın Ağalı kəndi ilə başladı. Bu, Böyük Qayıdışın ilk qaranquşu idi. İnsanların illərlə közərən yurd həsrətinə,  yarasına məlhəm oldu. Daha sonra, Tərtərin Talış kəndində ilk Novruz tonqalı alovlandı. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müqəddəs Novruz bayramında Talış kəndinin sakinlərinin sevincinə şərik oldu. Daha sonra ünvanlar daha da artmağa, çoxalmağa başladı. Qartallar diyarı Laçında da 31 illik həsrətə son qoyuldu 28 may tarixində. 20 ailədən ibarət 97 nəfər laçınlı öz doğma ocaqlarına qovuşdu. Onları Laçında salamlayan dövlət başçısı demişdir: "Biz öz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Çox gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Laçına növbəti köç isə iyunun 14-də 22 ailə, iyunun 19-u 13 ailə, 85 nəfər olmaqla reallaşdı. Beləcə, ardıcıl olaraq köçürülmə prosesi davam etdi. Növbəti dəfə isə iyulun 31-də Bakı şəhəri Qaradağ  rayonundakı "Qobu Park 3" kompleksindən 12 ailə - 53 sakin yola düşərək doğma Laçına çatdılar. Ümumilikdə isə bu vaxta kimi şəhərə 180 ailə olmaqla 700 nəfər laçınlı qayıdıb. Hələ qarşıda nə qədər kəndlər, şəhərlər var ki, öz sahibini gözləyir. Artıq Laçının Sus və Zabux kəndlərində aparılan tikinti-bərpa işləri bitmək üzrədir. Yaxın günlərdə bu kəndlərə də köçürülmə həyata keçiriləcək. Qarşıda daha böyük perspektivlər və planlar durur. Növbəti, daha möhtəşəm köç karvanlarına ciddi hazırlıq işləri gedir. Növbədə Şuşa, Ağdam, Füzuli kimi bir çox şəhər və kəndlər var. Prezidentin 21 iyul tarixində Şuşaya səfəri zamanı Daşaltı kəndinin yenidən qurulması istiqamətində atılan addımlar bölgənin gələcək perspektivlərinin daha böyük imkanlar yaradacağından xəbər verir. Daşaltı kəndindən öncə iyulun 20-də ölkə başçısı Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində də olmuşdur. Bu isə işğaldan azad olunmuş yurd yerlərimizin hər bir nöqtəsinə dövlətin qayğısının və diqqətinin göstəricisidir.

Füzuli və Ağdam  rayonlarına da yaxın gələcəkdə köçürülmə prosesinə başlanılacaq. Hazırda Füzuli şəhərində 6 məhəllə inşa olunur, 38 binada tikinti-quraşdırma əməliyyatları aparılır. 800 ailənin ilin sonuna kimi həmin yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulur. Proses iki mərhələdə həyata keçiriləcək. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin köçürülməsi planlaşdırılır. Füzuli və Ağdamda iki şəhər mərkəzinin, 32 kəndin yenidən qurulması, həmçinin Hadrut, Suqovuşan və Tuğda turizmin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin yüksək keyfiyyətlə, eyni zamanda vaxtında həyata keçirilməsidir. Ağdamda böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur. Ümumilikdə isə 2026-cı ilin sonuna kimi Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkün qaytarılacaq. Onu da qeyd edək ki, Qarabağda aparılan tikinti-quruculuq işlərinə mane olan və ləngidən səbəblərdən ən başlıcası isə erməni tərəfinin basdırdığı külli miqdarda təhlükəli minalardır. Artıq Ağdam rayonunun 27, Füzuli rayonunun isə 21 faiz ərazisi minalardan təmizlənib.

Ramidə YAQUBQIZI,

"Respublika".