MSK-nın növbəti iclası keçirilib
Gündəm

MSK-nın növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının mayın 2-də növbəti iclası keçirilib.

"Respublika" xəbər verir ki, ilk olaraq MSK-nın 7 mart 2024-cü il tarixli iclas protokolu təsdiq edilib. Daha sonra komissiyanın sədri Məzahir Pənahov altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi ilə qərarı səsə qoyub və təsdiqləyib. Bununla da, Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub. Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Yekunda,  sədr Məzahir Pənahov bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlıqların başlanması üçün göstəriş verib: "Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkilərinə hazırlığa başlamalıdır., Çünki, yazda və payızda hazırlıqları daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.

"Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov əlavə edib.

Sədr qeyd edib ki, Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər.