Cəbrayıl: Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir
Region

Cəbrayıl: Ailə Sağlamlıq Mərkəzi fəaliyyət göstərir

İşğaldan azad olunmuş yurd yerlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Cəbrayıl şəhərində artıq bu işlərin gözəl nümunələri yaranmaqdadır. Ailə Sağlamlıq Mərkəzi keçən ilin noyabr ayında Cəbrayıl şəhərində fəaliyyətə başlayıb.  Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Anar Zamanovla söhbət edərkən öyrənirik ki, işğaldan azad edilmiş Cəbrayıl şəhərində fəaliyyətə başlayan mərkəz TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb. Anar Zamanov deyir:

- ASM-in açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak etdilər.  Mərkəz 6 otaqdan ibarətdir.  Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərir.  Hər növbədə həkim,  tibb bacısı,  sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətindədir.  Mərkəzdə təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və ambulansla tam təchiz olunub.  Ailə Sağlamlıq Mərkəzinə fəaliyyətə başladığı gündən indiyə kimi 250-dən çox müraciət qəbul olunub və tibbi xidmət göstərilib.  Mərkəz  USM və EKQ cihazları, dərman preparatları ilə təmin olunub.  Yeri gəlmişkən deyim ki, ASM ilə yanaşı,  Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının kollektivi əhaliyə nümunəvi səhiyyə xidməti göstərmək üçün bütün imkanlardan istifadə edir. İlk növbədə Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsi operativ şəkildə vətəndaşların xidmətindədir.  Şöbədə 4-ü həkim olmaqla 24 tibb və qeyri-tibb işçisi çalışır.  6 operativ nəqliyyat vasitəsi 24 saat fasiləsiz xidmət aparır.  Xəstəxana 2005-ci ildə istifadəyə verilib.  Biləsuvar rayonu ərazisində 3 saylı məcburi köçkün qəsəbəsində yerləşir.  50 çarpayılıqdır.  10 çarpayı Ginekologiya və Doğum şöbəsi,  40 çarpayı isə Terapiya şöbəsi.  Xəstəxana binasında son bir neçə ay ərzində idaretmə aparatı, sığortanın təşkili və innovasiya şöbəsi, maliyyə şöbəsi, insan resursları şöbəsi, ümumi şöbə, dəstək xidmətləri şöbəsi, xəstə xidmətləri şöbəsi, tibb bacıları şöbəsi, poliklinika şöbəsi, ginekologiya, doğum şöbəsi və digər şöbələrdə təmir işləri aparılıb.

Əhali ilə sıx işləmək, sakinləri narahat edən məsələlərin həllində onlara yardımçı olmaq səhiyyə xidmətində prioritet hesab olunur. Bu məqsədlə biz vətəndaşların qəbuluna xüsusi diqqət yetiririk. Ay ərzində 5 dəfə vətəndaşların qəbul günlərini keçiririk.  

Artıq bir neçə ildir ki, vətəndaşlar icbari tibbi sığortanın yaratdığı imkanlardan asanlıqla yararlanır, dövlət və özəl xəstəxanalara göndərişlə təmin edilirlər. Yola saldığımız 2022-ci ilin oktyabr ayında 226 nəfər dövlət xəstəxanalarına, 34 nəfər özəl tibb müəssisələrinə, noyabr ayında 179 nəfər dövlət xəstəxanalarına, 28 nəfər özəl xəstəxanalara, dekabr ayında 211nəfər dövlət, 48 nəfər özəl xəstəxanalara göndərişlə təmin olunub.

Tofiq HÜSEYN,

“Respublika”.