Çərşənbələrin ilki - Su çərşənbəsi
Maraqlı

Çərşənbələrin ilki - Su çərşənbəsi

Hər fəslin öz gözəlliyi var, ancaq yaz təbiətin ən gözəlidir. Çünki bu fəsildə həyat təzələnir, qan qaynayır, torpaq insanı özünə çəkir. Cütçülər nəğmə oxuya-oxuya kotanını işə salır, torpaq sığallanır, tumarlanır, əkin-biçin başlayır. Torpaq da zümzümə edir: öldür məni, dirildim səni deyir. Bu fəsil bir də ona görə gözəldir ki, o, bizə xonçalı, qonçalı Novruzu gətirir.

Milli-mənəvi irsimizin qorunması və tanıdılması hər birimizin borcudur.  Hər bir xalqın mədəniyyəti, mənəvi əxlaqı, dünyagörüşü onun bayramlarında öz əksini tapır. Azərbaycanda qədimlərdən bayramların sayı çox olub. Bu baxımdan, çillələrin də, Novruz çərşənbələrinin də xalqımızın bayram təqvimlərində mühüm yeri vardır. Novruz xalqımızın milli-mənəvi dəyərlərinin ən qədim və zəngin tarixə malik bayramlarından biridir. Novruz adətləri bu gün də ilkin  mühafizəkarlığını aşağıdakı şəkildə qoruyub saxlamışdır:  su, od, yel (hava) və torpaq çərşənbəsi. Bu çərşənbələrin hər birinin  özünəməxsus mərasimləri var. Mərasimlərdə xalqımızın dünya və  kainat  haqqında ilkin təsəvvürləri öz əksini tapmışdır. Bu mərasimlərin həyata keçirilməsi Novruzun əsas ünsürü olan  su çərşənbəsi ilə başlayır.

Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su çərşənbəsi ilk olaraq  qeyd edilir. Xalq arasında o, "Əvvəl çərşənbə", "Gözəl çərşənbə", "Sular Novruzu", "Gül çərşənbə", "Selçərşənbə", "Zəmzəm çərşənbə", "Çillibeçə çərşənbə" kimi də tanınır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur. Su sağlamlıq, paklıq, müqəddəslik, dirilik, ölməzlik, xoşbəxtlik gətirən inam rəmzi kimi çıxış edir.

Arzularını, gördüyü yuxuları suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. su ilə bağlı ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsində   baharın ilk suyundan gətirilərdi. Su sübh tezdən götürülərdi ki, insan səsi eşitməsin. Əski inanclara görə, çərşənbə günü bütün dərdlərin dərmanı olan çərşənbə suyu dalınca gedərlərmiş. Amma bu işi hər adama tapşırmazlarmış. Həmin su dalınca dan yeri sökülənə kimi valideynlərin ilki sayılan, 15-16 yaşlı bakirə qızlar gedər, gümüş kuzələrlə üç və ya yeddi bulaqdan su götürər, dinməz-söyləməz evə gətirib qablara boşaldana kimi heç kimlə danışmaz, yerə baxarlarmış. Məhz buna görə də, bu "lal su" adlanarmış. Bu "işi" görən qızlar yolda tanış bir adama rast gəlsəydilər, üzlərinə su çiləyər, bu yolla bulaqdan "lal su" gətirdiyini xəbər verərdilər. Bəzən onları ya nişanlıları, ya da qohumları müşahidə edərdilər ki, suyun "müqəddəsliy"inə xələl gəlməsin. Tatarların Narduqan (Gündoğan) bayramında da bu mərasim keçirilir. Dədə-babalarımız inanıblar ki, bu çərşənbədə sellər aşıb-daşır,  bütün azar-bezar qar ilə bərabər yuyulub gedir. İnanca görə, axar suyun qarşısı kəsilməməlidir. Suyun qabağını kəsəni Tanrı cəzalandırar.  Babalarımız suyu canlı varlıq kimi görmüşlər. Folklor nümunələrimizdə su kultundan istifadə buna sübutdur. Qazan xanın çay ilə söhbəti bunun bariz nümunəsidir.  Buna görə də ilk çərşənbə "Axar sular Novruzu" və ya "Sular toyu"  da adlandırılmışdır.  Suyu müqəddəs sayan xalqımız "Su bulandıranı el utandırar", "Suya tüpürməzlər", "Suya söyməzlər" və s. bu kimi inancları, "Su haqqı", "Suyun sovulmasın", "And olsun axar suya", "Ömrün su qədər olsun" kimi andları qoşmuşlar.  Səfərə çıxanın arxasınca su atıb "Yolun aydın olsun!" deyirlər ki,  Tanrı köməyinə çatsın.

Suyun müqəddəsliyi qədim türk miflərindən  qaynaqlanır. Qədim miflərə görə suyun yiyəsi vardır. El arasında "Suyun anası", "Suyun yiyəsi", "Novruzun anası" adlanan ifadələrə də rast gəlinir. Su elə müqəddəsdir ki, axır çərşənbə çaylar dayanır, ağaclar baş əyib alnını suya söykəyir.

Suyun "tale göstərmə" funksiyasına inanan əcdadlarımız  "Tas falı" ("Qızlar desin", "Çərşənbə deyişməsi", "Kuzə falı", "Dilək falı" və s.) deyilən fal açma ilə həddi-büluğa çatmış qızların gələcəkdəki talelərinə baxmışlar. Bu vəsfi-hal mərasimi "Üskük çıxarma"  falıdır. Bir camın içərisinə hərə öz nişanəsini  - üzük, sırğa, düymə  atır, sonra qabın üzərinə dəsmal salınırdı. Nişanələri qabın içərisində iki-üç dəfə qarışdırıb bayatı deyilirdi, bir yeniyetmə qız uşağı əlini camın içərisinə salıb nişanənin birini sudan  çıxarırdı. Bayatını oğlan, qız, qadın, kişi, hər kəs  deyə bilərdi. Hər dəfə bayatı çağırılanda camdan kimin nişanəsi çıxsa onun diləyi həmin bayatı olan mətləbə uyğun yozulardı. Bayatı söylənilən anda, hələ nişanə  çıxmamış hiss olunurdu ki, həmin bayatıya uyğun kimin üzüyü, nişanəsi çıxa bilər:

Sarı yağın tortası,

Sarı kilimin ortası.

Allah muradın versin

Gələn ayın ortası.

Bu mərasim  səhərə kimi davam edir. Günəş doğandan sonra mərasim iştirakçılarının su üstünə gedib çillə kəsdirməsi, əl-üzünü yumaları,  niyyət edib suyun üstündən tullanaraq "ağırlığım-uğurluğum bu sulara", "ağırlığımı su götürsün" deməsi ilə başa çatır.

Xalq əfsanələrində, məhəbbət və qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə yanaşı, suyun dirilik rəmzinə də rast gəlinir. Qəhrəmana güc, qüvvə, qeyri-adi qabiliyyət verən vasitələrin biri də sudur. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Nizaminin "İsgəndərnamə"sində göstərilir ki, dirilik suyu içmək Xızıra nəsib olur. "İsgəndərnamə"də İsgəndər dirilik suyunu axtarıb tapa bilməsə də, onun hikmətini dərk edir. "Koroğlu" dastanındakı Qoşabulaq da dirilik bulağı, ölməzliyin rəmzidir. Qoşabulağın suyundan içəndən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik, Qırata qeyri-adi xüsusiyyətlər verilmişdir.

Su Tanrının müqəddəs nemətlərindən biridir. Suyu müqəddəs bilən xalqımız bu çərşənbədə su ilə bağlı ayinləri həyata keçirərək bayramın ilk günlərini qarşılayır. Suyun qüdrətinə inanan dədə-babalarımız su ilə əlaqədar müdrik sözlər söyləmiş, mahnılar bəstələmiş, şeirlər qoşmuşlar:

Qışda sülhü buz ilən,

Yazda salar dava su.

Dillənməyir söz ilən,

Çəkir ağalar nəva su.

İlk - su çərşənbəniz mübarək!

Almara NƏBİYEVA,

"Dədə Qorqud" elmi-tədqiqat

laboratoriyasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru.