BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib
Elm

BMU ilə İNHA Universiteti arasında ikili diplom proqramı üzrə Rəhbər Komitənin iclası keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib.

BMU-dan "Respublika"ya bildirilib ki, hər iki ölkədən Rəhbər Komitə üzvlərinin qatıldığı iclasa Koreya nümayəndələri onlayn qoşulublar.

BMU-nun rektoru Yaqub Piriyev proqram çərçivəsində hazırda təhsil alan 385 tələbədən 61 nəfərinin İNHA Universitetində IV kursu davam etdirdiklərini, onların yay aylarında ölkəmizə BMU-İNHA İDP-nin ilk məzunları kimi dönəcəklərini deyib. Rektor bir neçə gün əvvəl İNHA Universitetində təhsil alan bu tələbələr üçün Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda magistraturaya qəbul imtahanı təşkil olunduğunu bildirib. “Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün qəbul imtahanının təşkil edilməsi ilk hadisə olaraq tarixə keçdi. Onlar imtahanı İNHA Universitetinin təqdim etdiyi zal və kompüterlərdən istifadə etməklə onlayn veriblər. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu münasibətlə imtahanın təşkil olunmasında əməyi keçən bütün şəxslərə, İNHA Universiteti əməkdaşlarına öz təşəkkürümü bildirirəm”, - deyən rektor İDP çərçivəsində professor-müəllim heyəti üçün nəzərdə tutulan fakültə təlimi ilə əlaqədar işlərin yekunlaşmaq üzrə olduğunu da vurğulayıb.

Çıxışında İNHA Universitetinin 70 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdıran Yaqub Piriyev ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb. O, eyni zamanda, BMU-İNHA əməkdaşlığının davam edəcəyinə, Rəhbər Komitənin iclasında aparılacaq məhsuldar müzakirələrin sonunda bir sıra vacib qərarların qəbul olunacağına əminliyini bildirib.

İNHA-nın tədris işləri üzrə prorektoru, Rəhbər Komitənin həmsədri Choi Keeyoung BMU ilə qurulan əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını söyləyib. Koreyada hazırda təhsil alan 61 tələbənin həm BMU, həm də İNHA Universitetinin tələbələri olmasından qürur duyduqlarını dilə gətirən həmsədr onların güclü mütəxəssis kimi yetişmələri üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli gündəliyə daxil edilən istiqamətlər üzrə geniş təqdimatla çıxış edib.

İclasda 2023-cü ilin maliyyə hesabatı, 2023/2024-cü tədris ili üzrə payız semestrinin akademik nəticələri, 2024-cü ildə baş tutacaq fəaliyyətlərin təqvimi, təkrar imtahan meyarlarının dəyişdirilməsi, proqram üzrə tədris planı və digər məsələlər müzakirəyə çıxarılıb. Gündəlikdə yer alan istiqamətlərlə bağlı elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova və digərləri çıxış ediblər.

İclasda BMU üzrə Rəhbər Komitənin həmsədrinin dəyişdirilməsi məsələsinə də baxılıb və tədris işləri üzrə prorektor Həmzağa Orucovun bu vəzifəyə təyin edilməsi səsə qoyularaq qəbul olunub.