Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Sosial həyat

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizdə səfərdə olan diaspor təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Azərbaycanda diaspor quruculuğunun banisi ümummilli lider Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli işin aparılmasını, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsi məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. Bu məqsədlə 2002-ci il iyulun 5-də ümummilli lider Heydər Əliyev Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasına dair Fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Dövlətimizin başçısının 2018-ci il 5 iyul tarixli Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Fond bu illərdə 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib.

Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması istiqamətində iş aparılır. Bu iş istər koronavirus pandemiyası, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib.

Diaspor gənclərinin fəallığının artırılması, milli kimliyin qorunub-saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri şəbəkəsi formalaşdırılıb.

Azərbaycan dövləti xaricə yaşayan soydaşlarımızın da diqqət və qayğı ilə əhatə olunmasına daim həssas münasibət göstərir. Belə ki, 2020-ci ildə Nazirlər Kabineti "Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası"nı təsdiqləyib. Komitə ilə rahat əlaqə yaradıla bilməsi məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum "Elektron hökumət" portalına inteqrasiya olunub.

Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir. COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması, eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar.

Xüsusi vurğulamaq lazımdır ki, COVID-19 pandemiyası zamanı Dövlət Komitəsi tərəfindən fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb, Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə çalışıblar. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin "qaynar xətt"inə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub. Habelə 33 ölkə üzrə 6857 soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanlıların təxliyəsinə dəstək göstərilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə "Qarabağ" adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən "Qarabağ məktəbi"ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Həmçinin 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış "Azərbaycan dili" dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.

Bu istiqamətdə ən mühüm və strateji məsələlərdən biri də Azərbaycan və Türk diasporunun birgə fəaliyyətinin təmin olunmasıdır. Qardaş ölkələrimizin dövlət başçıları daim bu məsələyə xüsusi diqqət yetiriblər. Ötən il iyunun 15-də Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinə uyğun olaraq, Azərbaycan və Türk diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün təşkil olunan mitinq və aksiyalarda Azərbaycan və Türk diasporunun on minlərlə üzvü yüksək fəallıq nümayiş etdirib. Xüsusi vurğulamaq lazımdır ki, "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası çərçivəsində, həmçinin 2020-ci ilin Tovuz döyüşləri və Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə diaspor üzvünün iştirakı ilə 300-dən artıq aksiya keçirilib.

AZƏRTAC