Daha 23 ailəyə mənzillərinin açarları təhvil verilib
Sosial həyat

Daha 23 ailəyə mənzillərinin açarları təhvil verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Avqustun 22-də daha 23 ailə Füzuli şəhərində məskunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir.

Bu gün Bakıdan bu şəhərə yola salınan növbəti köç karvanı ünvanına çatıb. Beləliklə, 23 ailə olmaqla 89 Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə cansağlığı arzulayıblar.

Füzuli şəhərinə qayıdan ailələr böyük sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 70 ailə olmaqla ümumilikdə 247 nəfərin daimi məskunlaşması təmin edilib.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.