Müasir Azərbaycanın xilaskarı və qurucusu
Region

Müasir Azərbaycanın xilaskarı və qurucusu

Mingəçevir Dövlət Universitetində Mingəçevir Şəhər İcra Hakimiyyəti və MDU-nun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı keçirilib. 

Şəhər ictimaiyyətinin, universitetin professor-müəllim heyətinin, tələbələrin, media nümayəndələrinin iştirak etdiyi tədbirdə MDU-nun rektoru Şahin Bayramov ulu öndərin Azərbaycanın tərəqqisi, inkişafı, təhsilimizin yüksəlişi, dünya arenasında özünə layiq yer tutması naminə gördüyü ətraflı məlumat verib.  

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanları var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşüb".

Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi xaos və  anarxiyadan qurtarıb. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alınıb, dövlətçiliyimiz hər cür sui-qəsdən, dövlət  çevrilişi cəhdlərində qorunub və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxıb.

Ulu öndərin Mingəçevirə və mingəçevirlilərə diqqət və qayğısı böyük idi. Ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Zaqafqaziyanın ən nəhəng İstilik Elektrik Stansiyasının tikintisi Mingəçevirdə həyata keçirilib. Azərbaycan DRES-in tikintisinin başlanması ilə əlaqədar həmin ərazidə qəsəbənin tikintisinə başlanılıb. Az müddət ərzində burada 37 min kvadratmetr mənzil sahəsi ucaldılıb, 20 kilometrə yaxın dəmir yolu çəkilib, ümumilikdə tikintiyə 12 mindən çox zəhmətkeş cəlb olunub. Məhz ulu öndərin göstərişi ilə bu gün 20 mindən çox əhalinin yaşadığı “Energetiklər” yaşayış massivi salınıb, onlarla çoxmərtəbəli yaşayış evləri, iki orta ümumtəhsil məktəbi, 4 uşaq bağçası, doğum evi, tibb məktəbi, uşaq musiqi məktəbi, mədəniyyət və digər sosial obyektlər tikilib istifadəyə verilib. “Azərbaycan İES”in birinci enerji bloku 1981-ci il oktyabrın 20-sində ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verilib. 1998-ci il oktyabrın 8-ində prezident seçkiləri ərəfəsində Mingəçevir şəhərinə ikinci səfəri zamanı ulu öndər Heydər Əliyev mingəçevirlilər qarşısında çıxış edərkən deyib: “Mingəçevirin tikilməsində, qurulmasında, inkişaf etməsində mən vaxtilə çox zəhmət çəkmişəm. İndi mən buraya gəlib bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevinirəm. Mən çox şadam ki, bizim gördüyümüz bu işlər günü-gündən inkişaf edir və insanlar burada yaranmış bütün imkanlardan istifadə edir, yaşayırlar”. Müasir Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin  uzunmüddətli, dəqiq strateji xətti və əbədisönməz işığı ilə onun layiqli, qətiyyətli, qalib davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün respublikamız, o cümlədən Mingəçevir şəhəri  günü-gündən inkişaf edir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli “Heydər Əliyev-Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva “Heydər Əliyev-innovativ  texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzularında məruzələrlə çıxış ediblər.

Zabit XƏLİLOV,

“Respublika”.