Çadır düşərgələrindən başlayan yol
Sosial həyat

Çadır düşərgələrindən başlayan yol

Tarixin elə bir dönəmi gəldi ki, Azərbaycan çox ağır sınaqlar qarşısında qaldı. Dünyada qütbləşmə baş verir, qlobal çağırışlar fonunda təhdidlər artır, işğalçıya havadarlıq edilir. Bəzi ölkələr küncə sıxışdırılır, ziddiyyətlər poliqonu yaradılır. Vaxtilə Azərbaycan səmtini itirən sükansız gəmiyə bənzəyirdi, amansız dalğalar onu hər tərəfdən döyəcləyirdi.  Yaxın keçmişin işğal və köçkünlük ağrıları, 1992-1993-cü illərin dərəbəylik,  xaos, qıtlıq sindromu, yenicə əldə edilən müstəqilliyi itirmək təhlükəsi,  baş qaldıran vətəndaş müharibəsinin xofu,  xalqın  çarəsiz durumu, ölkəni bürüyən qaçqın və köçkün dalğası, ağ bayraqları xatırladan çadır düşərgələri,  törədilən terror və sui-qəsdlər, küçələrdə silahlı adamların dolaşmağı, hər an yaxalana biləcəyimiz təhlükələr, yaşadığımız ağır dönəmlər nəticə çıxara bilmək üçün ən yaxşı  ibrət dərsləridir.

Ermənistanın işğalı nəticəsində ata-baba yurdlarından didərgin düşən,  yataqxanaların balaca otaqlarında, yarımçıq tikililərdə, zirzəmilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin taleyinə ağır zərbələr dəydi. Yaxşı yadımdadır, həmin dövrdə ərzaq talonu almaq üçün günlərlə növbədə gözləməli olurduq. Ət, yağ, şəkər tozu talonla, adambaşına 300 qram verilirdi.  Yasamaldakı 5 nömrəli çörək zavodunun (həmin zavod sökülüb, yerində çoxmərtəbəli binalar tikilib) qarşısındakı  dükanda növbələr gecə saat 2-3-dən başlayırdı.  Ən məhsuldar torpaqlar işğal edilir, on minlərlə insan bir daldalanacaq tapa bilmir, iş yerləri bağlanır, apteklərdə dava-dərman tapılmır, adamlar naümid qalır, arzular puç olurdu.  Xaos, anarxiya zil qaranlıq kimi başımızın üstünə çökmüşdü. 

Rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edirdi.  Dərəbəylik baş alıb gedir,  insanlar aclıqla imtahana çəkilirdilər.  Bir sözlə, Azərbaycan dərin bir uçurumun kənarındaydı. Belə çıxılmaz bir durumda  xalq öz oğluna,  görkəmli dövlət xadimi,  böyük siyasətçi,  qətiyyətli iradə sahibi, lider bacarığı ilə dünyada tanınan Heydər Əliyevə üz tutdu,  xalqın haqlı və təkidli tələbi ilə ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı. Azərbaycanı tükənməz bir məhəbbətlə sevən Heydər Əliyev onu uçurumdan,  parçalanmaqdan,  kölə vəziyyətinə düşməkdən xilas edərək ümummilli lider zirvəsinə  ucaldı. Dahi insanın təbirincə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin və şərəflidir. Ulu öndər, ilk növbədə, cəbhədə atəşkəsə nail oldu və sülhpərvər mövqeyinə görə Azərbaycan Avropa Birliyi, beynəlxalq təşkilatlar tərəfindən  güclü dəstək qazandı.

Bugünkü inkişafın və tərəqqinin bünövrəsi məhz 29 il bundan əvvəl qoyulub. Bu illər ərzində istər diplomatik,  istərsə də  iqtisadi,  siyasi,  hərbi baxımdan planlı və ardıcıl iş aparılıb.  Ordu quruculuğunun və diplomatik səylərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.  Qeyd edək ki, bu dövrdə ölkənin siyasi və iqtisadi durumunda sabitlik yaradıldı,  sürətli inkişaf üçün proqram müəyyən edildi. Eyni zamanda Heydər Əliyev Azərbaycan xalqının Qarabağın işğalı ilə barışmayacağını qətiyyətlə bildirərək beynəlxalq tribunalardan Ermənistanın hərbi təcavüzünə son qoyulmasını tələb edir,  bəyanatlar səsləndirirdi.  Beynəlxalq təcrübəyə əsasən münaqişə baş verən regionlarda bərpa və yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən yalnız tərəflər arasında sülh  sazişi imzalandıqdan sonra maliyyələşdirilir. Buna baxmayaraq, Heydər Əliyevin müdrik siyasəti sayəsində  Azərbaycanda  işğaldan zərər çəkmiş ərazilərin bərpası BMT və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən  Dünya Bankı  və İslam İnkişaf Bankı, donor ölkələrin maliyyə  dəstəyi hesabına aparılmağa başlandı.  Dünya  təcrübəsində  analoqu  olmayan  bu hal  Heydər Əliyev siyasəti  və zəkası hesabına Azərbaycanı humanitar fəlakətin astanasından inkişaf  və tərəqqi yoluna  çıxardı.  O ağır illərdə ulu öndər dünyanın nüfuzlu neft şirkətləri ilə ilk neft kontraktını imzaladı,  Azərbaycan öz sərvətinin sahibi olmaqla yanaşı,  həm də dünyada böyük nüfuz qazandı. Və neftdən əldə olunan ilk gəlirlər  qaçqın  və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasına yönəldildi.  Belə ədalətli və humanist qərar Heydər Əliyevin böyüklüyünü,  həm də xeyirxahlığını  təcəssüm etdirdi.

Ömür vəfa etmədi, ümummilli liderin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri həll etmək onun layiqli varisi İlham Əliyevin çiyinləri üzərinə düşdü. 2003-cü ildə  seçicilərin böyük səs çoxluğu ilə Prezident seçilən cənab İlham Əliyevin qarşısında üç əsas məsələ dayanırdı. Ölkənin iqtisadi gücünü artırmaq, müasir ordu quruculuğu və torpaqların işğaldan azad edilməsi. Mübaliğəsiz demək olar ki, hər üç istiqamətdə misilsiz işlər həyata keçirildi. Bu gün güclü Azərbaycan qalib ölkədir, diktə edəndir, onunla hesablaşırlar, etibarlı tərəfdaşdır, dünyanın 120 ölkəsini əhatə edən Qoşulmama Hərəkatının sədridir. İqtisadiyyatı durmadan şaxələndirilir, Silahlı Qüvvələri istənilən döyüş tapşırığını,  hücum əməliyyatını yerinə yetirməyə qadirdir,  şəxsi heyətin döyüş ruhu çox yüksəkdir.  Ordumuz ən müasir silah və sursatlarla,  zirehli texnikalarla,  zenit-raket qurğuları,  hərbi hava qüvvələri və ən müasir hərbi texnikalarla  təchiz olunur.  Bütün bunlar Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yaxın tariximizə nəzər salanda aydın olur ki, düşmən üzərində qazanılan qələbənin təməli 1994-cü il Horadiz əməliyyatı ilə, sonra 2016-cı ilin dörd günlük Aprel zəfəri,  2018-ci il Günnüt qələbəsi ilə qoyulub. 

Nəhayət,  2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə son iki yüz illik münaqişəyə birdəfəlik son qoydu.  Vətən müharibəsi xalqımızın birliyini,  hünərini, əzmini, haqqını və mübarizəsini bir daha bütün dünyaya göstərdi. 2020-ci ilin payızında Azərbaycan qocaman tarixin sınağından qalibiyyətlə çıxaraq uzun illər havadarlarına arxalanan Ermənistanın işğalı altında qalan torpaqlarını azad etdi, düşməni ağır məğlubiyyətə uğratdı, şəhidlərin qisası döyüş meydanında alındı.  Rəşadətli ordumuzun bölmələri igidliklə, cəsarətlə, şərəflə döyüşərək düşmənin hərbi təcavüzü ilə üzləşən, ermənilər tərəfindən dağıdılan,  yandırılan,  xarabalığa çevrilən kəndlərə,  qəsəbələrə, şəhərlərə  daxil oldu və yurd yerlərinə üçrəngli Azərbaycan bayrağını sancdılar. İşğaldan azad edilən yerlərdə düşmən demək olar ki, bütün evləri, ictimai binaları,  məktəbləri,  uşaq bağçalarını,  mədəniyyət ocaqlarını tamamilə məhv edib, yolları dağıdıb. İndi Qarabağda və Şərqi Zəngəzurda insanı dəhşətə salan xarabalıqların yerində yaşayış məskənləri yenidən salınır.     

         

2021-ci il iyulun 7-də imzalanmış daha bir tarixi sənəd - "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" Vətən müharibəsinin əsas nəticələrindən birinə çevrildi.  Bu Fərmanla Zəngəzur dağ silsiləsi ilə əhatə olunan,  Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində,  Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda,  tarixən birlikdə,  habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmuş və ənənəvi sosial-iqtisadi,  tarixi-mədəni bağlara malik Zəngilan,  Qubadlı,  Cəbrayıl,  Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayonda - Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirildi.  Ağdam,  Şuşa,  Füzuli,  Tərtər,  Xocavənd,  Xocalı rayonları və Xankəndi şəhəri,  habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə,  əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsi Qarabağ iqtisadi rayonuna çevrildi.  Beləliklə,  SSRİ dövründə Azərbaycan xalqının üzləşdiyi daha bir tarixi ədalətsizliyi Prezident İlham Əliyev aradan qaldırdı: "…1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti,  hansı ki,  bunun yaradılmasının heç bir əsası yox id… Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə,  2021-ci ildə biz artıq bu qara səhifəni də qapadıq.  Artıq 7 iyul  tarixdə qalacaq.  Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı,  tarixi ədalət bərpa edildi".

Çadır düşərgələrindən başlanan yol qədim Xankəndi küçələrində keçirilən hərbi paradın təntənəsinə çevrildi, doğma yurd yerlərinə qayıdan köçkünlərin həyatına xoşbəxtlik gətirdi. Bu çətin, keşməkeşli, tarixi qələbə yolunun memarı cənab İlham Əliyevdir, vaxtilə çadırlarda yaşayan insanlar indi yeni və müasir evlərdə yaşayır, övlad böyüdür, sevinclərini bölüşürlər...

Salman ALIOĞLU,

"Respublika".