Ermənistan hökuməti xarici siyasətindən özü də baş açmır
Siyasət

Ermənistan hökuməti xarici siyasətindən özü də baş açmır

Ermənistanın hazırkı hökuməti artıq özünün son dövrünü yaşayır desək, yanılmarıq. Azərbaycanın Qarabağ ərazisində terrorçulara qarşı keçirdiyi lokal xarakterli tədbirlər nəticəsində bölgəyə sülh gətirmək niyyəti beynəlxalq aləmdə əksəriyyət tərəfindən alqışlanıb.

Bütün bu hadisələrin fonunda Paşinyanın xalqa müraciətində Ermənistanın Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmayacağını bildirməsi yerli əhalini hiddətləndirib. Səngiməyən etiraz dalğası fonunda ölkənin çalxalanması hakimiyyəti bərk narahat edib. Mitinqlər zamanı insanlara qarşı zorakılıq törədən polislər bu addımla vəziyyəti daha da gərginləşdiriblər. Lakin Ermənistanın hakim dairələrinin daxili siyasəti qədər xarici siyasəti də fiaskoya uğrayır. Bütün baş verənlərin ardından Ermənistanın Rusiyanı təhdid edən "Roma statutu"nu qəbul etmək istəyi, xarici işlər naziri Ararat Mirzoyanın sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci plenar iclasında Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsindən çıxarılması, əvəzində isə Fransa və digər havadarların bölgəyə nəzarət etmək barədə xahişi, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun çıxışı zamanı zalı tərk etməsi rejimin artıq son çırpıntıları hesab olunur.

18-22 sentyabr tarixləri aralığında Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 78-ci plenar iclasında maraqlı anlar yaşanıb. Ölkəmizi təmsil edən xarici işlər naziri Ceyhun Bayramov iclasdan əvvəl keçirilən qəbulda ABŞ prezidenti Co Baydenlə səmimi foto çəkdirib. Bu, bir daha Azərbaycanın beynəlxalq arenada uğurlu təmsil olunduğuna işarədir. Qəbulun ardınca iclas öz işinə başlayıb. Növbə ilə ölkə rəhbərləri və təmsilçiləri çıxış etməyə başlayıblar. İlk öncə erməni nazir Ararat Mirzoyan Rusiya ilə gərgin olan əlaqələri bir az da dalana dirəyib. Ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərdən danışan Mirzoyan Rusiya sülhməramlılarını tənqid edib, ABŞ və Fransaya bu mövqedə çıxış etməyi təklif edib. Təbii ki, bu siyasətin ardında məsələni daha da uzatmaq niyyəti dayanır. Fransa İkinci Qarabağ müharibəsindən əvvəl də buna oxşar missiya ilə sərhəddə çıxış etmiş və münaqişənin ləngidilməsində "vasitəçi" rol oynamışdır. Ermənistan hökumətinin planı da bununla əlaqəlidir. Onlar 2020-ci ildən əvvəlki situasiyanı bərpa etmək istəyirlər. Lakin Mirzoyan kimilər hələ də anlamaq istəmirlər ki, Azərbaycan Qarabağ məsələsini artıq bitirib. Mirzoyan avqust ayında rəzil olduğu "şəkil fiaskosundan" hələ də dərs götürməyib. Üstəlik regionda Rusiya kimi nəhəng dövləti də düşmən qazanmaqla özünü acındırıb Qərbə sığınmaq cəhdləri əks-nəticə verə bilər. Belə ki, Rusiya regionda heç bir qərb dövlətlərinin varlığını qəbul edə bilməz. Həmçinin, qərbin regiona nə dərəcədə sabitlik gətirə biləcəyi də sual altındadır. Hər halda Fransanın Afrikada olan təsirinə baxsaq bu sualın cavabının əslində çətin olmadığını görərik. Məsələnin maraq doğuran digər tərəfi isə Ermənistanın baş naziri Nikol Paşinyanla bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Qarabağdakı ermənilərin durumu ilə bağlı açıqlamalarının kəskin şəkildə fərqlənməsi, hətta daban-dabana ziddiyyət təşkil etməsidir. Ararat Mirzoyan BMT Baş Assambleyasının iclasındakı çıxışında bildirib ki, Qarabağda guya 10 aylıq "blokadaya" görə insanlar ac qalmaqda davam edir. Səhiyyə sistemi iflic vəziyyətindədir. Qarabağdan olan görüntülər həqiqətən də şoka salır. Analar itkin düşən övladlarını tapmağa çalışırlar... Qarabağın yaşayış məntəqələrindən birində 8 yaşlı uşaq partlayış zamanı itkin düşüb. Onun 10 yaşlı qardaşı öldürülüb, cəsədini hətta kənddən çıxarmaq mümkün olmayıb. Daha bir qardaş yaralanıb... Bu fikirlər isə Paşinyanın fikirləri ilə tam ziddiyyət təşkil edib. Çünki elə sentyabrın 21-də Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda bildirib ki, Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. O, Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunduğunu qeyd edib. Paşinyan açıq mətnlə bildirib ki, sosial şəbəkələrdə Qarabağ əhalisi arasında kütləvi insan tələfatı ilə bağlı məlumatlar reallığa uyğun gəlmir: "Qarabağda ermənilər üçün heç bir təhlükə yoxdur. Zərurət yaranarsa, ermənilərin Qarabağdan çıxarılması məsələsinə baxacağıq, hazırda təhlükə yoxdur". Mirzoyanın çıxışından sonra azərbaycanlı hərbçilərin yaralı erməni qadına dəstək göstərməsi, FHN-in çadır qurması, humanitar məqsədli ərzaq yardımları kəskin surətdə bu fikirləri təkzib edir, Paşinyanın dedikləri ilə isə üst-üstə düşür. Təbii ki, Fransa, Almaniya, Malta və digər havadarlar bu fikirlərin yanlış olduğunu bilə-bilə lobbi "dəstəyindən" əl çəkə bilməyiblər. Erməni nümayəndələrinin Afrikanın sivilizasiyadan uzaq qəbiləsinin sakinləri illər əvvəl "separatçı rejim"in "bayrağ"ını göstərməsi deyəsən cüzi işə yarayıb ki, bəzi Afrika dövlətləri də məsələyə diletant olduğu halda, Ermənistana havadarlıq ediblər.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə xüsusi peşəkarlıq göstərərək erməni həmkarını əsassız fikirlərlə deyil, dəlil və sübutlarla susdurub. Belə ki, Azərbaycanın regiona sülh gətirmək istədiyini deyən nazir separatçıların təslim olan şəxslərinin azad şəkildə buraxıldıqlarını bildirib. "Məqsəd qan tökmək deyil, ölkə daxilindəki terroru təmizləməkdir" deyən Ceyhun Bayramov Qarabağın bir daha Azərbaycanın daxili məsələsi olduğunu vurğulayıb.

Daha sonra öz çıxışını etmək üçün kürsüyə çıxan zaman isə erməni nazir daha bir rəzilliyə yol verərək zalı tərk edib. Hər hansı bir kukla teatrı deyil, dünyada ən ali qurum kimi tanınan BMT-nin iclasından "küsüb" çıxması Mirzoyanın fonunda Ermənistan hökumətinin siyasət balansında ciddi pozuntular olduğunu sübut edir.

Görünür, Azərbaycana uduzduğunu etiraf etmək istəməyən Ermənistan hökuməti son çarəni qərbdə görür. "Roma statutu" məsələsini yenə gündəmə gətirən Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istəsə belə, bu qeyri-stabil addımları ilə ölkəsi üçün real təhlükə yaradır. Çox güman, gələcəkdə erməni xalqını böyük təhlükə gözləyir. Əgər Azərbaycanla münasibətləri normallaşdırmaq siyasətini dəstəkləsə, Paşinyan ölkəsinin rifahına dəstək vermiş olar. Əks halda, anti-Rusiya addımları və regionda stabilliyi pozmaq cəhdləri onsuz da az qalan vaxtını bir az da azalda bilər. Azərbaycanın sülh və reinteqrasiya çağırışları etdiyi bir vaxtda Paşinyan heç düşünmədən bu təkliflərə müsbət cavab verməlidir. Yoxsa Mirzoyan, Simonyan və digər elitasının Rusiyaya qarşı çıxışları ona baha başa gələ bilər. Hərçənd Paşinyan özü də ABŞ-la birgə təlimlər keçirməklə və Rusiya hərbi bazasını Qafandan çıxarmaqla gizli niyyətli cəhdlər göstərir. Yəni bu siyasətin başında elə Paşinyan özü durur. Təbii ki, islamofobiyanın güclü olduğu bir dövrdə xristian dövlətinin imtiyazları da saysız-hesabsızdır. Lakin "əcəli çatan keçi" məsələsində olduğu kimi, "buynuzunu" Rusiyanın "çomağına" sürtən Ermənistan hökuməti separatçı ünsürlərlə bacara bilməz.

Tacir SADIQOV,

“Respublika”.