ƏBƏDİYYƏTƏ QOVUŞAN MÜBARİZLƏR
Digər xəbərlər

ƏBƏDİYYƏTƏ QOVUŞAN MÜBARİZLƏR

Hamoşam və Toradi Astaranın ən ucqar dağ kəndləridir. Bu ərazidən Qarabağ uğrunda gedən döyüşlərdə Bəkir Qasımov, Aqil Babayev, Çinar Əliyev, Rəhman Babayev və qonşu Lerik rayonunun Loda kəndindən olan Toradi kənd tam orta məktəbinin yetirməsi Gündüz Əliyev şəhidlik zirvəsinə ucalıb. Hər iki kəndin ziyalılarının təşəbbüsü, kənd sakinlərinin və xaricdə yaşayan soydaşlarımızın maliyyə dəstəyi ilə Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğulların xatirəsi şərəfinə bulaq kompleksi tikilib istifadəyə verilib.

Kompleksin açılışı münasibətilə keçirilən tədbirdə kənd ziyalıları, ağsaqqallar, Rusiyadan gəlmiş soydaşlarımız iştirak edirdi. Mərasimin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Motlayataq kəndindən Vətən müharibəsi şəhidi Əhəd Ağayevin övladları Röyal, Məryəm və Roman kompleksin açılışını bildirən lenti kəsdilər.

Toradi kənd diyarşünaslıq klubunun müdiri Sürəddin Əliyev mərasimdə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük qələbədən, cəbhədə astaralı gənclərin şücaətindən ətraflı danışdı. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsinin daim əziz tutulduğunu və həmişə böyük ehtiramla yad edildiyini bildirdi.

Rusiya Federasiyasının Buryatiya Respublikası Selenqinsk şəhərindəki Azərbaycan diasporunun sədri Cəmil Hüseynov xalqımızın qəhrəmanlıq ənənələrindən, ölkəmizdə iqtidar-xalq birliyindən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən söhbət açdı. Xarici dövlətdə yaşasalar da ürəklərinin daim Vətən məhəbbəti ilə döyündüyünü vurğulayaraq ordumuzun şanlı qələbəsindən qürur hissi keçirdiklərini, müstəqil Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlərlə sevindiklərini bildirdi. Astaranın ucqar Toradi kəndində, müqəddəs Baba Rəsul ocağının yaxınlığında inşa edilən Şəhidlər Bulağının hamının and yerinə, ziyarətgaha çevriləcəyini, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını əminliklə qeyd etdi.

Qazaxıstanda Azərbaycanın diasporunun fəallarından olan İsmayıl müəllim, Asxanakaran inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Səlahəddin Əliyev, şəhid ailələrinin üzvlərindən Mühəddin Əliyev, Rizvan Qurbanov, Etibar Əliyev, Orucəli Babayev, müəllim Həmidulla Əliyev və başqaları çıxış edərək bulaq kompleksini şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə göstərilən növbəti qayğı kimi dəyərləndirib ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Mərifə Əzizqızı şəhidlərə həsr etdiyi şeirlərini oxudu. Toradi kənd diyarşünaslıq klubunun bədii qiraət dərnəyinin üzvlərinin ifasında şəhidlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olundu.

Əlisəfa HƏSƏNOV,

"Respublika".