Mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfər edərək bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov səfər zamanı İsmayıllı şəhərinin mərkəzində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baş çəkib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan tarixi tikili dördbucaqlı plan quruluşuna malikdir, divarları çaylaq daşı ilə hörülüb. Üç giriş qapısından birinin üstündə daş kitabə həkk olunub.
Sonra İsmayıllı rayonunun Diyallı kəndinə gələn nazir buradakı mədəniyyət evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib. Hər iki mədəniyyət ocağı 1985-ci ildə tikilən binanın müvafiq olaraq 1-ci və 2-ci mərtəbələrində yerləşir. Kitabxana filialının 12 minə yaxın kitab fondu var.
Səfər çərçivəsində Anar Kərimov İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə də tanış olub. Nazirə məlumat verilib ki, Mədəniyyət Mərkəzi 1976-cı ildən fəaliyyət göstərir, 2014-cü ildən Ulu Öndərin adını daşıyır. Mərkəzdə Xalq teatrı, "Niyal" instrumental ansamblı fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzində nazir Anar Kərimovun İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüşü keçirilib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.
Anar Kərimov çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.
Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib. Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb. Bildirib ki, nazirlik tərəfindən bu istiqamətdə də layihələr həyata keçirilir. İyun ayında nazirliyin "Kommunikasiya meneceri" layihəsi çərçivəsində regional mədəniyyət idarələri üzrə media menecerlərinin bilik və bacarıqlarının artırılması məqsədilə ADA Universitetində treninqlər təşkil edilib. Bölgələrdəki muzey işçiləri üçün də müvafiq təlimlərə başlanılıb. Həmçinin kitabxana işi və digər sahələr üzrə peşə bacarıqlarının təşviqi istiqamətində layihələr nəzərdə tutulur.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
AZƏRTAC