Deputat: Laçın Şərqi-Zəngəzurun böyük sənaye və aqrar mərkəzlərindən birinə çevriləcək
Siyasət

Deputat: Laçın Şərqi-Zəngəzurun böyük sənaye və aqrar mərkəzlərindən birinə çevriləcək

“İşğalından azad edilmiş Laçın şəhəri və kəndləri düşməndən təmizləndikdən sonra bu ərazilərdə bərpa-quruculuq və sakinlərin geri dönüşü işləri sürətlə davam etdirilməkdədir. Artıq əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesi həlledici mərhələyə daxil olub, Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti tam ələ almasından sonra təhlükəsizlik tədbirləri də tamamilə möhkəmlənməkdədir".

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov "Respublika"-ya açıqlamasında bildirib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu rayonda sürətlə geniş quruculuq işləri daha da genişlənib və bu bölgənin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin edilməsi, zəngin iqtisadi resurslarının iqtisadiyyata inteqrasiyası və bölgənin əhalisinin layiqli və keyfiyyətli sosial həyata tərzininin yaradılması istiqamətində fasiləsiz addımlar atılmaqdadır: "Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Laçın və ümumilikdə, Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensila malikdir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Eyni zamanda bu bölgədə turizm , dağ turizmi və ekoturizm potensialına görə, xüsusi əlverişli mövqeyə malikdir. Kənd təsəsrrüfatı, heyvandarlıq, arıçılıq, mineral ehtiyatlar üçün zəngin potensialı mövcuddur. Bu iqtisadi rayonun strateji coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə xarici sərmayəçilərin axınına səbəb olacaq”.

Aydın Hüseynov qeyd edib ki, Laçında və Şərqi Zəngəzur iqtisadi rayonlarında azad biznesin inkişafına daha geniş meydan vermək üçün iqtisadi qanunvericlikdə bir sıra mühüm güzəştlər nəzərdə tutulub:

“Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara gömrük, vergi, sosial güzəştlər və digər dəstək tədbirləri verilib. Vergi və Əmək Məcəllələrinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 10 il müddətində mənfəət və gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunublar. Həmçinin, “Sosial sığorta haqqında” Qanununa dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunub. Bütün bu güzəşt və stimullaşdırıcı tədbirlər Laçın və Şərqi-Zəngəzurun tezliklə iqtisadi inkişafını təmin edəcəkdir”.

Nəzrin ELDARQIZI,

"Respublika".