Ənənələrə sadiqlik
Siyasət

Ənənələrə sadiqlik

Azərbaycan-Türkiyə daim qoşa addımlayacaq

2024-cü il 18 fevral. Ankara. Esenboğa Hava Limanı. Rəsmi qarşılanma. Azərbaycan Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərindən sonra qardaş Türkiyəyə rəsmi səfəri. Əslində, bu heç də adi səfər deyil. Dövlət başçımız bu dəfə müstəqil və tam suveren dövlətin rəhbəri kimi gəlmişdi qardaş ölkəyə. Rəsmi səfər Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məqbərəsinin ziyarəti ilə başladı. Prezident İlham Əliyev Atatürkün məzarı önünə əklil qoyaraq əziz xatirəsini yad etdi. Sonra xatirə kitabına ürək sözlərini yazdı. Həmin gün Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyede Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu. Daha sonra Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edən İlham Əliyev Türkiyə Prezidentinin Sarayına gəldi. Əsl həyəcanlı anlar bundan sonra başladı. Prezident İlham Əliyevin şərəfinə toplardan atılan yaylım atəşinin müşayiətilə hər iki dövlətin himnləri səsləndi. Hər iki prezidentin təkbətək görüşü oldu. Dövlət başçıları Azərbaycan-Türkiyə sənədlərini imzaladılar. Mətbuata bəyanatlarında isə mühüm fikirlər səsləndirdilər.

Türkiyə Prezidenti: "...İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram", - dedi. Azərbaycan lideri isə: "...Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik".

Azərbaycan-Türkiyə. Qardaş, dost ölkələr. Bu qardaşlıq və dostluğun bugünkü mərhələsi soykök, dil, mənsubiyyət, din birliyindən qaynaqlansa da, onun bu zirvəyə yüksəlməsində XX əsrin əvvəllərindən başlayaraq intensiv inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq əsas rol oynamışdır. Belə ki, Türkiyənin Çanaqqala müharibəsində yüzlərlə azərbaycanlı döyüş cəbhələrində qəhrəmanlıq göstərmiş, Türkiyənin istiqlaliyyəti yolunda şəhidlik zirvəsinə yüksəlmişdir. Bu, Azərbaycan-Türkiyə birliyinin unudulmaz səhifələridir.

Ümumiyyətlə, tarixin o dönəmində iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin qurulmasında ziyalılar böyük rol oynayırdılar. O dövrün açıqfikirli insanları zülm və istibdada qarşı birgə mübarizə aparır, milli azadlıq hərəkatının güclənməsinə təkan verirdilər. Azərbaycanda bu fikirlərə görə təqib olunanlar o zaman Türkiyəyə üz tutur, türk qardaşları ilə birgə öz fəaliyyətlərini türk ittihadı yaratmağa yönəldirdilər.

Bu dostluq və qardaşlıq münasibətlərini öz növbəsində Türkiyə də Azərbaycana göstərmişdi. 1918-ci ildə Azərbaycan tarixinin ən ağır dövründə Bakının və işğala məruz qalmış digər torpaqlarımızın rus-erməni təcavüzündən azad edilməsi faktı iki qardaş ölkənin birliyinin təcəssümüdür.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 2020-ci ilin payızında başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə mövqeyindən geri çəkilmədi.

Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsini 2020-ci ilin dekabrında Bakının Azadlıq meydanında keçirilən qələbə paradında gördük. O zaman Türk Silahlı Qüvvələrinin təmsilçiləri Azərbaycan Ordusu ilə yanaşı addımladı bu meydanda. Bu, həm də bütün dünyaya mesaj idi... İki ölkə arasında faydalı birgə əməkdaşlığın perspektivləri 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsində də öz əksini tapdı. Artıq bəzi əlamətdar hadisələrin birgə qeyd olunması da ənənə halını alıb. Yaxşı ənənələri yaşatmaq özü də böyüklükdür. Bu ənənələr babalarımızdan miras qalmış qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində köməyə çatır.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərində də Türkiyənin dəstəyini görürük. Onu da qeyd edək ki, ən qısa zamanda, cəmi 8 ay ərzində tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Türkiyə Prezidentinin iştirak etməsi də Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürü oldu. Səfər çərçivəsində prezidentlər Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, həmçinin Zəngilan rayonunda "Dost Aqropark"ın da təməlini qoydular: "Bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə də bizimlə bərabərsiniz", - deyən Prezident İlham Əliyev qardaş ölkənin Prezidentinin bu səfərinin əhəmiyyətini yüksək qiymətləndirdi.

İşğaldan azad olunmuş ərazilərdə görülən işlərin nəticəsindən məmnun qalan Türkiyə Prezidenti isə dedi: "Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini görürük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır".

2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən güclü yeraltı təkanlar böyük insan tələfatına, dağıntıya səbəb oldu. Bu xəbərə bütün xalqımız üzüldü. Qardaş ölkəyə yardım üçün xalqımız səfərbər oldu. O ağrılı-acılı günlərdə Azərbaycan Türkiyənin dərdinə şərik çıxdı, zəlzələ bölgəsinə göndərilən yardım karvanlarının ardı-arası kəsilmədi.

Türkiyədə keçirilən prezident seçkilərində xalqımız birmənalı olaraq qardaş ölkənin lideri - Rəcəb Tayyib Ərdoğanı dəstəklədi.

Türkiyə Prezidentinin ötən ilin sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycana gəlişi də əslində dəstək xarakteri daşıyırdı. İğdır-Naxçıvan Təbii Qaz Boru xəttinin təməlqoyma mərasimində iştirak edən Türkiyə Prezidenti deyib ki, Naxçıvan tarix boyu daşıdığı strateji önəmlə Azərbaycanla əlaqələrdə mühüm rol oynayıb: "Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılmasıyla Naxçıvanın bu potensialı tam mənasıyla həyata keçirmək imkanına qovuşacağıq".

Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılış mərasimində iştirak edən Rəcəb Tayyib Ərdoğan tədbirdə Azərbaycan şairi Hüseyn Cavidin "Dəniz tamaşası" şeirindən misralar da səsləndirib: "Hər bəladan əsirgə yurdumuzu, Kamran eylə şanlı ordumuzu!".

Bəli, "Yurdda sülh, cahanda sülh!" şüarı ilə yola çıxan Azərbaycan-Türkiyə bundan sonra da qoşa addımlayacaq. Bu həm də əcdadlarımızın ənənələrinə sadiqliyimizin ifadəsidir.

Zümrüd QURBANQIZI,

"Respublika".