Qələbənin, qürurun Şuşa zirvəsi
Digər xəbərlər

Qələbənin, qürurun Şuşa zirvəsi

Sıldırım qayaların üzərində, zirvəsi göylərə dəyən dağların ətəyində, təbiətin heyrətamiz gözəlliyi qoynunda, qədim tariximizin yadigarı Şuşa şəhəri ikinci həyatını yaşayır. 2020-ci il noyabrın 8-də qəhrəman oğullarımızın igidliyi, şücaəti, yurd sevgisi sayəsində düşmən tapdağından azad edildi və Şuşa yer üzünə yenidən doğuldu.

Qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa ili" elan edildi. Artıq səkkiz aydır ki, ölkəmizin hər bölgəsində "Şuşa ili" təntənə ilə, qürurla, iftixar hissi ilə qeyd olunur, müxtəlif səpkili ədəbi-bədii tədbirlərlə davam etdirilir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Horadiz Şəhər Muğam Mərkəzində "Şuşa Zəfəri: dünənimiz, bu günümüz" adlı növbəti tədbir keçirilib.

Tədbirdə Füzuli və Xocavənd Rayon İcra hakimiyyətlərinin, həmçinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, I və II Qarabağ müharibəsi veteranları və qazilər iştirak ediblər. Əvvəlcə, Horadizdəki "Qəhrəmanlar parkı"nda Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət olunub, qəhrəman oğulların xatirəsinə ehtiramlarını ifadə edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. "Şuşa İli"nə həsr olunan kitab sərgisi və döyüşçü-fotoqraf Nurəhməd Vəliyevin Qarabağ müharibəsi tarixinə həsr olunmuş fotosərgisi maraqla qarşılanıb. Fotosərgidə I Qarabağ müharibəsi tarixini, həmin dövrdə Füzuli uğrunda gedən döyüşləri özündə əks etdirən 100-dən çox tarixi fotolar, sənədlər nümayiş etdirilib.

Sərgidə 1993-cü ilin avqust ayında Ermənistanın hərbi təcavüzünə qarşı bir topla atəş açaraq azğın düşmənə zərbələr vuran, son nəfəsinə kimi döyüşən topçu zabit Ağabala Quliyevin və onun döyüş dostlarının şücaətindən bəhs edən şəkillər daha çox diqqəti cəlb edib. Döyüş yoldaşları, Qarabağ müharibəsi veteranları onların qəhrəmanlığından, Vətən, torpaq məhəbbətindən danışıblar. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əfsanə Quliyeva Qarabağ müharibəsində füzulili gənclərin qəhrəmanlığından, Şuşa Zəfərimizə aparan yolun məhz Füzulidən başlanmasından ətraflı söz açıblar. Tədbirdə çıxış edən Qarabağ müharibəsinin iştirakçısı olmuş döyüşçü-fotoqraf Nurəhməd Vəliyev, topçu-zabit Ağabala Quliyev döyüş xatirələrini söyləyib, ordumuzun Şuşa Zəfərini Vətən müharibəsinin və tariximizin qızıl səhifəsi olduğunu diqqətə çatdırıblar.

Salman ALIOĞLU,

"Respublika".