Bütün məsuliyyət Makron hakimiyyətinin üzərinə düşür
Siyasət

Bütün məsuliyyət Makron hakimiyyətinin üzərinə düşür

Heç kəsə sirr deyil ki, Azərbaycan-Fransa münasibətləri bu gün heç zaman olmadığı qədər aşağı səviyyədədir. Bunun məsuliyyəti də Fransa tərəfinin üzərinə düşür. Çünki bu ölkədə hakimiyyətin bütün qanadlarında, həm ali icra hakimiyyəti, həm qanunverici hakimiyyət, həm də məhkəmə hakimiyyəti sistemində Azərbaycana qarşı hücumlar var. Makron səviyyəsində Ermənistan həm İkinci Qarabağ müharibəsinə qədərki, həm müharibə dövründə, həm də ondan sonrakı mərhələdə açıq və birmənalı şəkildə müdafiə olunur. Bu, daha diplomatik ibarələrlə gizlədilmir, açıq mətnlə anti-Azərbaycan siyasəti həyata keçirirlər. Aşkar formada düşmən ölkəni silahlandırır, Ermənistanda revanşizmi ruhlandırır və üçüncü Qarabağ müharibəsinə hazırlayırlar. İndiyə qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasında əsas günahkar tək Paşinyan deyil, eyni zamanda Makrondur. Makronun Paşinyanın qulağına pıçıltıları, ona etdiyi təkliflər, tövsiyələr, məsləhətlər nəticə etibarilə baş nazirin sülh müqaviləsi imzalamaqdan yayınmasını şərtləndirən əsas amilə çevrilib. İndi də Makron Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağırır. Biz bilirik ki, bu geri çağırmanın mahiyyəti nədir. Bu, Azərbaycana diplomatik təzyiq elementidir və Makronun özü həmin səfiri qəbul edir. Hesab edirəm ki, bu proses belə davam edərsə, Azərbaycan dövləti də analoji addımlar ata və bizim Fransadakı səfirimiz geri çağırıla bilər. Bütün bu qarşıdurma mühitinə görə də məsuliyyət ilk növbədə Fransa dövləti, onun Ali Siyasi Hərbi rəhbərliyinin üzərinə düşəcəkdir.

Elman NƏSİROV,

Milli Məclisin deputatı.