“Doha Expo 2023
Siyasət

“Doha Expo 2023"

Bu sərgidə iştirak edən Azərbaycan gündəliyinin "yaşıl enerji" ilə bağlı olduğunu nümayiş etdirir

"İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il  bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir...". Bu fikirləri ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsinə həsr edilmiş müşavirədə Prezident İlham Əliyev bildirib.

Təmsil olunan ölkələrin sayı baxımından BMT Baş Assambleyasından heç də geri qalmayan COP-un  növbəti konfransının Bakıda keçirilməsi barədə qərarın verilməsi həqiqətən əlamətdar hadisədir. Çünki bu qərar beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə qəbul olunub və təbii ki, ölkəmizin ən böyük uğurlarından biri olacaqdır. Əvvəla, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə, ilk növbədə, neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və bizim gündəliyimizin "yaşıl enerji" ilə bağlı olduğunu bütün dünyaya nümayiş etdirəcək. Dövlət başçısının qeyd etdiyi kimi: "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Ölkəmiz ekoloji mühitin qorunması, iqlim dəyişmələrinin yaratdığı fəsadların qarşısının alınması məqsədilə keçirilən beynəlxalq səviyyəli sərgilərdə də fəal iştirak edir. Azərbaycan artıq Expo sərgilərində kifayət qədər təcrübəyə malikdir. Bunu "Doha Expo 2023"ün Baş komissarı Bader bin Omar AI Dafa da deyib. 2023-cü il oktyabrın 2-dən 2024-cü il martın 28-dək fəaliyyət göstərəcək "Doha Expo 2023" Beynəlxalq Bağçılıq Sərgisi "Yaşıl səhra, daha yaxşı ətraf mühit" (Green Desert, Better Environment) mövzusunda təşkil edilib. Məqsəd davamlı innovasiyaları təşviq etmək və səhralaşma ilə mübarizə aparmaqdır. Onu da qeyd edək ki, "Doha Expo 2023"də fəaliyyət göstərən pavilyonlar sırasında Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonu da yer alıb.

Azərbaycanın və Qətərin dövlət rəsmilərinin, bu ölkədə akkreditasiya olunmuş 60-a yaxın ölkənin səfirinin iştirak etdiyi Azərbaycan Mədəniyyəti Günlərinin fevralın 21-24-də  açılış mərasimində Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək iki ölkənin münasibətlərinin qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslandığını, sıx təmasların, əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verdiyini bildirib. O, "Doha Expo 2023"də Azərbaycanın Milli Gününün keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışıb, Beynəlxalq Bağçılıq Sərgisinin dünyanın gündəmindəki ən vacib məsələlərdən birinə - iqlim dəyişmələri ilə bağlı məsələyə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin ölkəmizin dünyanı narahat edən iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verdiyini və bu istiqamətdə əməli işlər gördüyünü də diqqətə çatdırıb. Eyni zamanda Azərbaycanın noyabr ayında BMT-nin  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini də xüsusi vurğulayıb.

Baş komissar isə çıxışında bildirib ki, "Doha Expo" iştirakçıları dünya ölkələrinə maraqlı "səyahət"ə aparır və bu gün isə qardaş Azərbaycan Respublikasının Milli Gününü qeyd etmək üçün bir araya gəliblər. Azərbaycan iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq  müzakirələrdə davamlılığı və əməkdaşlığı yaxşılaşdırmaq üçün COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-u qəbul edəcək Braziliya ilə fəal tərəfdaşlıq edir.

Baş komissar həmçinin deyib: "Azərbaycanda investisiya siyasəti innovasiyaya və texnologiyaya əsaslanır. Azərbaycan neft-qaz sektorundan başqa, digər sahələri də sürətlə inkişaf etdirərək iqtisadiyyatının şaxələndirilməsini uğurla həyata keçirir. Bütün bunlar ölkədə bərpaolunan enerji, kənd təsərrüfatı sənayesi və turizm kimi inkişaf edən sahələrdə investorlar üçün fürsət yaradır... Azərbaycanın "Doha Expo 2023"də iştirakı bu sərginin hədəfləri ilə səsləşir, bu da dost dövlətin beynəlxalq əməkdaşlığa, faydalı tərəfdaşlıqlara və investisiyalara töhfəsidir".

Azərbaycan pavilyonunda "Doha Expo"nun ümumi mövzusuna uyğun olaraq ölkəmizin zəngin florasının nümunələri, bitkilərdən təşkil olunmuş kompoziyalar nümayiş etdirilir. Burada Qarabağ florasının tacı olan Xarıbülbül gülünün gözəlliyi də ziyarətçilərə göstərilir. Sərgi iştirakçılarına həmçinin xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam üçlüyü təqdim olunur.

Ümumiyyətlə, Expo tədbirlərinə xüsusi önəm verən ölkəmiz bundan əvvəl Milan, Antalya, Astana, Pekin kimi şəhərlərdə keçirilən beynəlxalq sərgilərdə də uğurla iştirak edib və yüksək mükafatlara layiq görülüb. Azərbaycan həmçinin "Osaka, Kansai Expo 2025"  dünya sərgisində də təmsil olunacaq. Bununla bağlı Yaponiya ilə müqavilə də imzalanıb.

"Doha Expo 2023" davam edir, onun başa çatmasına sayılı günlər qalır. Müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji şüurluluq, davamlılıq kimi dörd əsas istiqamət üzrə  təşkil olunmuş sərginin keçirilməsində məqsəd beynəlxalq ictimaiyyəti səhralaşmanın azaldılması üzrə innovativ həlləri araşdırmaq və qəbul etməyə istiqamətləndirməkdir.

İqlim məsələləri ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verən ölkəmiz üçün Expo sərgiləri Azərbaycanın uğurlarını dünyaya çatdırmaq baxımından ən real məkandır. Xatırladaq ki, Qətərdə keçirilən "Doha Expo 2023" martın 28-də başa çatacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".