BU GECƏ YUXUMA GİRMİŞDİ MƏNİM, NƏĞMƏLİ GÖYÇƏ GÖLÜ, GÖYÇƏ DAĞLARI…
Region

BU GECƏ YUXUMA GİRMİŞDİ MƏNİM, NƏĞMƏLİ GÖYÇƏ GÖLÜ, GÖYÇƏ DAĞLARI…

Bəli, bu gün cənnət guşəsi olan Qarabağ torpaqlarına yeni ruh, yeni nəfəs gəlib. Qərbi azərbaycanlılar da tezliklə öz doğma yurdlarına qovuşmaq əzmindədirlər… Müsahibimiz şair təbiətli, ürəyi vətənlə döyünən, Göyçə ziyalısı İbrahim Novruzdur. O, söhbətə belə başladı:

- Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qüdrətli siyasəti və şanlı ordumuzun şücaəti sayəsində 44 gündə qazanılan qələbə, üstəlik bir gün ərzindəki zəfər möcüzəsi bütün dünya azərbaycanlılarına sevinc bəxş etdi… Biz göyçəlilər fəxarətlə deyə bilərik ki, tezliklə bizim yuxularımız da çin olacaq, doğma məmləkətimizə qovuşacağıq:

 

Neçə söz sərrafım, dövlətim, malım.

Dədə Ələsgərim, Nəcəfim qalıb

Sənətkar Abdullam, İmanım, Alım

Neçə görünməyən hədəfim qalıb.

İşğalçı, namərd, vandal ermənilər yurdumuzu viran qoydu, isti ocağımızı söndürdü, neçə-neçə övladlarımızı atasız-anasız qoydu… Tarixə nəzər salaq: - 1918-ci ildə himayədarlarının və özümüzdən olan xəyanətkarların hesabına tarixi şəhərimiz - İrəvanın Ermənistana bağışlanması reallaşdırıldı. Bundan azğınlaşan erməni şovinistləri daha da iştahlanaraq min bir fitnə-fəsadla qədim Azərbaycan torpaqlarını zəbt etməyə başladılar. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını da Ermənistana birləşdirməyə nail oldular. 1948-1953-cü illərdə sovet hökumətinin xalqımıza qarşı daha bir cinayətinin nəticəsi olaraq Qərbi azərbaycanlılar növbəti deportasiyaya məruz qaldılar. Bəli, növbəti cinayət ünvanı kimi özlərinə Qarabağı və Şərqi Zəngəzuru hədəf seçən Ermənistan o vaxt Azərbaycanda hakimiyyətdə olan antimilli qüvvələrin xəyanətkar siyasətindən yararlanaraq bu tarixi torpaqlarımızı da ələ keçirib, daha yüz minlərlə azərbaycanlını didərgin saldı. Yaxşı yadımdadır: 1988-1989-cu illərdə rayon mərkəzinə gedib-gəlmək çətinləşmişdi. Amma yenə bizim kəndin (Bala Məzrə) mərd, qorxmaz oğlanları rayona gedib müəyyən işlərini görürdülər. Hər dəfə də dava-dalaşla qayıdırdılar. Bu vəziyyət insanları bezdirmişdi. Kənd camaatı səhərə qədər tonqal yandırıb küçələrdə keşik çəkirdi. Lakin noyabrın sonlarında ermənilər bütün azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. O dövrdə Azərbaycan dövlətinin səriştəsiz rəsmiləri heç bir kömək göstərmədilər. Halbuki bizim Bala Məzrə kəndinin camaatı möhkəm dayanmışdı. Əfsuslar olsun ki, azərbaycanlı kəndləri bir-bir boşaldıldı, mal-mülkləri əllərindən alındı, insanlar qətlə yetirildilər. Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu… Bu, insanlığa sığmayan bir müsibət, faciə idi. Əsas qaçqınlıq dövrü 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf etdiyindən soydaşlarımızın kolxozlarda olan illik əmək haqları da ermənilərə qalmış, bir çoxları dövlət banklarında olan əmanətlərini belə götürə bilməmişdilər. Ümumiyyətlə, soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus bu əmlakın dəyəri Azərbaycan Qaçqınlar Cəmiyyətində toplanmış sənədlər əsasında hesablanaraq müəyyən olunub ki, təxminən ziyan 2,5 milyard ABŞ dolları həcmindədir. Kolxozlarda azərbaycanlılara məxsus olan 43789 baş iribuynuzlu, 454 660 baş xırda buynuzlu malqara, çoxsaylı ev quşları, arı ailələri, 170 mədəniyyət evi, 274 məktəb binası, 119 kitabxana, uşaq bağçaları, həkim məntəqələri, məscid binaları, 1381 yardımçı təsərrüfat tikintiləri, 2169 avtomaşın, 1976 traktor, 3132 kənd təsərrüfat texnikası, minlərlə hektar üzüm və meyvə bağları ermənilərə qaldı. Bunların hamısının dəyəri təxmini hesablamalarla 17,5 milyard ABŞ dolları təşkil edir. Bəli, ümumi hesabla qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından çox təşkil edir. 1988-ci ildə Qərbi Azərbaycandakı azərbaycanlı yaşayış məntəqəsinin 500-ə yaxın qəbiristanlığı erməni tapdağı altında qaldı və onların əksəriyyəti yer üzündən silinib. Bəzilərinin yerində park salınıb, bəzilərinin ərazisi şumlanaraq əkin sahəsinə çevrilib. Bəli, bu, bəşəriyyətə sığmayan erməni vandalizminin bariz nümunəsidir. Demokratik dəyərlərə və milli ənənələrə daim sadiq qalan, ən əziz və xoş günlərini, öz doğum gününü belə xalqı ilə birlikdə keçirən Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında soydaşlarımıza, bütün Azərbaycan xalqına daha bir xoş ismarıc verdi. Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı Qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacaqlarını bildirdi: "...Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur". Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər, gecə-gündüz həsrətini çəkdiyimiz doğma Xankəndiyə qovuşmağımız qarşımızda yeni perspektivlər açıb. Bu gün işğaldan azad olunan ərazilərə keçmiş məcburi köçkünlərimizin qayıdışı, bizim doğma Göyçəmizə yetişməyimizin də təməlini qoyub. Sonda 13 sentyabr 2002-ci ildə Goranboy rayonunun Ağcakəndində ümummilli lider Heydər Əliyevin göyçəlilərlə tarixi görüşündə, söylədiyi qızıl kəlamları xatırlatmaq istərdim: "Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm".

Zabit XƏLİLOV,

"Respublika".