Dövlətçilik tariximizin möhtəşəm dövrü
Digər xəbərlər

Dövlətçilik tariximizin möhtəşəm dövrü

20 il əvvəl, 15 oktyabr 2003-cü il tarixində keçirilən prezident seçkilərində xalqımız Ümummilli Liderimizin çağırışına səs verərək, onun ən layiqli davamçısına etimad göstərmiş və seçicilərin 76 faizdən çoxu öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına verərək cənab İlham Əliyevi ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Bununla da dövlətimizin tərəqqisinə, beynəlxalq miqyasda layiqli yer tutmasına, xalqımızın rifahına və milli maraqlarımızın reallaşdırılmasına etibarlı zəmin yaradılmış, müstəqil dövlətçilik dövrünün inkişafında yeni tarixi mərhələ başlanmışdır. Azərbaycan xalqı və tarixi üçün əhəmiyyətli və əlamətdar olan bu hadisədən ötən müddət ərzində cənab Prezidentin rəhbərliyi ilə demokratik inkişaf yolunda sistemli islahatlar və çoxvektorlu dövlət siyasəti həyata keçirilmiş, insan və vətəndaş amili ön planda olmaqla dövlətin inkişafı naminə bütün potensial səfərbər edilmiş, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində böyük addımlar atılmışdır.

Dövlət başçısı İlham Əliyevin məqsədyönlü və uğurlu dövlətçilik fəaliyyəti yeni tarixi dövrün reallıqları nəzərə alınmaqla, müasirlik və modernləşdirmə üzərində qurulmuşdur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi yeni tarixi dövrün lideri olan İlham Əliyev tərəfindən yaradıcı şəkildə inkişaf etdirilərək, dünyada və ölkədə gedən proseslərlə əlaqəli şəkildə düşünülmüş addımlarla zənginləşdirilmiş və müasir dövrün daha yüksək mərhələsinə qaldırılmışdır.

Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dünyanın ictimai-siyasi vəziyyətini dərindən təhlil edərək vaxtında ölkə üçün taleyüklü qərarları qəbul etmək, müəyyən edilmiş strategiyanı dönmədən həyata keçirmək istedadı milli dövlətçilik tarixində İlham Əliyevin özünəməxsus obrazının yaranmasına xidmət edir. Bütün bunlar ölkəmizin tarixində yeni bir inkişaf mərhələsi olan İlham Əliyev erasını meydana çıxarmışdır. Azərbaycan tarixinə bənzərsiz qızıl dövr kimi daxil olmuş 2003-2023-cü illərdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli dövlət anlayışlarının müqəddəs amala çevrilməsi, cəmiyyət həyatında ardıcıl və çoxşaxəli inkişafın, bütün sahələrdə nailiyyətlərin qazanılması, eyni zamanda müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun, hərbi qüdrətinin inkişaf etdirilməsi cənab Prezidentin həyata keçirdiyi böyük dövlətçilik strategiyasının uğurlarıdır. Atdığı düşünülmüş və qətiyyətli addımlar ölkə həyatının bütün sahələrində olduğu kimi, beynəlxalq miqyasda da Prezident İlham Əliyevə əsl liderlik nüfuzu qazandırmış, səciyyəvi müqəddəs ali dəyərləri onu dünyada qəbul edilən görkəmli dövlət xadimi səviyyəsinə qaldırmışdır.

Real və uzaqgörən ideyaları böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş islahatların ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək liderlər göstərmək asan deyildir. Azərbaycan xalqının Lideri üçün "Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir" prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur. Prezident İlham Əliyevin rəhbərlik etdiyi 2003-2023-cü illər haqlı olaraq Azərbaycan tarixinə möhtəşəm 20 il kimi daxil olmuşdur. Bu dövr çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olmaqla bərabər, həm də müstəqillik dövrünün taleyüklü məsələlərinin həllini, xalqımızın işıqlı gələcəyinin təmin edildiyini əks etdirən böyük bir mərhələdir.

2003-2023-cü illərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və geniş miqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmış, onun hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırmışdır.

Azərbaycanın 20 il ərzində əldə etdiyi misilsiz uğurları sadalayarkən milli birlik, sabitlik amilləri mütləq qeyd olunmalıdır. Çünki hər bir inkişafın əsasında sabitlik dayanır və bu gün bir çox dövlətin və xalqın yaşadığı faciələrdən də göründüyü kimi, sabitliyin olmadığı yerdə inkişafdan, uğurdan söhbət belə gedə bilməz. Cənab Prezident İlham Əliyev ilk növbədə, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan ölkəmizdə sabitlik və təhlükəsizlik mühitinin qorunmasını və daha da möhkəmlənməsini təmin etmiş, Azərbaycan xalqını milli ideya və məqsədlər ətrafında yumruq kimi birləşdirməyi bacarmışdır. Xalq-iqtidar birliyi, ölkə vətəndaşlarının Prezident İlham Əliyevə sonsuz dəstəyi Azərbaycanın əldə etdiyi misilsiz uğurların çıxış nöqtəsi, möhkəm sütununa çevrilmişdir.

Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik" tezisi dünənimizə və gələcəyə baxışdır.

Xalqının böyük sevgisini və dəstəyini qazanan Prezident İlham Əliyev Azərbaycanı dünyanın nüfuzlu dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni qısa müddət ərzində - 44 gündə həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər Qələbədən Qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsi oldu. Məhz beynəlxalq siyasətin mahir bilicisi olan cənab Prezidentin "Dəmir yumruğ"u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi.

2003-2023-cü illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl tədbirlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan təslimolma sənədinə imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki qəti qələbəmiz və son antiterror tədbirləri nəticəsində erməni separatçılarının tam tərk-silah edilərək Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd şəhərlərinin azad edilməsi dayanır. Əli Azərbaycan xalqının qanına batmış terrorçu liderlərin həbs olunaraq Bakıya gətirilməsi isə bu böyük qələbənin ədalətli və məntiqli davamı kimi xüsusi vurğulanmalıdır.

Bu gün sözlə ifadə edilməsi çətin olan dərin sevinc hissləri ilə qeyd edirik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan və xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri ilə Azərbaycan qalib ölkəyə, xalqımız müzəffər xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni geostrateji reallıqlar yarandı.

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biri kimi Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqinə görə dünyada öz sözünü deyir.

Ötən 20 il ərzində ölkə rəhbərinin xalqa verdiyi bütün vədləri yerinə yetirilmişdir və Vətən müharibəsində qazanılmış Qələbə əlbəttə ki, həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyev bunu etdi. Özünün də vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır.

Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafı təmin edilmiş, siyasi və hərbi reytinqimiz nəzərə çarpacaq dərəcədə artmış, insanların sosial rifah halı daha da yaxşılaşmışdır. İnkişaf və tərəqqidən danışarkən hər şeydən öncə azad edilən Qarabağ və Şərqi Zəngəzur torpaqlarında abadlıq-quruculuq işlərinin fövqəladə sürətlə aparılmasını vurğulamaq kifayətdir. Dövlət başçımızın vurğuladığı kimi, Qarabağ tezliklə cənnətə çevriləcək, keçmiş məcburi köçkünlər maksimum qısa müddətdə doğma yurdlarına qayıdacaqlar. Qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, 2003-2023-cü illərdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə həyatının bütün sahələrində böyük inkişaf və tərəqqini şərtləndirmişdir. Xilaskarlıq və inkişaf missiyası ilə əbədilik qazanan İlham Əliyev tərəfindən hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi bütün digər dövlət qurumları kimi, prokurorluğun da fəaliyyətində əsaslı dönüş yaratmışdır. Belə ki, son 20 il ərzində Azərbaycan Prokurorluğunun maddi-texniki bazası daha da möhkəmləndirilmiş, kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmişdir.

1 may 2020-ci ildə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmuş Kamran Əliyevi qəbul edərkən verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanan, müstəqil dövlətimizin dayanıqlı və davamlı tərəqqisinə adekvat islahatlar aparılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları nəticəsində prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilməklə fərqləndirilmiş, prokurorluqda yeni informasiya texnologiyaları tətbiq edilmiş, əməkdaşların sosial-maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda hesabatlılığın və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilməkdədir.

Müasir yanaşmanı və ən yaxşı təcrübələri tətbiq edərək qısa zaman kəsiyində aparılmış struktur və kadr dəyişiklikləri, istintaqın və prosessual rəhbərliyin keyfiyyətinin artırılması, dövlət ittihamının müdafiəsi işinin təkmilləşdirilməsi, ictimai və dövlət maraqlarının qorunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası sahələrində real nəticələrin əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq" hərbi əməliyyatı zamanı cəmiyyətimizlə birlikdə səfərbər olaraq döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətlərini həyata keçirməklə, digər zəruri tədbirləri görməklə prokurorluq orqanlarının üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və qazanılmış böyük qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması, eləcə də ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulmasında iştirakı olmuş bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması da xüsusi vurğulanmalıdır.

Bu baxımdan cənab Prezidentin 1 aprel 2021-ci il tarixli "İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında" Sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğunun yaradılması, o cümlədən qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb etmişdir.

Ölkə başçısının Baş prokurorla görüşündə "Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır... biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq" tapşırığı əsas götürülməklə bu sahədə kəsərli addımların atılması təmin edilmiş, əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı sistemli və qətiyyətli mübarizə tədbirləri aparılmışdır.

Qeyd olunması vacibdir ki, bir əsrdən artıq tarixə malik olan, ölkəmizin hüquq sistemində mühüm yeri və rolu ilə seçilən Azərbaycan Prokurorluğunda aparılan müasir məzmunlu islahat tədbirləri arasında müstəsna önəm daşıyan cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanı ilə "Elektron Prokurorluq" İnformasiya Sisteminin yaradılması bir daha ölkə başçısının prokurorluğa olan inam və etimadının göstəricisidir. Bu islahat maddi-texniki bazanın möhkəmləndirilməsi, eləcə də elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətin səmərəliliyinin artırılması sahəsində mühüm əhəmiyyətə malikdir.

Eyni zamanda, cənab Prezidentin "Əsas məqsədimiz dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır" tələbi prokurorluq orqanlarında kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsində əsas meyarlar kimi qəbul edilmiş, prokurorluq işçilərinin fəaliyyətinin xüsusiyyəti, bu orqanın yerinə yetirdiyi vəzifələrin ictimai əhəmiyyəti diqqətdə saxlanılmaqla işə qəbulla bağlı son illərdə keçirilmiş müsabiqələrlə prokurorluğun kadr korpusunun yenilənməsi, gənc, istedadlı kadrlarla komplektləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Respublikanın Hərbi Prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə görülmüş işlər nəticəsində hərbi intizamın möhkəmləndirilməsi, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınması, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılması diqqət mərkəzində saxlanılmışdır.

Cənab Prezident İlham Əliyevin müasirləri olan bizlər onun xalqımızın nüfuzunun yüksəldilməsi üçün gördüyü titanik işlərin və tarixin ən qüdrətli Azərbaycanının yaradılmasının şahidləri kimi xoşbəxtik və tarixin ən şanlı səhifəsi kimi bu qızıl dövr gələcək nəsillərin də yaddaşında daim yaşayacaqdır.

Aqil AXUNDOV,

Naxçıvan hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.