Azərbaycan Gənc Oftalmoloqların konfransı və I Forumu keçiriləcək
Elm

Azərbaycan Gənc Oftalmoloqların konfransı və I Forumu keçiriləcək

Noyabrın 24-25-də XV Azərbaycan Gənc Oftalmoloqlar konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən "Respublika"ya verilən məlumata görə, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Azərbaycan Gənc Oftalmoloqlar konfransı və Azərbaycan Gənc Oftalmoloqların I Forumu Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunacaq.

Milli Oftalmologiya Mərkəzində keçiriləcək konfransın məqsədi oftalmologiyada baş verən yeniliklərdən, bu sahənin aktual məsələ və problemlərindən danışmaq, gənc kadrların bu yenilik və nailiyyətlərdən məlumatlanması və onlara dəstək olmaqdan ibarətdir.

Konfransda ölkəmizlə yanaşı Türkiyə, Rusiya, İtaliya, San-Marino, Hindistan, Çindən gələn bir çox gənc alimlər və oftalmoloqlar öz məruzələri ilə çıxış edəcəklər. Gənc Oftalmoloqların Forumu isə Azərbaycanda ilk dəfə olaraq keçirilir.

Konfransda “Miopiyanın buynuz qişanın endotel hüceyrələrinin sıxlığı ilə əlaqəsi”, “Keratokonuslu xəstələrdə hibrid linzaların tətbiqi”, “Katarakta cərrahi əməliyyatından sonra rast gəlinən endoftalmit və onun müalicə prinsipləri”, “Göz zədələnmələri zamanı düzgün yanaşma”, “Proliferativ diabetik retinopatiyanın cərrahi müalicəsi”, “Anadangəlmə katarakta və onun genetikası”, “Qalmış büllur materialları üçün cərrahi yanaşma” və s. kimi məsələlər müzakirə ediləcək.