Daşbulaq Əzəli yurd yerimiz
Region

Daşbulaq Əzəli yurd yerimiz

Cənnət Qarabağın füsunkar və ecazkar guşələrindən biri də Xocalı rayonunun Daşbulaq kəndidir. Kənd Qarabağ silsiləsinin ətəyində, Bədərə çayının sahilində yerləşir. Ərazisindən eyniadlı çay keçir və ətrafındakı Daşbulaq dağı kəndə xüsusi gözəllik verir. Daşlı yerdən çıxan bulaq adını daşıyan kənddə tarixən azərbaycanlılar yaşayıb. XIX əsrin əvvəllərində Azərbaycana köçürülən erməni ailələrinin bir neçəsi həmin kənddə məskunlaşıb və burada yerlərini möhkəmlədəndən sonra yerli azərbaycanlılara qarşı təzyiq etməyə başlayıblar.

XX əsrin 80-ci illərinin ikinci yarısında Xankəndidə və ətraf ərazilərdə məskunlaşdırılmış ermənilər "böyük Ermənistan" adlı xəstə və şovinist ideyanı həyata keçirmək üçün Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. İrəvanda və Qərbdə olan erməni diasporu, ermənipərəst himayədarları tərəfindən hazırlanmış "plan"ın icrasına başladılar. 1988-ci ilin fevral ayından başlayaraq azərbaycanlıların tarixi ərazisi və sıx yaşadıqları keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Xankəndidə və İrəvanda mitinqlər təşkil edilirdi. Cəzasızlıq şəratindən sui-istifadə edən ermənilər tərəfindən Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil olunurdu. Əsas məqsəd azərbaycanlıları sıxışdırıb çıxarmaq idi. Ermənilər xain və kirli məqsədlərinə çatmaq üçün azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, dinc əhaliyə divan tutaraq cinayətlər törədir, onları doğma yurdlarından, evlərindən didərgin salırdılar. Daşbulaqda da ermənilər dinc həyatı və xoş güzəranı pozdular.

Ermənilərin təzyiqlərinə və təqiblərinə məruz qalan Daşbulaq kəndindən yerli azərbaycanlılar zorla qovulublar. Həmsöhbət olduğum Daşbulaq sakinləri 35 il əvvəl kəndlərində baş verən erməni zülmü haqqında danışıblar. Kənd sakini Emelya Mirzəliyeva bildirib ki, ermənilərin Qarabağa köçürülməsindən sonra bizim kənddə bir yerdə yaşayırdıq. 1988-ci ilə qədər rahat yaşamışdıq. Həmin ilin fevral ayından başlayaraq Ermənistandan saqqallı ermənilərin Qarabağa gəlişindən sonra azərbaycanlıların faciəli günləri artdı. Silahlı ermənilər keçmiş Dağlıq Qarabağda azərbaycanlılara qarşı təqiblərə başladılar, terror hadisələri törədirdilər, heç bir günahı olmayan azərbaycanlıları qətlə yetirirdilər, yolları kəsirdilər, mal-qaramızı zorla aparırdılar. Bizə hədə-qorxu gəlirdilər. Hətta kəndimizin bulağından su götürməyə qoymurdular. Bir dəfə maşınla gedərkən bizi daşa basdılar. Maşının şüşələri qırılıb üstümüzə töküldü. Hamımız qan içində idik. Getdikcə vəziyyət daha da pisləşirdi. Ermənilər Mir Yusif adlı kənd sakinini bulaqda su içərkən öldürmüşdülər. Neçə nəfər azərbaycanlı kənd sakininin evini, qonşumuz Arifin maşınını yandırdılar. Kəndimizin sakinlərindən Yaşanı, Əhlimanı da öldürdülər. Hər gecə də evlərimizi atəşə tuturdular. Köməyimizə çatan olmadı. Erməni hücumları daha da güclənmişdi, bizi öldürməklə hədələyirdilər. Bir gecə erməni silahlı dəstələri kəndə hücum etdilər, evimizdən heç nə götürə bilmədik, sağ qalmaq üçün meşəyə qaçdıq, sonra da Xocalıya getdik. Xocalı işğal olunandan sonra isə Ağdam rayonuna pənah gətirdik. Otuz ildən çoxdur ki, məcburi köçkün həyatı yaşayırıq. Torpaqlarımız işğaldan azad ediləndən sonra ümidimiz çox artıb, inanırıq ki, daşbulaqlılar öz qədim yurd yerlərinə qayıdacaqlar. Geri qayıtmaq üçün günləri sayırıq.

Daşbulaq kəndinin digər sakini Elxan Mirzəliyev doğma kəndlərini 9 yaşında tərk etsə də evlərini, həyətlərini, orada keçirdiyi uşaqlığını xoş günlər kimi xatırlayır. Deyir ki, kəndimiz çox gözəl idi, çay qırağı, dağların ətəkləri, meşələr oylağımız olmuşdu. Yadıma gəlir ki, evimiz ikimərtəbəli idi. Həyətimizdə meyvə ağacları var idi. Kəndimiz meşənin kənarında yerləşirdi, yaxınlıqdan çay axırdı. Kəndimizi kiçik yaşımda tərk etsəm də, heç nə yadımdan çıxmayıb. Hər zaman evimizə, kəndimizə qayıtmaq arzusu ilə yaşamışam, bu ümidlə böyümüşəm. Doğulduğum, uşaqlığımın keçdiyi kəndimizə, evimizə qayıtmaq bizim haqqımızdır. Ağır məğlubiyyətə uğrayan ermənilər indi iddia irəli sürürlər ki, guya Xankəndidə, digər ərazilərdə azərbaycanlılar yaşamayıb, erməni hiyləgərliyi ilə bizə şər və böhtan atırlar. Mən gözümü açandan kəndimizdə azərbaycanlıları görmüşəm, dədə-babalarımız bu kənddə ömür sürüblər, şəcərəmiz və kökümüz bu torpaqlardadır, ermənilər isə bu yerlərə sonradan gəlmədilər. 

Qeyd edək ki, Daşbulaq kəndi 1992-ci ildən 2020-ci ilin noyabr ayına kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. Şanlı qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiya aktına qol çəkdi. 2020-ci il noyabrın 10-da imzalanmış Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli Bəyanatdan sonra Daşbulaq kəndi Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında qalıb.

Salman ALIOĞLU,

"Respublika".