Qarabağ keçmişlə müasirliyin vəhdətində yenidən qurulur
İqtisadiyyat

Qarabağ keçmişlə müasirliyin vəhdətində yenidən qurulur

Hər kəsə aydındır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illər boyu icra olunmayıb. Ermənistan beynəlxalq hüququn normalarını kobud şəkildə pozub, Zəngilanda, Laçında, Kəlbəcərdə, Şuşada Yaxın Şərqdən və digər ölkələrdən minlərlə qeyri-qanuni sakin məskunlaşdırıb, Cenevrə Konvensiyasına əsasən cinayət törədib.

Otuz illik işğal dövründə Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyub, qədim ərazilərimizdə urbisid və kultursid həyata keçirib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda orada bir dənə də salamat bina tapılmayıb ki, üzərində bayrağımız dalğalandırılsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Amma beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı heç bir sanksiya tətbiq etməyib.

Azərbaycan 28 il ərzində bərpa olunmasını gözlədiyi ədaləti özü, həm də cəmi 44 günə bərpa edib. Amma ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin birləşmələri müharibədən sonrakı 3 il müddətində də qalmaqda davam edib. Nəticədə Azərbaycan Qarabağda özünün konstitusiya hüquqlarını bərpa etmək üçün sentyabrın 19-da Ali Baş Komandanın əmri ilə lokal antiterror tədbirinə başlayıb və cəmi bir gün ərzində öz ərazilərində suverenliyi tam təmin edib. Dövlət başçımız çıxışında bir daha bəyan edib ki, Qarabağın erməni əhalisinin bütün hüquqları beynəlxalq konvensiyalara uyğun şəkildə təmin ediləcək.

Ölkəmiz keçmiş məcburi köçkünləri doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün də urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Üç şəhərin Baş planı təsdiqlənib. Prezident İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Ərazidə sosial infrastruktur yenidən qurulur, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib, hazırda bu iş davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin 97 min hektardan çoxu mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ötən ilin iyul ayından etibarən isə ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması istiqamətində görülən işlərin, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Milli Şəhərsalma forumlarının təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlığın nəticəsində 2022-ci il oktyabrın 5-i və 6-sı tarixlərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdam və Bakı şəhərlərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Tədbirə 45 ölkədən yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri olan xarici tərəfdaşlar və digər maraqlı tərəflər daxil olmaqla, ümumilikdə 400-dən çox iştirakçı qatılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Dövlət başçısı Forumda çıxışı zamanı işğaldan azad edilmiş ərazilərdə törədilmiş urbisiddən, burada aparılan geniş bərpa-quruculuq işlərindən, insanların doğma torpaqlarına geri qayıdışından danışaraq davamlı sülhün əldə edilməsi istiqamətində mühüm məsələlərə toxunub. İştirakçılara Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının ərazisində görülən geniş həcmli işlər, layihələndirmə sənədləri haqqında məlumatlar verilib. Azərbaycan Milli Şəhərsalma Forumunun növbəti ikinci günü ADA Universitetində sessiyalarla davam etdirilib. Məruzəçilər tərəfindən ekoloji cəhətdən davamlı və dayanıqlı şəhərlərin inkişafı, mədəni və tarixi irsin postmünaqişə dövründə bərpası, daha "ağıllı", daha yaşıl insan məskənləri, dairəvi yaşıl iqtisadiyyat mövzularında təqdimatlar keçirilib, ən müasir şəhərsalma yanaşmaları, insanyönümlü yaşayış məntəqələrinin yaradılması və inklüzivliyin təmin edilməsi ətrafında fikir mübadilələri aparılıb. Panel müzakirə zamanı "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması və davamlı məskunlaşma imkanlarına dair təkliflər səsləndirilib. Sonda iştirakçılar ölkəmizdə keçirilən Milli Şəhərsalma Forumunun yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər. Hər il keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinə dair yekun Bəyannamə qəbul olunub. Bəyannamədə Forumun məqsədi və əhəmiyyəti qeyd edilərək mövcud əməkdaşlıq əlaqələrinin qorunub saxlanılması və yeni tərəfdaşlıqların qurulmasının vacibliyi önə çəkilib.

Bu il isə dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində "Şəhərsalma Həftəsi 2023"ə start verilib. Tədbir çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında bildirib ki, tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 nəfər iştirak edir. Dövlət başçımız onu da vurğulayıb ki, forumun Zəngilanda keçirilməsi çox mühüm əhəmiyyət kəsb edən hadisədir: "Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Bu gün Zəngilan beynəlxalq tədbirə evsahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Dediyim kimi, ilk "ağıllı kənd" Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infrastruktura böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar".

İlham Əliyev Zəngilanın mühüm nəqliyyat qovşağı hesab edildiyinə də diqqət çəkib. Bildirib ki, Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktordur. Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası da fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzinə çevriləcək.

Ümumiyyətlə, İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Hazırda ölkəmizdə dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bunların fonunda Azərbaycan uğurla inkişaf edir və regionun lider dövləti olmaq yolunda irəliləyir.

Jalə QASIMZADƏ,

"Respublika".