Cinayətkarlara aman verilməyəcək
Digər xəbərlər

Cinayətkarlara aman verilməyəcək

Azərbaycan xalqı son 200 ildən çox müddət ərzində ermənilər tərəfindən hər cür vəhşiliyə, vandallığa, terrora məruz qalıb. Həmin vəhşilikləri xatırlayanda bunun bir insan əməli, millətin düşüncəsi olduğuna inanmırsan. Amma bu, hayların Azərbaycan xalqının başına gətirdiyi müsibətlər, faciələrdir. O üzdən də millətin şüurunda bir fikir formalaşıb. Erməni əməli. Əlbəttə, bu deyim ermənilərin azərbaycanlılara qarşı törətdiyi bütün faciələri ifadə edir və millət olaraq hamımıza yaxşı tanışdır.

Torpağımızı işğal etməklə bərabər, millətimizə qarşı da genosidə başladılar. Nəticədə minlərlə insan erməni vəhşiliyinin qurbanı oldu. Əsir düşdü, girov götürüldü. Ya işgəncələrə dözə bilməyib öldü, ya da əsirlikdən azad edildikdən sonra çəkdiyi əzablardan, bədəninə yeridilən insan səhhəti üçün təhlükəli olan kimyəvi maddələrin təsirindən dünyasını dəyişdi. Birinci Qarabağ müharibəsi başlayandan bu günə kimi isə, 4 minə yaxın soydaşımızın taleyi hələ də naməlum olaraq qalır. Bütün sadaladığımız vəhşilikləri törədən erməni terror dəstələrinin üzvləri isə hələ də azadlıqda yaşayır. Azərbaycan dövləti dəfələrlə məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də hələ ki, müsbət nəticə yoxdur. Baxmayaraq ki, dövlətimiz tərəfindən cinayət törətmiş bütün erməni qatilləri beynəlxalq axtarışa verilib. Həmin hərbi cinayətkarlardan biri də ötən ay həbs edilən, Meşəli qatili Vaqif Xaçaturyandır. Onun həbsindən sonra istər Ermənistanda, istər də beynəlxalq ictimaiyyət arasında ajiotaj yaşandı. Bəzi beynəlxalq təşkilatlar Xaçaturyanın müdafiəsinə qalxmağa çalışdı.

Əlbəttə, burada da erməni təbliğatı, yalanı özünü göstərir. Ermənistan hər vəchlə beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Xaçaturyan günahsızdır və Azərbaycan tərəfi onu qanunsuz olaraq saxlayıb. Onun hərbi cinayətkar olduğu üçün deyil, milli mənsubiyyətinə görə tutulduğunu bildirirlər. Azərbaycan tərəfi hələ 2013-cü ildə Vaqif Xaçaturyanın erməni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəlidə qırğın törətdiyi barədə məlumatları toplayaraq beynəlxalq qurumlara təqdim edib. Həm şahid, həm zərərçəkən ifadələri, ekspert rəyləri də bunu təsdiqləyir. İstintaqın gedişində Meşəli qırğını üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmə qərarları da var. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

O ki qaldı ermənilərin bunu qanunsuzluq kimi qələmə vermələrinə, Xaçaturyanın həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Onun kimi hərbi cinayətkarlar çoxdur. Xaçaturyan sonuncu olmayacaq. Onları müdafiə edib, qorumağa çalışanlar isə ən azı onlar qədər günahkardır. Bildiyimiz kimi, Xocalının Meşəli kənd sakinlərinin soyqırımında birbaşa iştirak edərək, silahlı dəstəyə başçılıq etmiş hərbi cinayətkar Vaqif Xaçaturyan yaxın günlərdə Xankəndidən Ermənistana qaçmaq istəyərkən Laçın postunda ələ keçmişdir. Erməni silahlı dəstənin törətdiyi qırğın nəticəsində Xocalı rayonunun Meşəli kənd sakinlərindən 25 nəfər öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə deportasiyaya məruz qalıb. Bütün bu qanlı hadisələri törədən Xaçaturyanın həbsindən sonra Azərbaycana qarşı riyakar, qərəzli bəyanatlar səslənməyə başladı. Xaçaturyanın cinayətləri konkret faktlarla sübut olunub. Ancaq bütün bunlara baxmayaraq, kimlərsə terrorçunun, caninin sərbəst buraxılmasını istəyir. Ermənistandan olan separatçılarla yanaşı, bəzi beynəlxalq qurumların mövqeyi də təəccüblüdür.

Elə bu haqsızlığı görən Meşəli soyqırımında zərərçəkənlər beynəlxalq ictimaiyyətə müraciət üvanlayıb. Müraciətdə deyilir: "32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz, Meşəli sakinləri bundan böyük hiddət keçirir, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!.. Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan soruşuruq: bəs bizim haqq və hüquqlarımızı nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir... İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırılıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz... Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!".

Bəli, bu, faciə yaşamış hələ də baş verən dəhşətli işgəncələrin təsirindən çıxa bilməyən vətəndaşların dünyaya haqq səsidir. Cinayət törətmiş şəxslərin qanuni cəzalarını alması üçün apardıqları mücadilədir. Onlar öz haqlarını tələb edir və bütün dünyanı, beynəlxalq təşkilatları da onların səsinə qoşulmağa dəvət edirlər. Lakin erməni lobbisinin əlində oyuncağa çevrilən bəzi beynəlxalq təşkilatlar hələ də cinayətkarları müdafiə edir. Dünya birliyi, beynəlxalq təşkilatlar bir şeyi də unutmamalıdır ki, ermənilərin törətdiyi faciə təkcə Meşəli ilə bitmir. Qanunsuz erməni silahlı terror dəstələri müxtəlif vaxtlarda Azərbaycanın Xocalı şəhərində, Qaradağlı, Başlıbel, Ağdaban və Ballıqaya ərazilərində də bu kimi faciələr, qırğınlar törədiblər.

Ramidə YAQUBQIZI,

"Respublika".