Əbədiyaşar igid oğullar
Sosial həyat

Əbədiyaşar igid oğullar

İkinci Qarabağ müharibəsində Cəbrayıl Qasımov şəhidlik zirvəsinə ucalanda 24 yaşında idi. Ölümü ilə tarix yazan Azərbaycanın qəhrəman oğlu özünü dərk edən gündən Vətəninə, xalqına sevdalanmışdı. Odur ki, Masallının Ərəb kəndində dünyaya göz açan, evin yeganə oğlu olan Cəbrayıl qorxmadan, şüurlu surətdə xalqının qeyrət və şərəf yolunda özünü şəhid verə bildi. Məhz buna görə ömrü qısa olsa da, zaman-zaman örnək olacaq əbədi həyat qazandı.

Bəli, Cəbrayıl Baloğlan oğlu 2014-cü ildə ordu sıralarına həqiqi hərbi xidmətə çağırılanda müqəddəs əzəli, əbədi yurd yerimiz olan Qarabağın azadlığı naminə birbaşa səngərə, erməni dığaları ilə döyüşə can atır və düşmənlə son damla qanına qədər vuruşub qisas alacağını bildirir. Vətən qayəsi, millət duyğusu qanını coşduran Cəbrayıl qısamüddətli hərbi təlimdən sonra ön cəbhədə canından artıq sevdiyi Azərbaycanın keşiyində durur. Xidmət zamanı yalnız özünə hörmət qazandırır, Vətəninə ürəkdən bağlı, hər an onun yolundan canından keçməyə hazır olan bir gənc kimi tanınır, sevilir. Neçə-neçə sınaqdan üzüağ çıxmaqla cəsurluğu, çevikliyi ilə əsgər yoldaşlarına nümunə olur...

Həyatda başlıca istəyi düşmən tapdağında qalan müqəddəs torpaqları azad görmək olan Cəbrayıl Qasımov Vətən müharibəsinə könüllü qoşulur, döyüş yolu ən qaynar bölgələrdən başlanır. Füzuli, Cəbrayıl döyüşlərində hər dəfə əlinə silah alanda dığaların üstünə qartal tək şığıyır, odlu ürəklə, sərrast atəşlə yağıya ağır itkilər verir. Beləcə, igid, cəsur döyüşçü oktyabrın 8-nə qədər ağır müharibə meydanında düşmənə qan uddurur. O, Füzulidə gedən ölüm-dirim savaşında qəhrəmancasına əbədiyyət adlı dünyasına qovuşur.

 Adında bütöv bir xalqın qəhrəmanlıq simvolunu yaşatmaqla milyonların ürəyində özünə əbədi yer edir Cəbrayıl Qasımov. Ölməz Vətən oğlu dövlət tərəfindən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.