Erməni rəzilliyi - pulla qadınları orduya cəlb etmək
Digər xəbərlər

Erməni rəzilliyi - pulla qadınları orduya cəlb etmək

Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlamasına, xalqımıza, mədəni irsimizə qarşı törətdiyi vəhşiliklərə baxmayaraq, Azərbaycan sülh təşəbbüslərindən dönmədi. Lakin iki ölkə arasında barışıqla bağlı müzakirələrin aparıldığı bir dövrdə rəsmi İrəvan istər sərhəddə törətdiyi təxribatlar, istərsə də səsləndirdiyi əsassız bəyanatların fonunda bir daha regionda sabitliyə təhdid yaratdığını hər vəchlə bəlli etdi. Ermənistanın baş naziri danışıqlar çərçivəsində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dilə gətirsə də, daha sonra əməlləri ilə bunu təkzib edib.

Hayların budəfəki fəaliyyətləri isə onların necə rəzil olduğunun əyani sübutudur. Belə ki, Ermənistan bu dəfə də qadınları pulla orduya cəlb edir. Bu barədə baş nazir Nikol Paşinyan hökumət iclasındakı çıxışı zamanı bildirib. O qeyd edib ki, könüllü olaraq xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı silahlı qüvvələrin sıralarına qoşulacaqlar. Baş nazirin çıxışından sonra Ermənistanın müdafiə naziri Surek Papikyan da qış çağırışında 18-27 yaşlı qadınların orduya çağırılmasına hazır olduqlarını bəyan edib. Paşinyanın "çağırışçıları qadın və kişiyə bölməyə ehtiyac yoxdur, onların hamısı əsgər sayılmalıdır" fikirləri isə düşmənin çıxılmaz vəziyyətdə olduğunu bir daha təsdiqləyir. Hökumət iclasında, həmçinin Müdafiə Nazirliyinin qadın batalyonu üçün daimi fəaliyyət göstərən məntəqənin tikintisini yekunlaşdırdığı da diqqətə çatdırılıb. Məsələdə diqqətçəkən digər məqamlardan biri isə hayların qadınlara pul təklif etməsidir. Belə ki, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2,5 min dollar məbləğində ödəniş alacaqlar. Əslində bu, bir növ Ermənistan hökumətinin xalqına vətənə xidmət üçün "rüşvət" təklif etməsidir. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətinə nəzər yetirsək, vəziyyət heç də təəccüblü deyil. 44 günlük müharibədə Ermənistan mətbuatında ordudakı fərarilərin sayının 11 min nəfər olması, 2 min nəfərə isə cinayət işinin  açılması barədə məlumatlar yayılmışdı. Hətta müharibə günlərində Ermənistan ordusunda ruh düşkünlüyü, fərarilik o həddə çatmışdı ki, erməni diviziya komandirlərindən biri qaçan əsgərləri şəxsən özü güllələmişdi. Şübhəsiz, ölkədə "kişi" tapa bilməyən Paşinyan hakimiyyəti bu dəfə çıxış yolunu qadınları döyüşə cəlb etməkdə görür.

Ermənistan təxribatlarından əl çəkmək niyyətində deyil. Son zamanlarda Hayastanın durmadan atəşkəs rejimini pozması, eləcə də cəbhəboyu təxribatlara əl atması bunu aydın şəkildə sübut edir. Bundan başqa, ermənilərin silah-sursat daşıdığı da məlumdur. Qarabağdakı separatçılar bunu Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşayətilə həyata keçirirlər. Ötən günlərdə düşmənin Xankəndi-Kərkicahan-Xəlfəli yolundan istifadə etməklə bu cür qanunsuz əməllərini davam etdirdiyinin şahidi olduq. Rusiya sülhməramlı kontingentinin bu cür fəaliyyəti isə qəbuledilməzdir. Çünki  sülhməramlılar tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər birbaşa üçtərəfli Bəyanatın müddəalarını pozmaqla yanaşı, onların vəzifə borclarını yerinə yetirmədiklərindən xəbər verir. Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını həyata keçirməsi  birbaşa regiondakı vəziyyəti gərginləşdirməyə yönəlib.

Şübhəsiz, ölkəmizə qarşı hər hansı bir təhlükə yarandığı təqdirdə, Azərbaycan layiqli cavab vermək iqtidarındadır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı heç kim təhdid yaratmağa cürət edə bilməz. Ermənistanın sülh müqaviləsinin  imzalanması prosesində bu cür təxribatlara əl atması onun prosesdən yayındığının təzahürüdür.

Nəzrin ELDARQIZI,

"Respublika".