Beynəlxalq nüfuzun, etimadın göstəricisi
Siyasət

Beynəlxalq nüfuzun, etimadın göstəricisi

Müasir dövrümüzdə ətraf mühitin qorunması məsələsi Azərbaycanın diqqət mərkəzində dayanır. İstər ölkə daxilində baş tutan müxtəlif tədbirlər, istərsə də Azərbaycanın sözügedən istiqamətdə üzərinə götürdüyü beynəlxalq öhdəliklər bunun əyani sübutudur. Xüsusilə, "yaşıl iqtisadiyyat"a və alternativ enerji mənbələrinə keçid hazırda bəşəriyyət qarşısında duran ən əsas məqsədlərdən biridir. Yeni dünya düzənində baş verən proseslər müxtəlif problemlərin həllinin vacibliyini ön plana çıxarır. Bu çərçivədə bəşəriyyəti narahat edən məsələlərdən ən ümdəsi ekoloji - iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşma prosesidir. Son 10 il ərzində dünyada bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, ekoloji problemlər dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Bu baxımdan, COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyimiz planetar əhəmiyyətli problemlərin həlli istiqamətində birlik sərgilənməsi baxımından çox önəmlidir. Tədbirin Azərbaycanda keçirilməsi ekoloji problemlərə qarşı apardığımız intensiv mübarizənin əyani sübutudur.

Xatırladaq ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı il aprelin 22-də imzalayıb və həmin ilin oktyabr ayında sənəd Milli Məclisdə ratifikasiya olunub. Ümumiyyətlə, COP çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu daim müzakirə olunur. Qeyd etdiyimiz kimi,  COP tarixində əhəmiyyətli yer tutan, iqlim dəyişmələri ilə mübarizədə beynəlxalq sənəd hesab olunan Paris Sazişi 2015-ci ildə qəbul olunub və bu günədək Sazişə ümumilikdə Azərbaycan da daxil olmaqla 190-dan çox ölkə qoşulub.

COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsi beynəlxalq ictimaiyyətin inamının növbəti təzahürüdür. Qlobal çərçivədə ölkəmizə göstərilən etimadın nəticəsidir ki, bu gün bir sıra mötəbər tədbirlərin ünvanı məhz Azərbaycandır. Bildiyiniz kimi, ölkəmiz Şərqi Avropa Regional Qrupunun tərkibindədir. Məhz bu dövlətlərin yekdil rəyi əsasında COP29-a ev sahibliyimiz rəsmiləşib. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da tədbirə ev sahibliyi üçün namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyilə bağlı eyni addımı atıb. Xatırladaq ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 28-ci sessiyasında Azərbaycan Prezidenti də iştirak edib. Sözügedən tədbirə 100-dən çox dövlət və hökumət başçısı, ümumilikdə 100 minə yaxın nümayəndə qatılıb. Bununla bir daha ölkəmizin qlobal problemlərin həlli istiqamətində aparıcı rolu öz təsdiqini tapmış olur. Son olaraq, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim dəyişmələri ilə bağlı bir sıra görüşlər və müzakirələr keçirildi. Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı katiblik olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulaması, ölkə başçımız tərəfindən bu təklifin məmnunluqla qəbul edilməsi dövlətimizin bəşəri təhlükələrin aradan qaldırılmasındakı səylərini bariz şəkildə göstərir. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransında (MSC2024) iştirak edən BMT-nin İqlim Dəyişilmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bir sıra açıqlamalar verib. Konfrans çərçivəsində "COPing Mechanism: Beynəlxalq İqlim Diplomatiyasının Perspektivləri" adlı paneldə iştirak edən nazir hər kəs üçün səmərəli bir gələcək qurmaq naminə iqlim fəaliyyətini genişləndirmək və birlikdə çalışmağın vacibliyini diqqətə çatdırdı.

Ümumiyyətlə, "yaşıl dünya" üçün Azərbaycan gələcək perspektivdə olduqca böyük layihələrə imza atacaq. Bu mənada, işğaldan azad edilmiş ərazilərimizin potensialı sözügedən prosesi daha da sürətləndirəcək. Məlumdur ki, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxlaması nəticəsində həmin ərazilərimiz xarabalığa çevrilib. İşğaldan azad edilən  torpaqlarımız həyata keçirdiyimiz ekoloji tədbirlərdən məhrum olub, düşmənin ekosidinə məruz qalıb. Buradakı meşələr və təbii sərvətlərimiz Hayastan tərəfindən talanmış, biomüxtəlifliyə ciddi ziyan dəymişdi. Bütün bunlara baxmayaraq, 2020-ci ilin noyabrında əldə edilən tarixi zəfərdən dərhal sonra ölkə başçısının müvafiq göstərişinə əsasən həyata keçirilən tədbirlər, eləcə də verdiyi fərman və sərəncamlar həmin ərazilərdə quruculuq işlərinin başlaması ilə xarakterizə olunur. Bu gün düşməndən təmizlənmiş ərazilər Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yaşıl enerji" zonası elan edilib. Eyni zamanda bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanın bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavatdır. Respublikanın bərpaolunan enerji siyasətinin özülünü ölkə başçımızın müəyyənləşdirdiyi və 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli prioritetləri" təşkil edir. Dövlətimizin qarşısına qoyduğu Beş Milli Prioritetdən biri olan təmiz ətraf mühit və "yaşıl artım" gələcək üçün önəmli addımdır.

Bərpaolunan enerji sahəsinin diqqət mərkəzində saxlanılması Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə aktiv iştirakından xəbər verir. Dövlətimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan ölkələr arasında xüsusilə fərqlənir. Bu çərçivədə Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını proqnozlaşdırıb. Bununla yanaşı, elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz artırılması "Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası"nda nəzərdə tutulub. 

Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji dünya bazarlarına çıxarılacaq. Artıq bir çox Avropa dövlətləri Azərbaycandan alacağı yaşıl enerji barədə danışıqlar aparır. Bu öz növbəsində enerji təhlükəsizliyi məsələlərini də gündəmə gətirir ki, ölkəmiz bu istiqamətdə örnək təşkil edir. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, COP29-un ölkəmizdə keçirilməsi xalqımızın növbəti böyük uğuru olacaq.

Nurlan ABDALOV,

"Respublika".