DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ
Elm

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Redaksiya-Nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanovun "Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti" adlı monoqrafiyasının ikinci nəşri çap olunub. Monoqrafiyanın elmi redaktoru Bakı Dövlət Universitetinin Redaksiya-Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçi isə M.F.Axundov adına Milli Kitabxananın direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirovdur.

Monoqrafiyada "Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər", - deyən Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, incəsənətini dərindən bilən, ensiklopedik biliyə malik olan tarixi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin kitab mədəniyyəti, kitabçılıq işi, kitab və onun nəşri məsələlərinə diqqət və qayğısı, eyni zamanda ümummilli liderin zəngin irsi, haqqında yazılmış fundamental əsərlər araşdırılmış və elmi-tədqiqata cəlb olunmuşdur.

Tədqiqatçı-alim monoqrafiyanın "Ön söz" hissəsində bu elmi-tədqiqatın məqsəd və vəzifələrini ulu öndər Heydər Əliyevin öz sözləri ilə belə şərh edir: "Həm kitabları yazıb yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram".

"Heydər Əliyev və kitab mədəniyyəti" adlı birinci bölmədə Heydər Əliyevin xalqımızın mədəni abidəsi, milli sərvəti olan "Kitabi-Dədə Qorqud" dastanına verdiyi dəyər öz əksini tapır. Tədqiqatçı-alim qeyd edir ki, ulu öndər Heydər Əliyev iki cilddən ibarət çox nəfis şəkildə nəşr olunmuş "Kitabi-Dədə Qorqud" ensiklopediyasına ön söz əvəzi "Milli varlığımızın mötəbər qaynağı" adlı akademik yazısında Azərbaycan kitab mədəniyyətinin dünya miqyasında yüksək səviyyədə olduğunu qeyd edərək yazır: "...Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət - bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur, son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində, hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir. Müasir dövrdə azərbaycanlıların mentalitetində milli və ümumbəşəri dəyərlərinin yerinin müəyyənləşdirilməsi də Dədə Qorqudun etik prinsiplərindən çıxış etməklə gerçəkləşir".

Müəllif bu akademik yazının əhəmiyyətini, "Kitabi-Dədə Qorqud" dastanının sahibinin Azərbaycan xalqı olduğunu ulu öndərin bu sözləri ilə əsaslandırır: "1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında fərman imzaladım. Fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, "Kitabi-Dədə Qorqud" dastanının ən azı 1300 il yaşı olduğunu dünyaya nümayiş etdirdi. Bu fərmanla biz bildirdik ki, "Kitabi-Dədə Qorqud" dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir".

Monoqrafiyanın ikinci bölməsi "Azərbaycanda kitab nəşrinin inkişafında Heydər Əliyev mərhələsi" adlanır. Elmi-tədqiqat əsərinin bu bölməsində müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində Azərbaycanda kitab nəşrinə xüsusi qayğı ilə yanaşmışdır.

Ümummilli lider 3 iyun 1995-ci ildə M.F.Axundov adına Milli Kitabxanada "Vətənə, dövlətə, xalqa sədaqət andı" adlı miniatür kitabın təqdimat sərgisində demişdir: "Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq".

Müəllif həmçinin bildirir ki, sərgiyə gələrkən Heydər Əliyev Milli Kitabxanaya 300-ə yaxın kitab hədiyyə etmişdir. Qiymətli kitablardan ibarət olan bu kolleksiya kitabxananın qızıl fonduna daxil olmuşdur.

Alim elmi-tədqiqat əsərində qeyd edir ki, tarixən zəngin olan Azərbaycan mədəniyyətinin, onun tərkib hissələrindən biri olan kitab mədəniyyətinin bugünkü səviyyəsi ulu öndərin adı ilə birbaşa bağlıdır. Heydər Əliyev mədəniyyəti xalqın böyük milli-mənəvi sərvəti hesab edirdi. Ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və nəşr olunması müasir dövrümüzün ən əhəmiyyətli sahəsi hesab olunur.

Elmi-tədqiqat əsərinin üçüncü bölməsində müəllif ulu öndər Heydər Əliyevin Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin araşdırılmasına, təbliğinə diqqət yetirdiyini, qədim əlyazmaların qorunmasına, öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini qeyd edir. Azərbaycanın tarixinə və mədəniyyətinə dair dünyanın müxtəlif arxiv və kitabxanalarında saxlanılan əlyazmalar toplanılıb respublikaya gətirilmədiyindən alimlər onlardan istifadə edə bilmirdilər. Mövcud vəziyyətdən çıxmaqdan ötrü Heydər Əliyev mühüm qərarlar qəbul etdi. Hələ 1981-ci ilin avqust ayında Azərbaycan KP MK "Azərbaycan SSR Elmlər Akademiyası Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması tədbirləri haqqında" müvafiq qərar qəbul etmişdir.

Monoqrafiyanın dördüncü bölməsi "Heydər Əliyev haqqında kitabların ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində əhəmiyyəti" adlanır. Elmi-tədqiqat əsərinin bu bölməsində müəllif qeyd edir ki, ulu öndər Heydər Əliyevin zəngin irsi milli sərvətimizdir və biz bu qiymətli irsi zaman-zaman öyrənməli, dövlətçiliyimizə və həyatımıza tətbiq etməliyik. Bu istiqamətdə bir çox dəyərli əsərlər yazılıb. "Heydər Əliyev Fondu" tərəfindən Heydər Əliyev irsinin tədqiq metodologiyası və araşdırmaların strategiyası işlənib hazırlanmışdır.

Beşinci bölmə "Heydər Əliyev Fondu tərəfindən hazırlanmış fundamental nəşrlər müstəqil Azərbaycanın tərəqqisinə xidmət edir" adlanır.

Müəllif yazır ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu" ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması sahəsində üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirir.

2005-ci ildə Fondun birillik fəaliyyətini əks etdirən nəfis tərtibatlı kitab nəşr edilmişdir. Fondun fəaliyyətə başladığı ilk bir il ərzində həyata keçirilən layihələrdən bəhs edən bu kitab qurumun öhdəsinə götürdüyü missiyaya sadiqliyini, Heydər Əliyev ideyalarına sədaqətini əks etdirir.

"Kitab və kitab nəşri haqqında Heydər Əliyevin müdrik fikirləri" adlı altıncı bölmədə müəllif Heydər Əliyevin irsini araşdırıb, onun kitab və kitab nəşri haqqındakı fikirlərini bir yerə toplayıb. Bölmə sahə mütəxəssisləri üçün mühüm əhəmiyyətə malikdir.

Elmi-tədqiqat əsərinin yeddinci bölməsi "Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabların biblioqrafik siyahısı" adlanır. Bölmənin əvvəlində müəllif ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitabların dillər üzrə siyahısını verir. Göstərilir ki, ulu öndər Milli Kitabxanaya 131 ədəd Azərbaycan, 107 ədəd rus, 18 ədəd ingilis, digərləri isə müxtəlif dillərdə olmaqla 300-ə qədər müxtəlif sahələr üzrə kitab hədiyyə etmişdir. Onların içərisində nəfis tərtibatlı müqəddəs kitabımız olan "Qurani-Kərim" də vardır.

Monoqrafiyanın səkkizinci "Dünyanın aparıcı mətbuatı və Ulu öndər Heydər Əliyev" adlı bölməsində müəllif hələ sağlığında əfsanələşən, siyasət zirvəsini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının ehtiramla, hörmətlə söylədikləri fikirləri təqdim edir.

"Görkəmli şəxsiyyətlər, dövlət, elm, mədəniyyət xadimləri ulu öndər Heydər Əliyev haqqında" adlı doqquzuncu bölmə müəllif Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə başlayır: "Heydər Əliyev fəlsəfəsini başa düşmək, dərk etmək üçün Azərbaycan xalqının son 50 illik tarixini öyrənmək, yüzlərlə elmi, siyasi, bədii, publisistik əsərləri oxumaq lazımdır. Yaşlı nəsil Heydər Əliyevin - ulu öndərin ölçüyəgəlməz xidmətləri ilə yaxşı tanışdır. Bugünkü nəsil də, gələcək nəsillər də böyük düha sahibinin xalqı, vətəni üçün gördüyü işləri, vətən qarşısında xidmətlərini bilməlidir".

Müəllif yekun olaraq yazır: "Heydər Əliyevin adı Azərbaycanın tarixinə əbədi həkk olunmuşdur. İllər, on illər, qərinələr keçəcək, bizlər həyatdan gedəcəyik və yeni nəsillər gələcək. Onlar Heydər Əliyevi gördüyü işlər ilə sevəcək və böyük minnətdarlıqla yad edəcəklər. Qədirbilən xalqımız Heydər Əliyevin adını nəsildən-nəsillərə ötürəcək və əbədi yaşadacaq".

Xuraman AĞAYEVA,

Bakı Dövlət Universitetinin

Sənəd menecmenti kafedrasının dosenti.