Daha güclü olmalıyıq
Siyasət

Daha güclü olmalıyıq

Dövlət başçısı bu fikirləri 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib

"Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar". Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, ona görə də, ilk növbədə, özümüzü, müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır.

Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu təsdiq edir. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmlənib. Mövcud olduğu regionun lideri, sarsılmaz daxili sabitlik, iqtisadi inkişaf dinamikası, qlobal enerji təhlükəsizliyinin təminatında artan rol, geosiyasi mövqeyinə görə beynəlxalq sferada getdikcə daha çox diqqət mərkəzinə çevrilən ölkə olması bu gün Azərbaycanı xarakterizə edən əsas cəhətlərdəndir. Ölkəyə rəhbərlik etdiyi 20 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, Azərbaycan tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bunu beynəlxalq reytinq təşkilatları da hesabatlarında qeyd edirlər. Azərbaycanın bölgənin lideri olması, tam müstəqil siyasət həyata keçirməsi, böyük güclərin maraqlarını öz maraqları ilə uzlaşdırması, beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi bu qüdrətin ayrı-ayrı tərəfləridir. Ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatı və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına sədrlik etməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bu uğurlar dövlət başçısı İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir. Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri bir daha həm ölkə rəhbərinin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi, yeni enerji layihələrinin işə düşməsi, o cümlədən iqtisadiyyatın digər sahələrində yeni layihələrə start verilməsi məhz müstəqil siyasətin və müstəqil dövlətçiliyin bəhrələridir. Xalqımız özünün iqtisadi resurslarının, təbii sərvətlərinin tam sahibidir və bunlardan səmərəli istifadə edir.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar Azərbaycanın həm də siyasi, iqtisadi-ticari münasibətlərinin daha da şaxələnməsi üçün real zəmin yaradıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi müasir müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət bəxş etdi. Bütün bunlar həm də beynəlxalq miqyasda Azərbaycanın ən nüfuzlu dövlətlərdən biri olmasını şərtləndirir. Ölkəmiz dünya səviyyəsində mövqeyini hər keçən gün daha da gücləndirir. İndi təkcə Cənubi Qafqazda yox, onun sərhədlərini əhatə edən daha böyük coğrafi məkanda geosiyasətin konturları müəyyən edilərkən, xüsusən də yeni enerji layihələri, marşrut yolları cızılarkən mütləq Azərbaycanın maraq və istəkləri nəzərə alınır. Çünki Azərbaycan artıq bu geosiyasi məkanda önəmli aktorlardan biri kimi çıxış edir.

Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir və bu bölgə öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin maraq dairələrinə daxildir. Bu, vəziyyəti gərginlikdə saxlayır. Tarixən belə olub, bu gün də belədir. Milli maraqları qorumaq üçün daima güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyac var. Bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plandadır. Beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır" prinsipi üstünlük təşkil edir. Ona görə də öz addımlarımızı buna uyğun atmalı, real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar edir və ölkəmiz buna artıq çoxdan başlayıb. Bunlar milli gücün əsas komponentləri və müstəqilliyimizi təmin edən vasitələrdir. Ona görə də Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Müzəffər Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və bu, qürurvericidir. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Komando hərbi hissəsi yaradıldı. Ölkə başçımız bu cür hərbi hissələrin sayının artırılacağını da vurğulayıb. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində də mühüm işlər aparılır. Bu gün ölkəmizin sürətlə inkişaf edən hərbi sənayesi ordumuzu müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları ilə təchiz edir.

Ölkəmizin daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın yeni çağırışlarına cavab verən mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində İlham Əliyevin yürütdüyü uğurlu siyasət beynəlxalq aləmdə dəstək və rəğbət qazanır. Çünki Azərbaycan Prezidenti, eyni zamanda qlobal səviyyədə də mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli işlər görür. Bu, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir. Ölkə qarşısında duran bütün vəzifələrin həlli üçün həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var. Şanlı Qələbəmiz Azərbaycanın qarşısında postmüharibə dövründə yeni çağırışlar, yeni vəzifələr qoyur. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin gücünü göstərməklə inkişaf və tərəqqidə yeni mərhələnin başlanğıcı oldu. Hazırda işğaldan azad edilmiş regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma həyata keçirilməkdədir. Bu, eyni zamanda, Böyük Qayıdışın sürətlənməsinə xidmət edir.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan şanlı qələbədən sonra dəfələrlə həmin regionlara baş çəkib, aparılan işlərlə yerindəcə tanış olub, tövsiyə və tapşırıqlarını verib. Zəngilan rayonunda "Ağıllı kənd" layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Zəngilan və Laçın rayonlarında hava limanlarının tikilməsi istiqamətində atılan addımlar, o cümlədən Kəlbəcər rayonunda infrastrukturun qurulması yönündə fəaliyyət bir daha onu təsdiqləyir ki, regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı yenidən canlandıracaq, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin edəcək. Məqsəd həm də bundan ibarətdir ki, yeni görkəm alacaq ərazilər ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlansın. Burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artım stimullaşdırılsın və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza yaransın. Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Mustafa KAMAL,

"Respublika".