Enerji sektorunun müasir dövrü
İqtisadiyyat

Enerji sektorunun müasir dövrü

Zəngin neft və qaz ehtiyatlarına sahib ölkəmiz bərpaolunan enerji sektorunun da inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın "Yaşıl enerji" potensialı irimiqyaslı layihələrin reallaşması üçün əsaslı zəmin yaradır. Beynəlxalq səviyyəli iqtisadi platformalarda etibarlı tərəfdaş, hətta təşkilatçı olan Azərbaycanın bu sahədə mövcud potensialı xarici investorları da cəlb etməkdədir. Artan iqtisadi güc Azərbaycanın böyük layihələrin icraçısı olmaq imkanını genişləndirir. Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilən Azərbaycan bu çərçivədə əsaslı addımlar atır. Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də yaşıl enerjinin istehsalı beş əsas milli prioritetdən biri kimi müəyyən edilmişdir. Belə ki, 2030-cu ilədək ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin həcminin 30 faizə çatdırılması hədəflənmişdir.

Son illərdə enerjiyə olan tələbatın kəskin şəkildə artması alternativ enerji mənbələrindən istifadəni aktuallaşdırıb. Ənənəvi enerji ilə müqayisədə bərpaolunan enerji mənbələrinin tükənməzliyi bu sahənin inkişafına diqqəti daha da artırır. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil etməsi dövlətimizin regionda bərpaolunan enerji ixracatçısı qismində iştirakına şərait yaradır. Artıq dünyanın bir neçə aparıcı şirkətləri ilə bu istiqamətdə sazişlər imzalanmışdır. Qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı planlaşdırılır. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.

Bu il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması mərasimi keçirildi. Bununla yanaşı, 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Qeyd etmək lazımdır ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır və 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına ərsəyə gəlmişdir. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan ilk günəş elektrik stansiyasıdır.

Azərbaycanın bərpaolunan enerji ixrac etməsi üçün əsaslı addımlar atılmaqdadır. Təbii ki, bu proses müəyyən vaxt tələb edir. Buna baxmayaraq, xarici investorların ölkəmizə olan marağı daha da artır. Bu çərçivədə, Azərbaycan "ACWA Power" və "Masdar" şirkətləri ilə yeni memorandum imzalamışdır. Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanan memoranduma əsasən Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpaolunan enerji layihələrinin inkişafına dair razılıq əldə olunmuşdur. Bununla tərəflər dekarbonizasiyanı gücləndirəcək və sıfır emissiya dərəcəsinə nail olmaq üçün təcrübələrini birləşdirəcəklər.

Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə toplantısında iştirak edən ölkə başçımız sammit iştirakçılarının diqqətinə çatdırdı ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib və gələn ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Cəmi bir neçə il ərzində həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək.

Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə əsasən Azərbaycanda istehsal edilən "yaşıl enerji" Avropaya nəql olunur. Məhz VI Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunun "Qlobal ekoloji sivilizasiyanın qurulması üçün yaşıl investisiya və ticarətin inkişaf etdirilməsi" adlı plenar iclasda da məlumat verilmişdir. Bununla yanaşı, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident İlham Əliyevin tapşırığı ilə "yaşıl enerji zonası" konsepsiyası formatında bərpa edilməsi, həmin ərazilərdə ən müasir texnologiyaların, o cümlədən "ağıllı kənd", "ağıllı şəhər", "ağıllı kənd təsərrüfatı" və "yaşıl enerji"nin tətbiq olunması da vurğulanmışdır. Əminliklə qeyd etmək olar ki, bu sahə artıq Azərbaycanda xarici investisiyaların əsas mənbəyinə çevrilir.

Nurlan ABDALOV,

"Respublika".