Elm ağlın çırağıdır
Elm

Elm ağlın çırağıdır

Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verir. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizə hər sahədə uğur qazanmaq üçün yeni qapılar açır. Elm ictimai inkişafın nəticəsidir. O, bir tərəfdən insan fəaliyyətinin təsiri altında inkişaf etmiş, digər tərəfdən isə ona fəal təsir göstərmişdir. 

Martın 27-si Azərbaycanda Elm Günüdür. Cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. “Elm günü” kimi məhz 27 mart tarixinin seçilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin imzaladığı “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 27 mart 1945-ci il tarixli qərarla ölkəmizdə Elmlər Akademiyası təsis edilib, akademiyanın ilk Nizamnaməsi təsdiq olunub. Bu gün Azərbaycanın elmi ictimaiyyətinin bayramı kimi qeyd olunur.

Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizədə AMEA-nın böyük xidmətləri var. Bu elm ocağı ölkəmizdə ziyalıların formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Bu gün Azərbaycan alimlərinin xeyli hissəsi öz biliyi və bacarığı sayəsində dünya elminin, mədəniyyətinin, incəsənətinin nadir incilərini yaradırlar.

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm sahəsi də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. Ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Belə yüksək dəyər sayəsində bu elm məbədindən yayılan mənəvi-intellektual enerji on illərdir ki, bütövlükdə milli mədəniyyətimizi stimullaşdırır. Müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşması, milli ziyalı elitasının yetişdirilməsi son onilliklərdə həm də məhz Akademiyanın fəaliyyəti nəticəsində mümkün olub. Xüsusən, ötən əsrin 70-80-ci illərində Azərbaycanda yaranan nüfuzlu elmi məktəblər yalnız keçmiş SSRİ-də deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verib.

Ölkə Prezidenti İlham Əliyev də dövlət başçısı kimi, fəaliyyətə başladığı dövrdən Azərbaycan Milli Elmlər Akademiyasının regionda əsas elmi mərkəzə çevrilməsi üçün genişmiqyaslı islahatların həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar imzalayıb. Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş təhsil siyasəti uğurla davam etdirilir. “Təhsil bizim gələcəyimizdir” sözləri ilə Prezident cəmiyyətimizin siyasi, iqtisadi, mədəni həyatına hesablanmış insan kapitalını formalaşdıracaq təhsil mühitinin zəruriliyini ifadə edir.

Azərbaycan dövlətinin elmə olan həssas münasibəti və elmi fəaliyyət sahəsində məqsədyönlü şəkildə həyata keçirilən islahatlar bu hədəfə doğru inamla addımlamağa əsas verir.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş, eyni zamanda müasir tələblərə uyğun olaraq həyata keçirilir.

Aiza ŞABANOVA,

“Respublika”.