Neft-qaz sektorunda əsas aktor
İqtisadiyyat

Neft-qaz sektorunda əsas aktor

Noyabrın 21-də Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə 10-cu İllik Xəzər Texniki Konfransı və Sərgisi öz işinə başlayıb. Qeyd edək ki, üç gün müddətində baş tutacaq tədbirdə qlobal sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gəlib. Tədbirin elə ilk günündən bir sıra mühüm məsələlər müzakirə edilib. Bunlaran biri də məhz "Abşeron" yatağından çıxarılan qazın xarici bazarlara nəqli ilə bağlı olub. "Total Energies-Azerbaijan" şirkətinin icraçı direktoru Emmanuel De-Guillebon bildirib ki, yataqdan çıxarılan qaz Türkiyə və Avropa bazarlarına yönəldilə bilər.

"Hazırda yataqda hasil olunan qaz daxili bazarda satılır, lakin layihənin növbəti mərhələsində həcmlər artacağı üçün ixrac məqsədilə Türkiyə və Avropa bazarlarına baxılır. Qeyd olunan bazarlarda tələbatın olub-olmaması sual altında deyil, əsas məsələ, qazın lazımi bazarlara çatdırılması və nəqlidir". Emmanuel De-Guillebon vurğulayıb ki, bu prosesin (qaz ixracının təşkili) mövcud infrastrukturun hazırkı imkanları hesabına və ya genişləndirilməsi vasitəsilə təşkil olunacağı müzakirə edilir.

Hazırda Azərbaycan nefti bir sıra vasitə və yollarla xaricə ixrac olunur. Bu məsələdə də yetərincə infrastrukturun olması bu prosesi daha əlverişli edir. Ölkədən neft-qaz ixracı bir neçə istiqamətdə; TANAP boru xətti ilə Türkiyə və Gürcüstana ötürülür. Bundan başqa, TANAP-ın davamı olan TAP boru xətti ilə də Azərbaycan qazı Avropanın cənubuna - İtaliya, Yunanıstan və bir neçə cənub-şərqi Avropa ölkəsinə ixrac edilir. Bütün bunları nəzərə aldıqda, "Abşeron" yatağından çıxarılan qazın xarici bazarlara nəqli çətin məsələ kimi görünmür.

Qeyd edək ki, cari ilin avqustunda SOCAR, Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30% iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə müvafiq olaraq 35 faiz təşkil edəcək.

Ölkəmiz hazırda gəlirlərinin böyük hissəsini neft-qaz sektorundan əldə edir. Son dönəmlər qaz ixracı olduqca artıb. Hətta ötən ilin müvafiq dövrlərində qaz ixracından gələn gəlir neftdən əldə edilən gəlirlə bərabərləşib. Şübhəsiz ki, qaz ixracı "Şahdəniz" və "Abşeron" qaz yataqlarının istismarı hesabına formalaşır. Nəticə etibarilə bir çox xarici şikətlər ölkəmizlə əməkdaşlıq qurmaq üçün təkliflər irəli sürür. Bunu Emmanuel De-Guillebon da öz çıxışı zamanı vurğulayıb. O bildirib ki, "TotalEnergies" Azərbaycan şirkətləri ilə əməkdaşlığı maksimum genişləndirməyə çalışır. İcraçı direktor ölkədə mövcud olan şirkətlərlə əməkdaşlığı nəzərdə tuturaq bildirib ki, Azərbaycan üçün yerli məzmunun inkişafını vacib hesab edirik. Hazırda bu sahədə əməkdaşlığın maksimum dərəcədə genişləndirilməsinə səy göstərilir: "Yerli şirkətlərlə birgə çalışaraq, onlardan da eyni məhsuldarlıq gözləyirik. İnanırıq ki, bu yolla ölkənin maraqlarına cavab verəcək, birgə çalışdığımız şirkətlərə dair tələbləri yüksəldəcək, ölkədə rəqabətin güclənməsinə və sənayenin inkişafına imkan yaratmağa nail olacağıq", - deyə o, sözlərinə davam edib.

Bundan başqa, konfransda ACE ("Mərkəzi-Şərqi Azəri") layihəsinin tez bir zamanda başa çatacağı bildirilib. Platformadan neft hasilatına gələn il başlanılacağı planlaşdırılır. Qeyd edək ki, Xəzər dənizində nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənilməsinin növbəti mərhələsi olan bu layihə 6 milyard ABŞ dolları dəyərindədir. Buraya yeni dəniz platforması və gündəlik 100 min barrelədək istehsal gücünə malik digər obyektlər aiddir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barrelədək neft hasil olunacağı proqnozlaşdırılır. Şübhəsiz ki, ACE bütün regionda enerji təhlükəsizliyinin təmin olunmasına imkan yaradacaq, həmçinin Azərbaycan üçün mühüm gəlir mənbələrindən biri olacaq.

Qeyd edək ki, Xəzər regionunun gələcək qlobal enerji landşaftının formalaşmasında əsas rolu nəzərə alınaraq, builki konfransda ekspertlər tərəfindən hazırlanmış yüksək səviyyəli texniki proqramlara geniş yer ayrılıb. Mövcud qlobal enerji iqlimi Xəzər regionunda investorlar, operatorlar, xidmət təminatçıları və dövlət qurumları arasında da mühüm müzakirə mövzusu olub. Bundan başqa, "Xəzər yüksəlişi: enerji trilemmasının birgə həlləri", "qəhvəyi və marjinal yataqlardan gəlirlərin maksimuma çatdırılması", "enerjiyə keçid və resursların inteqrasiyası üçün iqtisadi mülahizələr", "yer elmlərindəki yeniliklər, "rəqəmsal gələcək üçün lazımi istedadların cəlb edilməsi və saxlanılması" və "yeni reallıqda maşın öyrənməsi, süni intellekt və neft-qaz sənayesinin gələcəyi" kimi müxtəlif mövzularda müzakirələr aparılıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".