Çay üstündəki qalanın növrağı
Digər xəbərlər

Çay üstündəki qalanın növrağı

Dörd bir tərəfdən dağlarla əhatə olunan, bol sulu çayların keçdiyi Kəlbəcərin füsunkar gözəlliyi çox heyrətamizdir, yurdumuzun bu dilbər guşəsi ana təbiətin canlı muzeyidir desək heç də yanılmarıq. Zirvəsində qartalları qanad çalan dağ silsilələri öz ətəklərini xalı kimi elə bil Kəlbəcərin ayaqları altına sərib. Qədim türk dilində Kəlbəcər sözünün mənası çay üstündə qala deməkdir və bu qədim yaşayış məntəqəsinin yerləşdiyi ərazidə Tərtərçay boyunca cərgə ilə düzülmüş yaşı min illərlə ölçülən mağaralar mövcuddur. Zəngin və sıx meşələrin üzük qaşı kimi dövrəyə aldığı Kəlbəcər həm də mineral bulaqlar diyarıdır. Dərdlərə dərman olan, dirilik suyu adlanan məşhur İstisu, zirvəsində qarı-çovğunu, dumanı-çəni əskik olmayan Murov dağının əzəməti, Dəlidağın seyrangahı, yaylaqları, saf havası, diş göynədən bulaqları, zəngin bitki örtüyü, ceyran-cüyür sürüləri burada təbii bir harmoniya yaradır və bu bənzərsiz gözəlliyə görə haqlı olaraq Kəlbəcəri Qafqazın İsveçrəsi adlandırırlar.

Mütəxəssislərin araşdırmalarına görə rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunun da 200-ü dərman bitkisidir. Tərtərçay dərəsi boyunca göz işlədikcə baxanda nadir və ecazkar bir gözəllik insanı valeh edir. Vaxtilə Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicəvi əhəmiyyətə malik olan mineral su yataqları bu diyarın zəngin sərvətlərindən biridir. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Kəlbəcərin bütün sərvətləri vəhşiliklə talan edilib, dağıdılıb. Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğala məruz qalıb. Hərbi təcavüz və işğal nəticəsində rayonun 58 mindən artıq əhalisi məcburi köçkün taleyi yaşayıb, dinc əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Erməni işğalı insanların taleyinə ağır zərbələr vurub, işğalçılar Kəlbəcərdə qanunsuz məskunlaşma aparıblar.

Düşmən azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlərə və işğala cavab verməli oldu. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi qəhrəman Silahlı Qüvvələrimizin bölmələri tərəfindən işğalçılardan azad edildi. Vətən müharibəsində silahlı qüvvələrimizin düşmən üzərində qazandığı tarixi qələbədən sonra məğlub edilən və diz çökdürülən Ermənistan məcbur edildi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana qaytarsın. Rayon ərazisində qeyri-qanuni məskunlaşan ermənilər buranı tərk edərkən öz xislətlərinə uyğun olaraq növbəti rüsvayçılığı törətdilər, evləri yandırdılar, ağacları doğradılar. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gücün, düşünülmüş siyasətin, müzəffər ordu bölmələrimizin igidliyi sayəsində ermənilər çox ağır bədəl ödədilər. Qeyd edək ki, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan tarixi qələbədən sonra diz çökən və ağ bayraq qaldıran Ermənistan məcbur edildi ki, Laçın, Kəlbəcər və Ağdam rayonlarını boşaltsın. İşğalçıları döyüş meydanında məhv edərək irəliləyən qəhrəman silahlı qüvvələrimizin bölmələrinin fədakarlığı erməniləri təşvişə və qorxuya saldı. Üçtərəfli Bəyanata görə Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Ermənistanın işğalından azad olunub. Ermənistan Kəlbəcərə köçürdüyü hayları oradan çıxartmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istədi. Rəsmi Bakı humanizm prinsiplərini əsas götürərək özgə torpağında məskunlaşmaya cəhd etmiş ermənilərə 10 gün əlavə vaxt verdi. Yalvarıb, ağlayıb möhlət istəyən ermənilər evləri dağıtdılar, binaları, tikililəri talan etdilər, meşələri qırdılar, ekoloji terror törətdilər. Ermənilər Kəlbəcəri tərk edərkən rayonun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırdılar. Çirkin erməni xəbisliyi öz murdarlığını bir daha göstərdi. Bütün ağrılara, yaralara baxmayaraq tarixi Qələbədən sonra Kəlbəcər rayonunun da bərpa və yeni dirçəliş dövrü başlayıb. Aparılan işlərin miqyası və infrastruktur layihələrin icrası onu göstərir ki, Kəlbəcər yaxın zamanda inkişaf etmiş rayona çevriləcək, bu cənnət yerlər turizm məkanı kimi şöhrət qazanacaq. Düşmənin vandallıq və qatı nifrətlə dağıtdığı Kəlbəcər öz tarixinin yeni səhifəsinə qədəm qoyur. Ən mühüm nəqliyyat qovşağı hesab edilən Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunan 11.6 kilometrlik tunel regionda ən böyük logistik layihə hesab olunur. Çətin relyefdə, sıldırım qayaların və dağların əhatəsindən çəkilən, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometrdir. Avtomobil yolu Qarabağın və Şərqi Zəngəzurun inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Bundan başqa Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi də davam etdirilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.

Çətin relyefə baxmayaraq, rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd komplekt transformator məntəqələri quraşdırılıb. Bir sözlə, Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün əsaslı işlər görülür. Kəlbəcərin Zar kəndi istiqamətində 35 kV-luq izolyasiyalı xətlərin çəkilişinə başlanılıb və bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, naqillər çəkilir. Bundan başqa, Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır. Kəlbəcər rayonunun ərazisindən keçən bolsulu Tərtər çayı üzərində yerləşən "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyası "AzərEnerji" tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq dağ çayları üzərində kiçik su elektrik stansiyaları qurulur. "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasında baş suqəbuledici qurğu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Avqustun 26-da dövlətimizin başçısı İlham Əliyev "Soyuqbulaq" stansiyasının açılışını edib. Həmin gün Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Avqustun 26-da Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Zar kəndinin tarixi çox qədimdir və bu yaşayış məntəqəsi Qarabağ yaylasının ətəyində yerləşir. Kəndin adına ilk dəfə XIII əsrə aid mənbələrdə rast gəlinir. Kənddən eyniadlı çay keçir. Zar kəndi də ermənilər tərəfindən tamamilə dağıdılıb. Qeyd edək ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası aparılacaq. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.

Dövlətimizin başçısı vaxtaşırı işğaldan azad edilən torpaqlara səfəri zamanı aparılan genişmiqyaslı işlərə, icra edilən layihələrə nəzarət edir, tövsiyələrini və tapşırıqlarını verir. 2022-ci il iyunun 26-da Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında işğal illərində vasitəçilər tərəfindən müxtəlif variantlar təklif edildiyini xatırladan dövlətimizin başçısı deyib: "Bütün bu variantlarda Kəlbəcərin Azərbaycana qaytarılması məsələsi ayrıca mövzu kimi gündəlikdə idi. Mən hər zaman deyirdim ki, biz bütün torpaqları geri almalıyıq. Beş rayonla biz kifayətlənə bilmərik. Kəlbəcər, Laçın, Şuşa, digər rayonlar da bizdə olmalıdır, bu, bizim tarixi torpağımızdır, dədə-babalarımızın diyarıdır və buna nail olduq. Kəlbəcərdə bu hərbi bayramı keçirmək əlavə zövq verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur. Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik".

Ümumiyyətlə Kəlbəcər rayonunda çoxsaylı layihələr uğurla və sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub. Dərin inam hissi ilə bildirək ki, Kəlbəcər rayonunun sakinləri də tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar. Bir il bundan əvvəl iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında çıxışı zamanı Prezidentimiz İlham Əliyev bildirib ki, biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik.

Salman ALIOĞLU,

"Respublika".