Bolqarıstanda “Struma səhnələri” festivalı çərçivəsində Azərbaycan mədəniyyəti təqdim olunur
Digər xəbərlər

Bolqarıstanda “Struma səhnələri” festivalı çərçivəsində Azərbaycan mədəniyyəti təqdim olunur

Sentyabrın ilk günlərində Bolqarıstanın qədim şəhərlərindən biri olan Küstendildə ənənəvi olaraq “Struma səhnələri” beynəlxalq festivalı keçirilir.

“Respublika” xəbər verir ki, Küstendil meriyası, “Presto” musiqi evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi açılıb. Yeddi günlük festivalda, həmçinin Bolqarıstan, Yunanıstan, Avstriya, İsveçrə, Çin, Marokko, Efiopiya və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Sərginin açılışında Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska çıxış edərək cari il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin isə 10 illiyinin qeyd edildilyini bildirib. Sərginin bu mühüm yubileylərə həsr edildiyini diqqətə çatdırıb.

Sonra mərkəz direktoru sərgidə nümayiş olunan fotolar barədə məlumat verərək bu şəkillərin 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən çəkildiyini, onun əsərlərinin bir sıra beynəlxalq müsabiqəsində yer aldığını qeyd edib. Açılış mərasimində Sofiya Universitetinin Türkologiya ixtisasının tələbəsi Melisa Ramadan milli geyimdə Azərbaycan rəqsini ifa edib.