Dahi bəstəkara həsr olunan tədbir
Mədəniyyət

Dahi bəstəkara həsr olunan tədbir

Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyovun anadan olmasının 138-ci ildönümü və Milli Musiqi Günü ilə bağlı Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbində bayram tədbiri keçirildi. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.

Bayram tədbirində çıxış edənlər müəllim və şagirdləri Milli Musiqi Günü ilə bağlı təbrik edərək Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söhbət açdılar. Qeyd etdilər ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmanla dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü hər il Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən Respublika Uşaq İncəsənət Festivalının final mərhələsində iştirak edənlər Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin Fəxri Fərmanı ilə təltif edildilər.

Tədbir musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə başa çatdı.

Tofiq HÜSEYN,

"Respublika".