Ermənistan öhdəliklərindən boyun qaçırır
Siyasət

Ermənistan öhdəliklərindən boyun qaçırır

Ermənistan tərəfi Azərbaycanın səkkiz kəndini geri vermək əvəzinə, uydurma arqumentlərlə çıxış edir, 31 kəndin Azərbaycanın "işğalı altında" olduğu kimi saxta iddialar irəli sürür. Bu gün Azərbaycan kifayət qədər yüksək və strateji əhəmiyyət daşıyan zirvələrdə mövqe tutub. Bu mövqelər ölkəmizə nəinki Ermənistanın 31 kəndini, hətta bəzi rayonlarını belə müşahidə altında saxlamağa imkan verir.

Xatırlatmaq yerinə düşər ki, ərazinin müşahidə altında saxlanılması ilə işğal altında saxlanılması arasında böyük fərq var. Ermənistan bu prosesləri bilərəkdən bir-biri ilə sintez etməklə manipulyasiyalara yol verməyə çalışır. Azərbaycanın müşahidə məntəqələrinin yüksəklikdə yerləşməsi, bizə nəinki Ermənistanın kəndlərini, hətta İrəvanı Qafan ilə birləşdirən magistralları belə müşahidə etməyə şərait yaradır. Şübhəsiz, ölkəmiz bu müşahidə imkanlarından heç bir zaman imtina etməyəcək.

Ermənistana gəldikdə isə məğlub tərəf kimi üzərinə götürdüyü öhdəlikləri mütləq yerinə yetirməlidir. Ən azından dörd kəndimiz, hansı ki, Azərbaycana birbaşa birləşib, yəni esklav deyil, onların dərhal qaytarılmasını dəfələrlə dövlət səviyyəsində tələb etmişik. Ermənistan bu tələbləri nə qədər tez yerinə yetirərsə, bir o qədər də mövcud gərginliklər aradan qaldırılmış olar. Yox, əgər Ermənistan işğal faktını davam etdirəcəksə, birgə bəyanatda nəzərdə tutulmayan məsələləri gündəmə gətirəcək, bu, gərginliyin artmasına, sonunda isə Ermənistanın bu və ya digər şəkildə cəzalanmasına gətirib çıxaracaq. Bütün bunlar bir daha İrəvanın imzaladığı birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir əməli praktik addım atmadığını söyləməyə əsas verir.                  

Ədalət VERDİYEV,

hərbi ekspert.