Çaylara gələn sudan səmərəli istifadə edilir
İQTİSADİYYAT

Çaylara gələn sudan səmərəli istifadə edilir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, son günlər ölkə ərazisində havaların yağıntılı keçməsi nəticəsində Qarabağdan gələn çaylarda da suyun səviyyəsi artıb. Ağdam ərazisindən keçən Xaçınçay və Qarqarçaya sel gəlib. Bunun üçün də Ağdamın hazırda yaşayış olan məntəqələrində sel sularının törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xaçınçayın Ağdam ərazisindən keçən hissəsinə su Xaçınçay Su Anbarından gəlir. Tutumu 23 milyon kubmetr olan anbar hazırda tam dolub. Qəza sutullayıcısından çıxan su isə Ağdamın yaşayış məntəqələrindən keçərək Kür çayına axır. İki gün gələn güclü selin Qərvənd və yaxın yaşayış məntəqələrinə ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.

Sel sularının gəlməsi nəticəsində Xaçınçay Su Anbarı tam dolub və çayda olan su gölün qəza sutullayıcı hissəsindən gələn sulardır. Rayon ərazisindən normalara uyğun şəraitdə keçən su heç bir zərər verməyib. Gələn sudan suvarmada da istifadə edilir. İdarə gücləndirilmiş iş rejimində işləyir, bütün tədbirlər görülərək suyun maneəsiz axını təmin edilib.

Çaya gələn seldən fermerlər səmərəli istifadə edirlər. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyuları fəaliyyətlərini dayandırıb. Sakinlər dağlardan gələn minerallarla zəngin çay suyundan istifadə edirlər.

Hazırda Qarqar çayında 30-35 kubkilometr, Xaçın çayında isə 40-45 kubkilometr su var. Xaçın çayının yuxarı hissəsində Əliağalı kəndində Xaçınçay Su Anbarı var ki, həmin anbarın tutumu 23 milyon kubmetrdir, anbar tam dolub. Sel suları heç bir torpaqlara, fermerlərə fəsad verməyib. Suyun bolluğunu nəzərə alaraq elektrik enerjisinə qənaət etmək məqsədilə Qərvənd kəndində 28, Qarqar çayında isə 41 ədəd artezian quyusu dayandırılıb.

Növbəti günlərdə də çaya suyun çox gələ biləcəyini nəzərə alaraq, idarə tərəfindən texnikalar ərazidə saxlanılır.

Nəriman CAVADOV,

"Respublika".