Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə...
Siyasət

Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə...

Hazırda Ermənistan və Azərbaycan hökumətlərinin qarşısında duran əsas məsələlərdən biri sərhəddə delimitasiya və demarkasiya işlərinin aparılmasıdır. Mübahisəli məqamlar çoxdur və həll yolu üçün iki ölkənin rəsmilərinin dialoqu vacibdir. 44 günlük Vətən müharibəsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin bərpasına cəhdlər edilib. Lakin Ermənistanın danışıqlar masasında sülh çağırışları etməsinin ardınca təxribat əməlləri törətməsi prosesi ləngitmişdir. Şübhəsiz, Ermənistan qədər bu işdə "vasitəçi"lərin də rolu var. Avropa Parlamentinin hüquqi dəstəyi, Fransanın silah yardımı, ABŞ Senatının qərəzli dinləmələri Ermənistana stimul verir. Proseslərin bu çətir altında cərəyan etməsi onu göstərir ki, 30 ilə yaxın münaqişəni donduran qüvvələr indi də sülh prosesinin reallaşmasına mane olurlar. Belə bir məqamda məsələnin regional və ya ikili zəmində həll olunması daha məqsədəuyğun hesab edilir.

Məlumdur ki, 30 noyabrda Azərbaycan və Ermənistan arasında Qazax rayonu ilə sərhəd ərazidə delimitasiya üzrə dövlət komissiyasının görüşü baş tutdu. Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfdən isə həmkarı Mqer Qriqoryanın iştirak etdiyi görüşdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiya məsələsinin müzakirəsi keçirilib. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bu, Komissiyanın sayca beşinci görüşüdür. İndiyə qədər keçirilən görüşlərin, ikisi sərhəddə - Qazax istiqamətində, digərləri isə Moskvada və Brüsseldə baş tutub.

Əsas məqam ondan ibarətdir ki, delimitasiya və demarkasiya ilə bağlı görüşlər sülh müqaviləsinin imzalanması üçün açılan bir perspektivdir. Lakin burada da bir sıra problemlər var. Belə ki, Ermənistan ciddi şəkildə delimitasiyanı 1991-ci il, Almatı deklarasiyasına uyğun reallaşdırmaq istəyir, 1974-cü və 1990-cı illərin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahın xəritələrindən istifadə etməyə çalışır. Rəsmi İrəvan ciddi şəkildə ərazi məsələlərini ortaya atır. Burada Rəsmi Bakının əlavələri var və nüanslar nəzərə alınmalıdır. Yəni sərhədlər, həmçinin xəritələrlə bağlı fikir ayrılığı var. Azərbaycana aid olan Qazaxın 7 və Naxçıvanın isə Kərki kəndi azad edilməlidir. Çünki ermənilər bu kəndləri öz torpaqları kimi qələmə vermək istəyirlər.

ABŞ-ın və Avropa İttifaqının Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri faktiki olaraq, uğursuzdur. Bunun fonunda Bakı İrəvana birbaşa təmaslara keçməyi təklif edir. Bəli, Azərbaycan vasitəçilər formatını dəstəkləmir. Brüssel, Vaşinqton və ya Moskvaya getməkdənsə, birbaşa danışıqları sürətləndirmək lazımdır. Xatırladaq ki, 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Ermənistan Prezidenti Robert Köçəryanla Azərbaycan Prezidenti Heydər Əliyev arasında görüş keçirilmişdi. Bu, tərəflər arasında sərhəddə baş tutan ilk görüş idi. Sədərəkdə təşkil olunan görüşdə Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev də iştirak edirdi. Bu görüşdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxması barədə müzakirələr aparılırdı.

Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bütün dünya bu reallıqları qəbul edir. 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər artıq bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. İrəvanın açıqlamaları, bəyanatları, yanaşması və mövqeyi də bu baxımdan istisna deyil. Ermənistan da bu reallığı qəbul edir. Bu səbəbdən, Ermənistan hakimiyyətinin nümayəndələri sülh müqaviləsinin gündəmdə olduğunu deyirlər. Amma bu fikir imitasiya məqsədilə səsləndirilməməli, Ermənistan bunu əməldə göstərməlidir.

Nurlan ABDALOV,

"Respublika".