Gəncliyin sirri bu meyvədə gizlənibmiş...
Yay mövsümünün əvəzolunmaz meyvələrindən biri olan gilas yalnız görünüşü və dadı ilə deyil, saysız-hesabsız faydalarına görə də seçilir. Elm adamları vitamin və mineral "anbarı" olan bu möcüzəvi meyvənin beyin sağlamlığından tutmuş, həzm problemlərinə qədər bir çox xəstəliklərdə faydalı olduğunu söyləyirlər. Massaçusets Universitetinin alimlərinin bu yaxınlarda apardıqları araşdırma zamanı gilasın tam bir "cavanlıq meyvəsi" olduğu ortaya çıxıb.
Mütəxəssislərin dediyinə görə, bu meyvə bir çox ciddi xəstəliklərin qarşısının alınmasına kömək edir. Güclü antioksidant xüsusiyyəti ilə seçilən gilasın xərçəngin "qənimi" olmaqla yanaşı, ürək-damar sisteminə də müsbət təsir etdiyi qeyd edilib. Bilavasitə meyvə tərkibindəki C vitamini, karotenoid və flavonoidlər (antosiyaninlər) kimi antioksidantlar sayəsində sərbəst radikalları neytrallaşdırmaqla yaşlanma əleyhinə güclü təsirə malikdir. Həmçinin meyvənin tərkibindəki oksidləşdirici maddələrin ürək-damar, sinir sisteminin zəifləməsi, görmə, yaddaş itkisi, makula degenerasiyası, saç tökülməsi, dərinin qırışması, kolon və prostat xərçəngi kimi problemlərin də qarşısını ala biləcəyi vurğulanıb.
Antioksidant zənginliyi baxımından immuniteti gücləndirən gilasın xüsusilə bakterial, viral, göbələk infeksiyalarından qoruduğu, eyni zamanda artrit və iltihabın da qarşısının alınmasında effektiv təsir etdiyi bəlli olub.
Mütəxəssislər antiinflamatuar xüsusiyyətlərə sahib olan bu bitkinin həm də, aşağı glisemik indeksə (gl) malik olduğunu deyirlər. Diabet xəstələri və ya bu risk altında olanlar üçün gilasın qan şəkərini və insulinin səviyyəsini tənzimləmək üçün əla bir seçim olduğu bildirilib. Bütün bunlarla yanaşı, beyni gücləndirən xüsusiyyətilə də tanınan bu meyvənin tərkibindəki antosiyaninlər sayəsində idrak funksiyası, sinir sisteminə müsbət təsir etməklə, yaddaş itkisinin qarşısını aldığı və Alzheimer xəstəliyindən qoruduğu düşünülür. Üstəlik gilas serotonin, melatoninlə birlikdə yuxu keyfiyyətini yaxşılaşdıraraq, yuxusuzluq və yuxu pozğunluğu kimi xəstəliklərlə mübarizə aparmağa kömək edir.
Ürəyiniz yeni üsulla bərpa olunacaq
Yeni araşdırmaya görə, bioloji olaraq parçalana bilən bir gelin infarktdan sonra toxumaları və infarkt nəticəsində yaranan zədələri bərpa edə biləcəyi ortaya çıxıb. Mançester Universiteti və Britaniya Ürək Fondunun tədqiqatçıları gelin hüceyrələri birbaşa ürəyə çatdıra bilməklə yanaşı, onların inkişafına və böyüməsinə kömək edəcəyini söyləyirlər.
Təcrübə zamanı tədqiqatçılar geli sağlam siçanlara yeridiblər və iki həftə ərzində onun ürəkdə qaldığını müşahidə ediblər.
"Bu kəşfin hələ ki, yeni olmasına baxmayaraq, infarktdan sonra ürəyin bərpasına kömək edə bilmə potensialı çox böyükdür", - deyə tədqiqat rəhbəri Katharine King bildirib.
Tədqiqat işi Britaniya Kardiovaskulyar Cəmiyyətinin konfransında təqdim olunub. Elm adamları uzun illərdir ki, ürək çatışmazlığı riskini azaltmaq üçün zədələnmiş ürəyə yeni hüceyrələr çatdırmağın yollarını axtarırdılar. Lakin birbaşa ürəyə vurulan hüceyrələrin yalnız 1 faizi sağ qalırdı.
Ürək əzələsi hüceyrəsi yetişdirmək məqsədilə proqramlaşdırılmış insan hüceyrələrini gelə əlavə edən alimlər üç həftə ərzində onları bir qabın içərisində böyüdüblər. Komanda bu texnologiyanın canlı ürəkdə işləyə biləcəyini sübut etmək üçün siçanların üzərində sınaqdan keçiriblər. Gəmiricilərə vurulan gelin iki həftə ərzində onların ürəyində qaldığı müşahidə edilib. Bu ərəfədə, həmçinin ürəyin elektrik aktivliyi də qeydə alınıb və yeni texnologiyanın təhlükəsiz olduğu təsdiqlənib.
Komanda bu təcrübəni gələcəkdə infarkt keçirən siçanlar üzərində sınaqdan keçirməyi planlaşdırır.
Zəncəfil hipertoniyanın çarəsidirmi?
Yüksək qan təzyiqi səviyyəsinin aşağı salınması məqsədilə aparılan araşdırma zamanı, zəncəfildən müntəzəm istifadənin xroniki xəstəliklərin qarşısının alınmasında faydalı ola biləcəyi ortaya çıxıb. Belə ki, amerikalı alimlərin hipertoniya xəstəliyi ilə əlaqədar apardıqları tədqiqatda, gündəlik zəncəfil istehlakı ilə xroniki xəstəliklər arasındakı əlaqə araşdırılıb.
18-77 yaş arası şəxslərin qatıldığı sınaqlarda ümumilikdə 4628 respondent (1823 kişi və 2805 qadın) iştirak edib. Nəticədə zəncəfilin bəzi xroniki xəstəliklərə, xüsusilə də hipertoniya və ürək-damar sisteminə qarşı potensial qoruyucu xüsusiyyətə malik olduğu məlum olub.
"Meyvə, tərəvəz, az yağlı süd və taxıl məhsulları ilə zəngin, lakin tərkibində doymuş yağlar olmayan qidalardan ibarət pəhrizə riayət etməklə, yüksək qan təzyiqini 11 mm Hg-ə qədər aşağı salmaq olar",- deyə ABŞ tibb mərkəzi Mayo Clinic-in tədqiqatçısı Jhonson qeyd edib.
Tədqiqatçılar yüksək qan təzyiqinin adətən heç bir əlamət göstərmədiyini, gizlin bir şəkildə irəlilədiyini və qəflətən ortaya çıxdığını söyləyirlər. Odur ki, mütəxəssislər xüsusilə 40 yaşdan yuxarı şəxslərin hər beş ildən bir səhiyyə müəssisəsinə gedib, müayinədən keçmələrini tövsiyə edirlər.
İnformasiya "Apetite" jurnalında dərc edilib.
Demans riskini artıran xəstəliklər
Yeni bir araşdırmaya görə, şəkərli diabet xəstəliyi olan, infarkt və ya insult keçirənlərin genetik olaraq risk altında olan biri ilə müqayisədə demansa yaxalanma ehtimalı üç dəfə çoxdur. İngiltərənin Oksford və Ekseter universitetlərinin mütəxəssisləri şəkərli diabet xəstəliyi olanların demansa daha çox meyilli olduğunu söyləyirlər.
"The Lancet Healthy Longevity" jurnalında dərc edilən xəbərdə, həmçinin şəkərli diabet, insult və ya infarkt olan insanların demansa düçar olma riskinin heç bir xəstəliyi olmayan, sağlam insanlardan üç dəfə çox olduğu bildirilib.
200 mindən çox iştirakçının nümunələrindən əldə edilən nəticələr idmanın və sağlam pəhrizin vacibliyini bir daha sübut edib. Təcrübə zamanı təxminən 20 min iştirakçıya üç kardiometabolik vəziyyətdən biri olan diabet, insult və ya infarkt diaqnozu qoyulub. Bir insanda bu üç xəstəliyin sayı artdıqca demans riskinin də bir o qədər yüksək olduğu qənaətinə gəlinib.
"2050-ci ilə qədər dünyada 135 milyon insanın demansdan əziyyət çəkəcəyini hesab edirik. Ürəklə bağlı hər hansı problemi olan birinin demans inkişaf etdirmə riskinin genetik risk daşıyandan daha çox olduğunu gördük. Anadangəlmə genetik xəstəlik riski olsa belə, ömrü boyu ürək və metabolik sağlamlığın qayğısına qalmaqla demans riskini azaltmaq mümkündür", - deyə Xin You Tai qeyd edib.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".