GƏNCƏDƏ CAVAD XANIN XATİRƏSİ ANILIB
Region

GƏNCƏDƏ CAVAD XANIN XATİRƏSİ ANILIB

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi ehtiramla yad edilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov,  "Cavad xan" Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, icra hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. İştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edərək, məzarına tər çiçəklər düzüblər. Xatırladaq ki, 220 il əvvəl - 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəsədək vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian təqvimi ilə yanvarın 3-ü göstərilib. Bu da 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir. Qeyd edək ki, Cavad xanın Gəncədəki türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Ötən il Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, türbənin dam örtüyü, fasad və daxili hissəsi təmir olunub.

Zabit XƏLİLOV,

“Respublika.