Diplomatiya və dialoq irəliyə aparan mühüm vasitədir
Siyasət

Diplomatiya və dialoq irəliyə aparan mühüm vasitədir

Beynəlxalq münasibətlər sistemində çoxşaxəli  əməkdaşlıq əlaqələrinin qurulması, transmilli layihələrin reallaşdırılması nəticəsində regional güc olan  Azərbaycan dövləti  ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində böyük uğurlara imza atır. Dünya dövlətləri ilə müxtəlif sahələrdə bərabər və qarşılıqlı faydalı münasibətlərin  inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz  müstəqil xarici siyasətində Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s. bir sıra  beynəlxalq  təşkilatlarla təmaslarını və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir.

Ölkəmizin BMT-də və İƏT-də uğurlu əməkdaşlıq həyata keçirdiyi, ikitərəfli münasibətlərini  dinamik şəkildə inkişaf etdirdiyi  dövlətlərdən biri də Albaniyadır. 30 illik diplomatik əlaqələrə malik ölkələrimiz artıq  əməkdaşlığın  daha intensiv mərhələsinə qədəm qoyaraq gələcək üçün yeni inkişaf istiqamətlərini, maraqlı olan sahələri müəyyən etmişlər. Tiranada Azərbaycan  səfirliyinin  fəaliyyətə başlaması isə ikitərəfli əlaqələrin  inkişafı üçün  qarşılıqlı siyası iradənin mövcudluğunu göstərir. Dostluq təməlləri üzərində qurulan əməkdaşlığın yeni yollarını açan, enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əlaqələrin genişləndirilməsində  maraqlı olan hər iki ölkə bir çox sahələrə qarşılıqlı sərmayə qoyuluşu, şirkətlərin birgə fəaliyyəti və birgə müəssisələrin yaradılmasını prioritet  hesab edir.

TAP  layihəsinin üzvü  olan və icrasında mühüm rol oynayan  Albaniya Cənub Qaz Dəhlizi Məşvərət  Şurasının bir çox toplantılarında  fəal iştirak etmişdir.  Eyni zamanda, 2027-ci ilə qədər Avropaya  qaz təchizatını iki dəfə artırmağı planlaşdıran Azərbaycan  ixrac etdiyi təbii qazını Albaniya ərazisindən Avropaya çatdırır, həmçinin ölkəmiz  bu günə qədər qaz şəbəkəsi yaradılmayan Albaniyada bu sahədə investor kimi də iştirak etməyə  hazır olduğunu bəyan edir.

Hazırda Azərbaycan ilə Albaniya arasında sıx əlaqələr, fəal dialoq mühiti mövcuddur. Beynəlxalq təşkilatlarda  birgə fəaliyyət göstərən ölkələr  bir-birinin mövqeyini dəstəkləməklə, ərazi və suverenliklərinə hörmətlə yanaşmaqla əsl dostluq nümunəsi göstərirlər. Bunu 2019-cu il noyabr ayının 26-da Albaniyada baş verən zəlzələ zamanı ölkəmiz dost köməyini əsirgəməməklə bir daha sübut etmişdi.

Belə ki, 51 nəfərin həlak olduğu, 3000 nəfərin yaralandığı zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycan Albaniyaya humanitar yardım etmiş və bu dost köməyini Albaniya hökuməti yüksək qiymətləndirmişdir. Azərbaycanın üzv olmadığı təşkilatlarda belə Albaniyanın ölkəmizin mənafeyindən çıxış etməsi bunu bir daha sübut edir. Belə ki, əhalisinin əksəriyyəti fransız dilində danışan və fransız mədəniyyətinə bağlılığı olan ölkələri özündə birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatının 2022-ci il 19-20 noyabr tarixlərində Tunisin Cebra şəhərində keçirilən XVIII sammitində Prezident Emmanuel Makronun diktəsi ilə üzv dövlətlərin bir hissəsi ölkəmizə qarşı aqressiv mövqe nümayiş etdirmişlər. Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən, mütəmadi olaraq bölgədə sülhü təhdid edən addımlar atan Fransa dövləti Cebra şəhərində keçirilən XVIII sammitdə Frankofoniya Təşkilatı vasitəsilə Azərbaycana təzyiq etmək üçün xüsusi hazırlıq görmüşdü. Həmçinin Fransanın birbaşa dəstəyi ilə Zirvə Görüşünün yekun sənədləri olan Cebra Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli ifadələr daxil edilərək üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdur. Bu qətnamə ilə həm üzv dövlətlər Ermənistana dəstək və həmrəyliklərini bildirib, həmçinin bu kontekstdə həmin ilin sentyabrında baş vermiş son hərbi eskalasiya, bunun nəticəsində beynəlxalq hüquq, ərazi bütövlüyü və beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı narahatlıq ifadə ediblər. Sənəddə həmçinin növbəti eskalasiyanın qarşısının alınmasının vacibliyi vurğulanıb, üçtərəfli Bəyanatın həyata keçirilməsinə çağırış edilib. Lakin müzakirələr zamanı bir neçə üzv ölkənin, o cümlədən Albaniyanın israrı ilə Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən, qərəzli ifadələr çıxarılsa da, ölkəmizin mənafeyini müdafiə edən ölkələrə qarşı Fransa tərəfindən siyasi təzyiqlər göstərilib və qərar qəbuletmə prosedurları pozularaq üzv dövlətlərin mövqeləri nəzərə alınmadan, fransız-erməni tandeminin eyhamlarla, ittihamlarla və təhqirlərlə dolu sözügedən sənədinin Zirvə Görüşünə təqdim edilməsi üçün təsdiqləndiyi bildirilib. Belə olan halda qərara etiraz edən nümayəndələr konfrans zalını tərk ediblər. Albaniya Prezidenti Bayram Beqayın ölkəmizə səfəri çərçivəsində iyulun 7-də ölkə başçımız mətbuata bəyanatla çıxışı zamanı bu barədə demişdir: "Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu".

Qeyd edək ki, 1970-ci ildə yaradılan, fransız dilinin rəsmi dil olduğu, əhalisinin böyük bir hissəsinin fransız dilində danışdığı, fransız mədəniyyəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən Beynəlxalq Frankofoniya Təşkilatı sıralarında 54 tamhüquqlu, 7 assosiativ və 27 müşahidəçi üzv ölkəni birləşdirir. Fransız dilini öyrənmək və bu dili kütləvi danışıq dilinə çevirmək, fransız dilli əhalinin sayını artırmaq, fransız mədəniyyətini təbliğ etmək üçün qurulan təşkilatın məqsədi fransız dilini, mədəniyyətini dəstəkləmək, mədəniyyətlərarası dialoqu təmin etməklə yanaşı, həmçinin sülhə, demokratiyaya, insan haqlarının qorunmasına, hüququn üstünlüyünə, davamlı iqtisadi inkişafa nail olmaq və təşkilatın Zirvə Görüşündə alınan qərarları yerinə yetirməkdən ibarətdir. Amma sülhü, demokratiyanı dəstəkləmək məqsədilə yaradılan təşkilatda əsassız iddialar irəli sürülür, qətnamələr qəbul edilir. Bütün bunlar isə Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın əlində digər dövlətlərə təzyiq etmək üçün siyasi alət olduğunu nümayiş etdirir və bu dövlətin Azərbaycan olması heç də təsadüfi deyil. Bu gün Azərbaycanla əks mövqedə dayanan Fransa Cənubi Qafqazın lider dövləti olan ölkəmizin regionda yaratdığı reallıqları qəbul etmir və hər vəchlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur. Sözsüz ki, Fransa anti-Azərbaycan mövqeyi ilə ölkəmizin nüfuzuna, qüdrətinə xələl gətirə bilmir. Ermənistanla bu istiqamətdə əlbir fəaliyyət həyata keçirsələr də, Azərbaycanla əməkdaşlıq edən dost ölkələrin sayı gündən-günə artır. Çünki dövlətimiz uğurlu xarici siyasətində bütün ölkələrlə əmin-amanlıq, dostluq şəraitində yaşamağı hər zaman prioritet olaraq müəyyənləşdirib. Əməkdaşlıq etdiyi ölkələrə hər zaman xoş niyyət, şəffaf münasibət, siyasi və mənəvi dəstək göstərən Azərbaycan bu səbəbdəndir ki, dünya ölkələri arasında böyük nüfuz sahibi, humanist ideyalara sadiq ölkə olaraq qəbul edilir.

Mehparə ƏLİYEVA,

"Respublika".