Çin və Azərbaycan bəşəriyyətin ortaq tale cəmiyyətini birgə quraraq əbədi dostluğun tarixinə yeni bir səhifə yazır
Siyasət

Çin və Azərbaycan bəşəriyyətin ortaq tale cəmiyyətini birgə quraraq əbədi dostluğun tarixinə yeni bir səhifə yazır

2023-cü ilin dekabrında Pekində xarici siyasət işləri üzrə müşavirə keçirildi. Müşavirədə Çin Xalq Respublikasının Sədri Si Cinpin nitq söylədi. O, çıxışında yeni dövrün Çin xüsusiyyətli böyük dövlət diplomatiyasının tarixi nailiyyətlərini və dəyərli təcrübəsini sistemli şəkildə nəzərdən keçirdi, beynəlxalq vəziyyəti və Çinin xarici siyasət işinin yeni tarixi missiyasını ətraflı şəkildə təsvir etdi, həmçinin indiki və gələcək dövrlər üçün Çinin xarici siyasətinin hərtərəfli planlarını açıqladı. Müşavirədə bəşəriyyətin ortaq tale cəmiyyətinin qurulması - Si Cinpinin diplomatiya ideyalarının əsas konsepsiyası olduğu aydın şəkildə qeyd edildi. Məhz bu, yeni dövrün Çin xüsusiyyətli böyük dövlət diplomatiyasının məqsədini əks etdirir.

Bəşəriyyətin gələcək taleyinə böyük məsuliyyətlə yanaşan Çin Xalq Respublikasının Sədri Si Cinpin insan cəmiyyətinin əbədi məqsədi üzərində düşüncələrini bölüşdü. Suallara yaradıcı yanaşaraq o, bəşəriyyətin ortaq tale cəmiyyətinin qurulması konsepsiyasını irəli sürdü, bu da bəşəriyyətin sülh, inkişaf və rifah üçün arzularının ən parlaq ortaq məxrəci və Çinin daha yaxşı bir dünya qurmağa dair müdrik töhfəsi oldu.

Çin Xalq Respublikasının Sədri Si Cinpin bu ən vacib konsepsiyasını müxtəlif beynəlxalq tədbirlərdə sistemli şəkildə təqdim edir, bəşəriyyətin ortaq tale cəmiyyətinin qurulması fikrini Çin təşəbbüsündən beynəlxalq birliyin ümumi arzusuna qədər irəli sürürdü. Bu uzaqgörən ideyanın əsasında müxtəlif təcrübələr həyata keçirilir, tam elmi sistem formalaşır, bu da zəmanəmizin inkişafının fövqündə dayanır. Nəticədə, bu konsepsiya uzunmüddətli sülh, ümumi təhlükəsizlik, birgə rifah, açıqlıq və inklüzivliyin hökm sürdüyü təmiz və gözəl bir dünya yaratmaq istiqamətində elmi cəhətdən əsaslandırılmış bir sistemə çevrildi. Bunu həyata keçirmək üçün ümumi faydalar prinsiplərinə əsaslanan qlobal idarəçiliyi təşviq etmək lazımdır. Bununla yanaşı, ümumbəşəri dəyərlərə sadiq qalmaq, qarşılıqlı hörmətə, dürüstlüyə və ədalətə əsaslanan və bütün tərəflər üçün faydalı əməkdaşlıqda yeni beynəlxalq münasibətlərin formalaşdırılmasına kömək etmək, qlobal inkişaf üzrə, bəşəriyyətin qlobal təşəbbüsünü həyata keçirmək, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq vacibdir.

Çinin təşəbbüsü beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

Hazırda yüzillik ərzində görünməmiş, dərin dəyişikliklər daha sürətlə baş verir. Dünya yeni turbulentlik və transformasiyalar dövrünə daxil olub. Bir çox qlobal risklər və çağırışlarla üzləşən heç bir dövlət buna təkbaşına tab gətirə bilməz. Yalnız həmrəylik və əməkdaşlıq çətinlikləri birgə dəf etməyə kömək edə bilər. Çin Xalq Respublikasının Sədri Si Cinpin xarici siyasət işi üzrə mərkəzi müşavirədə bərabərhüquqlu, nizamlı çoxqütblülük və hamı üçün əlçatan, inklüziv iqtisadi qloballaşma lehinə çıxış etdi ki, bu da qlobal risklər və çağırışlar qarşısında effektiv həllər kimi dəyərləndirilməlidir.

Bərabərhüquqlu və nizamlı çoxqütblü dünya, bütün böyük və kiçik ölkələrin bərabər olduğu, hegemonizmin və güc siyasətinin rədd edildiyi, həqiqətən beynəlxalq münasibətlərdə demokratiyanın irəli çəkildiyi bir dünyadır. Bərabərhüquqlu və nizamlı çoxqütblü dünyanın təbliği bir çox ölkələrin və xalqların ortaq istəklərinə uyğundur, beynəlxalq ictimaiyyətin xaosdan uzunmüddətli sülh və sabitliyə doğru hərəkət etməli olduğu istiqaməti göstərir və bəşəriyyətin ortaq tale cəmiyyətinin qurulmasına kömək etməklə, qlobal idarəçiliyi daha ədalətli və məntiqli şəkildə irəlilətmək üçün vacib yol açır.

Bu, hamı üçün əlçatan və inklüziv olan iqtisadi qloballaşma bütün ölkələrin, xüsusən də inkişaf etməkdə olan ölkələrin ümumi ehtiyaclarını ödəyən, ölkələr arasında və ölkənin daxili inkişafında qlobal resursların bölüşdürülməsi nəticəsində yaranan disbalansı uyğun şəkildə aradan qaldıran bir qloballaşmadır. Əhəmiyyətli olan əlçatan və inklüziv iqtisadi qloballaşma bütün bəşəriyyətin ümumi arzusu və düzgün yolu olaraq iqtisadi qloballaşmanı düzgün istiqamətdə aparacaq, dünyanın qarşılaşdığı bir sıra ciddi problemlərin və çağırışların həllində Çinin müdrikliyinə öz töhfəsini verəcək və bəşəriyyətin ortaq tale cəmiyyətinin yaradılmasında möhkəm təməl rolu oynayacaq.

Çin və Azərbaycan birgə əbədi dostluğunun tarixində yeni səhifə

Məsafə əsl dostluq üçün heç bir əhəmiyyət kəsb etmir. Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi və şəxsi iştirakı sayəsində Çin-Azərbaycan ənənəvi dostluğu yeni güc qazanır. Bizim ikitərəfli münasibətlərimiz tarixinin ən gözəl dövrünü yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Çin artıq həqiqi strateji tərəfdaşlardır. Azərbaycan tərəfi bəşəriyyətin ortaq tale cəmiyyəti konsepsiyasını yüksək dəyərləndirir, "Bir kəmər, bir yol"un birgə qurulmasında fəal iştirak edir və Çinin qlobal təhlükəsizlik, qlobal inkişaf və qlobal sivilizasiya təşəbbüslərini dəstəkləyir.

İdeyalar əməllərdən əvvəl yaranır. Çin və Azərbaycan eyni "qayıqda üzür", əl-ələ verib irəliyə doğru hərəkət edir, təhdidlərə və çağırışlara qarşı birgə dayanır və bəşəriyyətin ortaq taleyi icmasının qurulması konsepsiyasını əməli şəkildə göstərir.

Birincisi, biz dürüstlük və ədalətə daim sadiqik. Ölkələr bir-birilərinə suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi əsas maraqları olan məsələlərdə dəstək verir, həqiqi çoxqütblülüyü dəstəkləyir, beynəlxalq ədaləti birgə müdafiə edir və hegemoniyaya, daxili işlərə müdaxiləyə, zəiflərin təzyiq altına alınmasına və qruplaşmalar arasında konfrontasiyaya qarşı çıxır. Son müsahibələrdən birində Prezident İlham Əliyev regional əməkdaşlığın bütün tərəflər üçün ümumi olduğunu, dominantlığın qəbuledilməzliyi və ölkələr arasında fikir ayrılıqları yarananda diskriminasiya, sanksiyalar və ya iqtisadi təzyiqlərin olmamasının vacibliyini qeyd etdi. Azərbaycan Xarici İşlər Nazirliyi Çinin Tayvan regionunda keçirilmiş seçkilərlə bağlı bəyanatla çıxış edənlərin ən birincilərindən oldu. Bununla, Azərbaycan "vahid Çin" prinsipinə sadiqliyini təsdiqlədi və "Tayvanın müstəqilliyi"nə qarşı çıxaraq, Çin tərəfinə dəyərli siyasi dəstəyini göstərmiş oldu.

İkincisi, biz faydalı əməkdaşlığı daim, yorulmadan möhkəmləndiririk. "Bir kəmər, bir yol"un qurulmasında əhəmiyyətli nəticələr əldə etdik, Çin-Avropa dəmiryolunun və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisini sürətləndirdik ki, bu layihələr regional kommunikasiya əlaqələrini möhkəmləndirməkdə, "Bir kəmər, bir yol"a qoşulan ölkələrin iqtisadi artımını stimullaşdırmaqda və qlobal təchizat zəncirinin sabitliyini təmin etməkdə açar rol oynayır. Çin şirkətinin bir EPC-podratçısı kimi iştirak etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji mənbələrinin ən böyük layihəsi olmaqla yanaşı, uğurla şəbəkəyə qoşuldu və illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal etməklə ölkənin enerji strukturunu effektiv surətdə optimallaşdırır və ekoloji cəhətdən təmiz inkişafa yardımçı olur.

Üçüncüsü, biz COVID-19 epidemiyası ilə mübarizədə birgə fəaliyyət göstəririk. Çin və Azərbaycan çətin vaxtlarda bir-birinə dəstək olur və kömək əlini uzadır ki, bu da "dostun çətin zamanda tanındığını" bir daha sübut edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Hərəkatın ölkələrini epidemiyaya qarşı mübarizəyə fəal şəkildə səfərbər etmiş və COVID-19-la mübarizə üzrə Qoşulmama Hərəkatının Əlaqə Qrupunun Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir ki, bu da bəşəriyyətin vahid səhiyyə cəmiyyətinin qurulmasına önəmli töhfə vermişdir.

Dördüncüsü, Çin və Azərbaycan beynəlxalq əməkdaşlıqda fəal şəkildə iştirak edir. Ölkələr əsas beynəlxalq və regional məsələlərdə eyni və ya oxşar mövqelər nümayiş etdirir, BMT, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli mexanizmlər çərçivəsində sıx əməkdaşlıq edir, "qlobal Cənub" ölkələrinin ortaq maraqlarını fəal şəkildə müdafiə edir. Bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Konfransı keçiriləcək. İqlim dəyişmələri problemləri bəşəriyyətin taleyini birləşdirir. Çin Azərbaycan tərəfini Konfransın keçirilməsində fəal şəkildə dəstəkləməyə və ekoloji cəhətdən təmiz dünyanın birgə qurulması məqsədilə Azərbaycanla iqlim dəyişmələri sahəsində əməkdaşlıq etməyə hazırdır.

2024-cü ildə Çin-Azərbaycan münasibətləri yeni bir başlanğıc nöqtəsinə qədəm qoyacaq və yeni imkanlar yaradacaq. Bəşəriyyətin ortaq tale cəmiyyətinin şanlı bayrağını yüksək tutaraq, Çin Azərbaycan tərəfi ilə ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa, Çin-Azərbaycan dostluğunun tarixinə yeni və parlaq səhifələr yazmağa hazırdır.

Qo MİN,

Çin Xalq Respublikasının

Azərbaycan Respublikasındakı

Fövqəladə və Səlahiyyətli Səfiri.