Əbədiyaşar Liderə ümumxalq məhəbbəti
Digər xəbərlər

Əbədiyaşar Liderə ümumxalq məhəbbəti

Hər bir xalqın ən böyük arzusu müstəqil dövlət qurmaq, azad və sülh şəraitində yaşamaqdır. Yer üzündə 200-dən çox xalq və millət olsa da onların çoxlarının nə müstəqil dövlətləri, nə də azad yaşamaq imkanları var. Azərbaycan xalqı o xoşbəxt xalqlardan biridir ki, onun müstəqil dövləti mövcuddur. Xalqımız bu arzusuna çatmaq üçün tarixin ciddi sınaqlarından keçmiş, bu yolda çoxlu qurbanlar vermişdir. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət quruluşu idi. Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti bir çox tarixi nailiyyətlərə imza atdı. Azərbaycan milli ordusunun yaranması, o zamankı çətin şəraitdə müstəqilliyimizi fədakarlıqla qorumaq əzmi bu tarixi nailiyyətlərdən biriydi. Çox təəssüf ki, 1920-ci il aprelin 28-də bolşevik işğalı ilk demokratik Cümhuriyyətimizin süqutuna səbəb oldu. Beləcə xalqımızın istiqlal və azadlıq arzuları yarımçıq qaldı. Tarixin səhnəsinə yenicə qədəm qoyan bir dövlətə qarşı amansızlıq göstərildi, cümhuriyyətimizin qurucularına qarşı qanlı divan tutuldu. Lakin Azərbaycan xalqı qəlbinin dərinliyində uzun illər boyunca azad yaşamaq arzusunu qoruyub saxladı.

Sovet rejiminin qanlı repressiyalarına rəğmən xalqımızın mübariz övladları azadlıq uğrunda sonadək çarpışdılar. Onlara bu cəsarəti verən heç şübhəsiz ki, xalqımızın böyük lideri, ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev sovet rejiminin əsl mahiyyətini yaxşı bilirdi. Lakin ilahi ona fenomen bir güc, qüvvət, siyasi ustalıq, hakimiyyəti bacarıqla idarə etmək istedadı vermişdi. Heydər Əliyev sovet təhlükəsizlik sistemində şərəfli bir xidmət yolu keçmişdi. Adi əməkdaşlıqdan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş, general-mayor rütbəsi almışdı. Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrlar demək olar ki, yox dərəcəsində idi. Az bir zamanda Heydər Əliyev bu xoşagəlməz vəziyyəti kökündən dəyişdi, milli kadrların irəli çəkilməsini təmin etdi. Heydər Əliyev ilk azərbaycanlı kimi DTK-nın sədri vəzifəsinə təyin edilmişdir.

Görünür sovet rəhbərliyi Heydər Əliyevin bilik və bacarığını nəzərdən qaçırmamışdı. 1969-cu ilin iyul plemununda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olundu. Həmin illərdə Azərbaycan keçmiş Sovet İttifaqının ən geridə qalan respublikalarından biri idi. Heydər Əliyevin qarşısında həlli vacib məsələlər dururdu.

Heydər Əliyev Sovet İttifaqında parlayan siyasi xadim, dövlət rəhbəri kimi geniş şöhrət qazanmışdı. Onun fəaliyyətində xalqımızın gələcəyi ilə bağlı gördüyü işlər xüsusi əhəmiyyət daşıyırdı. Heydər Əliyevin siyasi fəhmi güclü idi. Onun nəzərləri daim gələcəyə yönəlirdi. Bəlkə də heç bir siyasi lider onun qədər yaxın gələcəkdə baş verə biləcək dəyişiklikləri hiss etmir, buna uyğun addımlar atmağı bacarmırdı. Məhz Heydər Əliyev 1971-ci il iyunun 20-də Bakıda azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olmuş C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat Məktəbi açmağı bacarmışdı.

Sonralar ulu öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Heydər Əliyev milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Odur ki, hər il yüzlərlə Azərbaycan gənci ovaxtkı SSRİ-nin seçilmiş ali məktəblərinə göndərilirdi. Bu gənclər arasında hərbi təhsilə göndərilənlərin də sayı ildən-ilə artırdı. Bu məlum bir həqiqətdir ki, istər çar Rusiyası, istərsə də sovet dövründə azərbaycanlı hərbi kadrların hazırlanmasına müxtəlif bəhanələrlə maneçilik törədilirdi. Heydər Əliyev yüz illərlə formalaşan bu xoşagəlməz stereotipi dağıtmağı bacardı. Azərbaycanlı hərbçilərin yeni nəsli formalaşdı, Vətənimizin ən çətin günlərində onlar erməni işğalının qarşısının alınmasında əsas qüvvəyə çevrildilər.

Ulu öndər Heydər Əliyev 5 il müddətində SSRİ dövlətinin rəhbərlərindən biri kimi kurasiyasında olan ən çətin sahələrə bacarıqla rəhbərlik etdi. Siyasi Büronun ən nüfuzlu üzvlərindən biri kimi nəinki SSRİ-də, eləcə də xarici ölkələrdə böyük şöhrət qazanmışdı. Onun yüksələn nüfuzu Kremldəki Qorbaçov kimilərini ciddi narahat etməyə başladı. O zamankı ictimai rəydə belə bir fikir formalaşmışdı ki, SSRİ kimi nəhəng dövləti gələcəkdə idarə etməyə ən real namizəd məhz Heydər Əliyevdir. Lakin buna imkan verilmədi, Qorbaçov kimi birisinin hakimiyyətə gəlişi isə ittifaqın dağılmasına, münaqişələrin alovlanmasına səbəb oldu.

Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra erməni faşizmi baş qaldırdı. Qorbaçova bilavasitə arxalanan erməni işğalçıları Qarabağda separatizmi gücləndirərək açıq işğalçılıq siyasətini həyata keçirməyə başladılar. Yenicə müstəqilliyinə qovuşan Azərbaycanda siyasi hərc-mərclik, anarxiya, hakimiyyətsizlik hökm sürdüyündən ermənilərin işğalçılıq niyyətləri genişləndi. Silah-sursatın, vahid komandanlığın olmadığı bir şəraitdə igid Vətən övladlarımız mərdliklə vuruşaraq torpaqlarımızı müdafiəyə qalxdılar.

Azərbaycanı canından artıq sevən Heydər Əliyev həmin vaxt hakimiyyət başında olsaydı torpaqlarımızın işğalı baş verməzdi. Çox təəssüf ki, daxilimizdəki hakimiyyətpərəst qüvvələr öz çirkin mənafelərini Vətənin mənafeyindən üstün tutaraq onun hakimiyyətə gəlişinə imkan vermədilər. Heydər Əliyev əsla ruhdan düşmədi, doğma Naxçıvana qayıdaraq burada erməni təcavüzünün qarşısını məharətlə aldı, çətin durumda xalqla bir yerdə olduğunu, onun naminə hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi. Azərbaycanda vəziyyət gündən-günə pisləşir, vətəndaş müharibəsi təhlükəsi baş qaldırırdı. Azərbaycan xalqı bir daha müdriklik nümayiş etdirərək təcrübəli siyasi xadim, dövlət rəhbəri Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi. Heydər Əliyev xalqın inam və güvənc yeri, onu düşdüyü bu bəlalardan xilas edəcək bir lider idi.

Vəziyyətin mürəkkəbliyini, ölkənin iqtisadi durumunun ağırlığını yaxşı bilən Heydər Əliyev nə qədər çətin də olsa, ilk növbədə, vətəndaş həmrəyliyinin, sabitliyin bərpasının vacibliyini önə çıxardı. Bunun üçün qanunçuluğun gücləndirilməsi, qanunsuz silahlı birləşmələrin ləğv edilməsi, hüquq-mühafizə sistemində qayda-qanun yaratmaq lazım idi. Ölkəni dirçəltmək üçün neft sazişlərinin bağlanması həyati əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin siyasi nüfuzuna, onun qətiyyətinə arxalanan xarici neft şirkətləri 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"ni imzaladılar. Xəzərin hüquqi statusunun müəyyənləşmədiyi bir şəraitdə belə bir tarixi uğura imza atmaq yalnız Heydər Əliyev kimi qüdrətli siyasi liderə müyəssər ola bilərdi. Ulu öndər bildirirdi ki, keçid dövrü adlanan bu mərhələni uğurla keçmək üçün ölkəni idarə edən rəhbər təcrübəli bir insan olmalıdır. O, həmin dövrdə keçilən yolu nazik ipin üzərində yeriməyə bənzədirdi.

Heydər Əliyevi başqa siyasətçilərdən fərqləndirən başlıca xüsusiyyət ən mürəkkəb vəziyyətdə belə bəlkə də çoxlarının görə bilmədiyi ən doğru, ən təsirli vasitələri tapıb qarşıda dayanan vəzifələrin yüksək icrasına nail ola bilməsi idi. Belə bir keyfiyyət, sözsüz ki, həm nəzəri biliklərin, həm də zəngin siyasi təcrübənin olmasını zəruri edir.

Hərbi quruculuq məsələsi kifayət qədər mürəkkəb və incə məsələdir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda ölkəmizdə bu sahədə vəziyyət çox acınacaqlı idi. Azərbaycan ordusunda ağır böhran hökm sürürdü. Orduya dövlət rəhbərliyi təmin edilməmişdi, ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi. Dövlət və ordu bir-birindən ayrı düşmüşdü, ordu siyasi işlərə cəlb edilmişdi.

Müasir və yeni ordunun formalaşdırılması təxirəsalınmaz bir vəzifə kimi qarşıda dururdu. Heydər Əliyev hərbi işə bələd bir lider kimi o zaman çox böyük işlər gördü. Azərbaycan ordusu həm təşkilati, həm də texniki baxımdan gücləndirildi. Peşəkar hərbi kadrların hazırlanması məqsədilə qardaş Türkiyə və digər ölkələrə gənclər göndərildi. Heydər Əliyev 1994-cü ilin dekabrında Füzuli istiqamətində uğurlu hərbi əməliyyat keçirməklə ordumuzun döyüş ruhunu yenidən özünə qaytardı.

Böyük öndər birmənalı şəkildə bildirdi ki, Azərbaycanda ordu quruculuğu kampaniya xarakteri daşımamalıdır. Ordu Azərbaycanın müstəqilliyinin atributudur və ona görə bu proses davamlı bir prosesdir. Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır". Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına xidmət edən ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi kimi özündən sonra ölkəmizin təhlükəsizliyinin qarantı olan güclü ordunun əsasını qoydu, 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Artıq üç ildir ki, Azərbaycan Ordusu Böyük Zəfərindən sonra Bayramını - yarandığı Günü düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü bərpa edən Qalib Ordu kimi qeyd edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi İlham Əliyev Azərbaycan ordusunu tam yeni keyfiyyətlərlə gücləndirdi. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi xüsusi diqqət və qayğı sayəsində Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Ordumuzun ən müasir silahlarla təchiz olunması, peşəkar hərbçilər ordusunun yetişməsi, şəxsi heyətdə vətənpərvərlik ruhunun güclənməsi torpaqlarımızın düşmən işğalından azad olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək Qarabağı işğaldan azad etdi. Bu tarixi Qələbə ulu öndər Heydər Əliyevin arzusunu da gerçəkləşdirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Biz ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyini böyük sevgi və məhəbbətlə qeyd edirik. Zaman bizdən uzaqlaşdıqca biz dahi siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərini yenidən qiymətləndiririk, onun siyasi irsindən bəhrələnməyə çalışırıq. Heydər Əliyev müstəqil dövlətimizin banisi kimi hər zaman bizimlədir, onun nurlu ideyaları gələcək uğurlarımıza güclü təminat yaradır. Nə qədər Azərbaycan var, Heydər Əliyev daima yaşayacaq, qədirbilən xalqımız ölməz liderini sonsuz məhəbbət və ehtiramla yad edəcəkdir.

Elşən Əli-MƏMMƏDOV,

Lənkəran hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.