Əbədi ehtiram haqqınızdır
Region

Əbədi ehtiram haqqınızdır

O, Hacıqabul rayonunun Navahı qəsəbəsində anadan olmuş, bu kənddən də hərbi xidmətə yollanmışdı. 25 yanvar 2015-ci ildə Gədəbəy rayonu ərazisindəki döyüş postunda olarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhidlik zirvəsinə ucaldı.  Əbədi ehtirama halal haqq qazanmış  şəhid Vüqar Rasim oğlu Qasımovun xatirəsi vəfatının ildönümü günü məzarı önündə anıldı.

Xatirə tədbirində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin  nümayəndələri və şəhidin ailə üzvləri iştirak etdilər.

  Şəhidin məzarı üzərinə tər qərənfillər düzüldü. Anım mərasimdə iştirak edənlər tərəfindən şəhidin valideynlərinə başsağlığı verildi, şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıldı. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçısının diqqətində olduğu vurğulandı.

Tofiq HÜSEYN,

“Respublika”.