FİRAVAN HƏYATA APARAN RAHAT YOLLAR
Region

FİRAVAN HƏYATA APARAN RAHAT YOLLAR

Deyirlər şad xəbər quş qanadlı olur. Ölkə Prezidenti cənab İlham Əliyevin 22 fevral 2024-cü il tarixli Sərəncamı ilə avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqləndiyinə görə Elxan Əliyevin "Tərəqqi" medalı ilə təltif olunması Lerikdə böyük sevinclə, minnətdarlıqla qarşılanıb. Elxan Əliyev 30 ildir ki, Lerik rayonunda 52 nömrəli Yol İstismarı MMC-də çalışır. Enişli-yoxuşlu həyat yolu keçib.  Yol tikintisində uzun illər səmərəli fəaliyyətinə görə  "Azərbaycan avtomobil yollarının 100 illiyi" yubiley medalına, çoxlu fəxri fərman və mükafatlara da layiq görülüb.  Rəhbərlik etdiyi kollektivdə 3 nəfər ölkə başçısının Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Aldığımız mükafatlar möhtərəm Prezidentimizin Lerik kimi ucqar dağ rayonunda çalışan yol inşaatçılarının əməyinə verdiyi ən yüksək qiymətdir, - deyə Elxan Əliyev söhbətə başlayır.  Bu, təkcə kollektivimizdə deyil, rayonun ağsaqqalları, ziyalıları, sadə zəhmət adamları tərəfindən razılıqla qarşılanıb. Bildiyiniz kimi, Lerik çətin relyefə malikdir. Rayonun 161 kəndi var. Əhalinin sayı 86 min nəfərdən çoxdur. Onların böyük əksəriyyəti, demək olar ki, 90 faizi kəndlərdə yaşayır. Yol problemi ucqar ərazilərdə yaşayan sakinləri həmişə narahat edib. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə Lerikin sosial-iqtisadi inkişafına, yeni yolların tikintisinə, təmirinə daim yüksək qayğı göstərilib. Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl, davamlı qayğısı sayəsində rayonun yol təsərrüfatı xeyli yenilənib, müxtəlif istiqamətlərdə yerləşən kəndlərə rahat, asfalt yollar çəkilib. Rayonun ölkəmizə yeganə çıxışı olan 56 kilometrlik Lənkəran-Lerik yolu 2018-ci ildə möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısı sayəsində əsaslı şəkildə təmir olunub. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 28 min nəfər əhalinin yaşadığı, 73 yaşayış məntəqəsini birləşdirən 26,5 kilometrlik Lerik-Qosmalian-Kəlvəz, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah, 9 min nəfər əhalinin yaşadığı, 28 yaşayış məntəqəsini birləşdirən 27 kilometrlik Piran-Hamarat-Vıjaker, 21 kilometrlik Lerik-Şinəband-Orand-Nuravud-Zardəbərə avtomobil yolları əsaslı şəkildə inşa edilərək istifadəyə verilib.

Rayonda 38 kilometr respublika, 456 kilometr yerli əhəmiyyətli yollar  var. 52 nömrəli Yol İstismarı MMC-nin kollektivi yolların əsaslı və cari təmirinə xidmət edir. Noda, Günəşli, Əliabad, Piran, Qosmalian, Anbu, Blaband, Osnağaküçə, Monidigah, Lüləkəran kəndlərinə gedən avtomobil yollarının 20 kilometrlik hissəsinə asfalt döşənib. Biləvər, Nüvədi və Durğan kəndlərinə gedən yolun keçdiyi çayların üzərində körpülər inşa edilib. Biləvər, Əvilə, Durğan, Küsəkəran, Veri-Əliabadı, Siyov, Dızdıpok, Qılqılov və digər kəndlərin yolları cari təmir edilib. Monidigah kəndinə gedən avtomobil yolunun üzərində yeni körpü tikilir.

Bununla belə, rayonun bəzi ərazilərində yol problemi əhalini ciddi narahat edir. Uzunluğu 31,9 kilometr olan Əliabad-Kirəvud-Nücü-Vamazğon, 18 kilometrlik Piran-Veri Əliabadı-Veri avtomobil yollarının əsaslı təmirə ehtiyacı var. Yerli bələdiyyələrə məxsus 799,3 kilometrlik avtomobil yolları torpaq örtüklüdür. Bələdiyyələr imkan daxilində yollarda cari təmir işləri aparır. Yaz-yay aylarında işlək vəziyyətdə olan bu yollarda yağmurlu havalarda avtomobillərin hərəkəti çətinləşir. Ulu öndərin dediyi kimi "Yol iqtisadiyyatdır, mədəniyyətdir, bir sözlə, həyat deməkdir". Rahat yol firavan, gözəl güzəran üçün geniş imkanlar açır, vətəndaş məmnunluğu yaradır. Lerikin yol probleminin həlli həm də rayonda turizmin inkişafına yeni töhfələr verəcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".