Cinayətkar oliqarx Vardanyan Qarabağdan çıxarılacaq
Digər xəbərlər

Cinayətkar oliqarx Vardanyan Qarabağdan çıxarılacaq

Azərbaycanın qədim yaşayış məskəni olan Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin "xilaskar"ı, "xeyirxah mələyi", xaç atası Ruben Vardanyan bir müddət qeyb olduqdan sonra yenidən Qarabağda peyda olub. Haralarda olduğu dəqiq məlum olmasa da,  ehtimallara görə "ağa"larından tapşırıqlar alandan sonra Xankəndiyə qayıdıb və gələn kimi də "müşavirə" keçirib.

"Müşavirə"nin əsas məqsədi Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların etiraz aksiyasına böhtan atmaq olub.  Ermənilər heç bir vaxt səmimi olmayıblar, hiyləgərliklə maskalanıblar. Bəs həmin Vardanyan iki aydan çoxdur ki, dəlicəsinə qışqırır ki, Laçın-Xankəndi yolu "blokada"dadır, elə isə özü və  40 xeyriyyə təşkilatı Xankəndiyə yardımları necə çatdırıb?! Qarabağ ermənilərinə havadarlıq etmək həvəsinə düşən Vardanyan  həmin yolla gedib-gəlib. Demək,  yol etiraz aksiyasına baxmayaraq, işlək vəziyyətdədir və ermənilər buradan maneəsiz hərəkət edirlər. Axmaqlıq Vardanyanı çətin duruma salır. Görünən odur ki, Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərin Azərbaycanla gözlənilən isti münasibətlərin qarşısını almaq üçün bəzi maraqlı qüvvələr Vardanyanı hayların arasına pərçimləyib.

Artıq Avropa mətbuatında da Vardanyanın Xankəndidə asudə gəzərək "dövlət" naziri postunu qamarlaması haqqında silsilə yazılar dərc edilir.

İsveçrənin aparıcı yayım şirkəti SRF tərəfindən dərc olunan  "Mühasirədə olan xalqın xilaskarı,  yoxsa Moskvanın marioneti?" sərlövhəli məqalənin əsas tezisləri aşağıdakı kimidir. Qeyd olunur ki, Ruben Vardanyanın demək olar bütün aktivləri onun korrupsiya fəaliyyəti ilə bağlıdır. Vardanyan beynəlxalq pulların yuyulması sistemində mərkəzi rol oynayan Rusiyanın "Troyka" bankının rəhbəri olub. Əslində oliqarx ötən il Ermənistanda "vətəndaş cəmiyyəti" hərəkatını yaradıb və siyasi partiyaya qoşulub. Vardanyan düşünür ki, keçmiş Dağlıq Qarabağda işləməsi ona Ermənistandakı siyasi karyerası üçün tramplin olar. Oliqarx Ruben Vardanyan Ermənistanın baş naziri Nikol Paşinyana siyasi alternativ olaraq bölgəyə göndərilib... Dəqiq və qərəzsiz ehtimal,  əslində Vardanyanın siyasi karyerasını bütün çılpaqlığı ilə göstərir. R.Vardanyan ermənilərin "xilaskarı" rolunda öz ambisiyalarını həyata keçirir, arada bir səhnədən yoxa çıxır, sonra yenidən yalançı "xaç ata"sı kimi zühur edir.

Kifayət qədər tanınan,  Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müşaviri  Vladimir Poqosyan Qarabağda "blokada"nın olmadığını etiraf edib. Sonra bildirib ki, Qarabağda "müdafiə ordusu" deyilən ordu əslində Ermənistan silahlı qüvvələrinin diviziyasıdır,  onun komandirini Ermənistanın baş naziri təyin edir və vəzifədən azad edir.  "Müdafiə ordusu"nun keçmiş komandanı Ermənistanın baş naziri Paşinyan tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb...

Ermənistanın "Past" qəzeti yazır ki, Azərbaycan rəhbərliyi Ruben Vardanyanın qondarma və dırnaqarası "dövlət nazir"i təyin edilməsindən narahatlığını heç vaxt gizlətməyib.  Lakin məlum olur ki,  Vardanyan "mövzusu" Türkiyəni də narahat edir. Nəşrin məlumatına görə, bu yaxınlarda qardaş ölkəyə səfəri zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana açıq mətnlə bildirilib ki,  Azərbaycan-Türkiyə-Ermənistan sülh müqaviləsinin imzalanmasına mane olan amillərdən biri məhz separatçı kriminal xuntanın "dövlət naziri"dir.  Qəzet sonra yazır ki, hökumətdəki mənbəmizin sözlərinə görə,  Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Nikol Paşinyanın adından söz verib ki,  Ruben Vardanyanı tezliklə aradan çıxara biləcəklər. Bax belə, Vardanyanın çox baş apardığını ermənilər də anlayıblar, ona görə də,  Rusiya "desant"ını zərərsizləşdirmək üçün yollar axtarılır. Vardanyan isə Xankəndidə "dövlət naziri" postunda çalışdığı 100-cü günü bayram kimi qeyd edir. Bir sözlə, ermənilər arasında anlaşılmaz münasibətlər və hadisələr baş verir.

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.  Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda dövlətimizin başçısı jurnalistlərin suallarına əhatəli, faktlara söykənən, həqiqəti əks etdirən və çox səmimi cavab verib. Xankəndi ermənilərini çətin suallar qarşısında qoyan Vardanyan və erməni icması ilə danışıqlar barəsində danışan Prezident İlham Əliyev bildirib ki, sözsüz ki, münasibətlər erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə qurulacaq,  Qarabağda rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil:  "Ola bilsin ki,  "ixrac edilmiş" düzgün ifadə deyil,  mən yəqin ki,  "gizli yolla keçirilmiş" ifadəsini üstün tutardım.  Çünki heç kim onun Qarabağda necə peyda olduğunu,  İrəvana, oradan Moskvaya və yenidən İrəvana,  sonra isə Qarabağa qayıtmağa necə nail olduğunu bilmir.  Təkcə bu fakt blokadanın olmadığını göstərir". Xankəndi və ətraf ərazilərdə Rusiya sülhməramlılarının müvəqqəti zonasında yaşayan ermənilərlə danışıqlara toxunan dövlətimizin başçısı qeyd edib ki,  biz bunu o zaman edə bilərik ki,  cinayətkar oliqarx,  Avropada çirkli pulların yuyulmasında əli olan şəxs  Vardanyan bizim ərazimizi tərk etsin.

Sözsüz ki, bu mövqedən sonra dələduzluqda və oğurluqda ad çıxaran Vardanyan tezliklə Qarabağdan qovulacaq, kimlərinsə himayəsində olmasına baxmayaraq,  gəldiyi kimi də əliboş geri qayıdacaq.

Salman ALIOĞLU,

"Respublika".