Ermənistan Rusiyanı linç edir
Siyasət

Ermənistan Rusiyanı linç edir

Son dövrlərdə Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsinin artması bir sıra mühüm məqamlardan xəbər verir. Belə ki, İrəvanda Rusiya əleyhinə keçirilən mitinqlər, aylar öncə ABŞ-ın Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin İrəvana səfəri zamanı Moskva əleyhinə olan etiraz aksiyaları mövcud vəziyyəti göstərir. Başqa sözlə desək, Rusiya artıq Ermənistanda açıq şəkildə linç edilir

Bildiyimiz kimi, Qərb ilə Rusiya arasında Cənubi Qafqazda üstünlük əldə etmək uğrunda gedən yarışda Ermənistan "alət" rolunda çıxış edir. Güclü dövlət idarəçiliyi institutunun olmaması, xalqın etirazları, ağır sosial vəziyyət, o cümlədən İkinci Qarabağ savaşı və antiterror tədbirlərindən sonra formalaşan vəziyyət Paşinyanın "baş ağrısına" çevrilib. Bu cür şəraitdə isə Paşinyan bütün günahlarını Rusiyanın üzərinə atır. Sentyabrın 24-də baş nazirin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərdə "anti-Rusiya" təbliğatı bir daha özünü büruzə verib. Paşinyanın bu müraciəti daha çox Rusiya əleyhinə manifest kimi də qiymətləndirilə bilər. Nikol Paşinyan müraciəti zamanı konkret ölkəni hədəf göstərmədən "bəzi tərəfdaşları"nın ölkənin daxili və xarici təhlükəsizliyi üçün problemlər yaratmasından gileylənib. Əslində Rusiyanın illər ərzində Ermənistanı müdafiə etdiyini düşünsək, Paşinyanın həmin fikirləri məhz Rusiyaya ithaf etdiyi qənaətinə gəlmək olar. 

Şübhəsiz, Ermənistan baş nazirinin bu cür davranışı gözardı edilməyib. Belə ki, rəsmi Moskva Nikol Paşinyanın xalqa müraciətini "Rusiyaya qarşı qəbuledilməz hücum" kimi qiymətləndirib. Bundan başqa, baş nazir tərəfindən verilən bu cür mesajların iki ölkə arasında kin, ədavət doğurduğu bildirilib. Rusiya tərəfi Paşinyan hakimiyyətinin daxili və xarici siyasətdə uğursuzluqlarının səbəbinin Qərbin "öyüd-nəsihətlərinə" qapılması ilə əlaqələndirib. Rəsmi Moskva, həmçinin Paşinyanın məsuliyyəti öz üzərindən ataraq, Rusiyanın üzərinə yıxmağa cəhd etdiyini də diqqətə çatdırıb. Əslində Ermənistan baş nazirinin müraciəti zamanı Rusiyaya eyham vurduğu gün kimi aydındır. Paşinyan deyib ki, hazırda ölkəsi müstəqil, azad, demokratik inkişaf yolu ilə getmək əvəzinə, təhlükəsizlik çağırışları ilə baş-başadır və mövcud çağırışlarda yalnız xarici deyil, eyni zamanda, daxili faktorlar da gözə çarpır. Paşinyanın diplomatik və dövlətlərarası münasibətlərdə bütün etiket və düzgünlük normalarının, o cümlədən müqavilələr üzrə götürülmüş öhdəliklərin pozulduğunu da söyləməsi Rusiyaya təhdid kimi başa düşülür. Rusiyanın bununla bağlı verdiyi bəyanat da diqqətdən yayınmayıb. Belə ki, rəsmi Moskvanın sentyabrın 25-də yaydığı müraciətində vurğulanıb ki, Ermənistan Rusiya ilə maraqlarının "əsasən oxşar" olduğunu yaddan çıxarıb. Bəyanatda, həmçinin ABŞ və digər NATO ölkələrinin Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də ümumi Avrasiya məkanının sabitliyini pozmağı qarşılarına məqsəd qoyduğu qeyd olunub.

Bütün bunların fonunda bir daha Ermənistan xalqı ilə yanaşı, Paşinyan hakimiyyətinin də Rusiyadan narazılığı ön plana çıxır. Əslində bu, Ermənistanın satqınlığı kimi də qiymətləndirilə bilər. Ermənistanda cərəyan edən hadisələr, eyni zamanda Paşinyanın tənqidləri onun öz ağasına və mövcudluğuna görə minnətdar olmalı olduğu ölkəyə qarşı açıq və ən yüksək formada soyuq müharibə elan etdiyinin göstəricisidir. Paşinyanın bu hoqqadan qalib çıxacağını, yaxud növbəti illərdə də Kremlin forpostluğunda qalacağını isə zaman göstərəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".