Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə münasibətlərin normallaşması prosesini qəsdən ləngidir
Digər xəbərlər

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə münasibətlərin normallaşması prosesini qəsdən ləngidir

Onların sülh haqqında danışması manipulyasiyadır

2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalanandan  sonra Prezident İlham Əliyev xalq qarşısında çıxış etdi və bu gündən etibarən münaqişənin keçmişdə qaldığını bildirdi. Prezident regionda yeni eranın - sülh, əməkdaşlıq və mehriban qonşuluq dövrünün başlandığını elan etdi.

"Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu, dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik".  Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi, istərsə də ondan əvvəlki və sonrakı dövrlərdə, müharibənin başlama səbəbləri və gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərmiş, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etmişdir. Bəzi xarici media nümayəndələrinin  qərəzli, təxribat xarakterli suallarına verdiyi təmkinli,  əsaslandırılmış cavablarla  dövlətimizin haqlı mövqeyini müdafiə  edərək yüksək liderlik bacarığını dünyaya nümayiş etdirmişdir.

Ermənistan qondarma statusla  bağlı təkid etməyə davam edərsə, bu sülh prosesinə xələl gətirəcək. Qarabağ Azərbaycan torpağıdır və bu, beynəlxalq səviyyədə qəbul olunub, BMT TŞ və digər beynəlxalq institutlar tərəfindən bir daha təsdiqlənib. Azərbaycanda yaşayan ermənilərin hüquqlarına gəldikdə, bu, Azərbaycan Konstitusiyası çərçivəsində öz həllini tapmalıdır. Hazırda  görünən odur ki,  Ermənistandakı daxili proseslər və xaricdən olan bir sıra aktorların maraqları səbəbindən sülh prosesi qəsdən ləngidilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verilən məlumatda deyilir: "Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2022-ci il tarixində hökumət iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidentinin Şuşada 8 noyabr tarixli çıxışını təhrif etmək və sanki Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyi təəssüratını yaratmaq cəhdi tamamilə əsassızdır və qəbuledilməzdir. Ermənistan rəhbərliyinin bu yanaşması iki dövlət arasında münasibətlərin normallaşması və bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir". 

Qeyd olunub ki, Ermənistanın son 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təcavüzünə, işğal siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobudcasına pozulmasına, insanlığa qarşı törədilmiş çoxsaylı cinayətlərə göz yuman baş nazir N.Paşinyanın Azərbaycanı beynəlxalq hüququ pozmaqda təqsirləndirməsi riyakarlığın son həddidir. Üçtərəfli Bəyanata zidd olaraq hələ də Azərbaycan ərazilərindən tam çıxarılmayan və bölgə üçün təhdid törətməkdə davam edən erməni silahlı birləşmələrinin müxtəlif hərbi təxribatlarına Azərbaycanın verdiyi adekvat cavablar qanunidir.

Ermənistan üçtərəfli Bəyanatın 9-cu bəndi ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalarının açılması prosesini yubadır. Azərbaycan isə öz növbəsində, yeni Laçın yolunu çəkməklə öz öhdəliyini dürüst şəkildə yerinə yetirmişdir. Belə olduğu halda, Ermənistan baş nazirinin Azərbaycanın Laçın yolunu bağlamaq niyyətində olduğunu iddia etməsi bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsindən başqa bir şey deyildir. Eyni zamanda, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin açılması barədə öz üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaq deməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüş zamanı Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təklifi  rədd edilmişdir. Bu barədə Ermənistan baş naziri  parlamentdə çıxışında danışıb. Deyib ki, biz mandatı qeyri-müəyyən müddətə uzatmağı təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq. Rusiya Prezidenti Vladimir Putin isə son Soçi görüşündən sonra mətbuata açıqlamasında "Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı mandatının uzadılması məsələsi gələcək danışıqlardan asılıdır", - demişdir.

Noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Ermənistan iki il əvvəl - noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Bildirib ki, erməni silahlı qüvvələri hələ də Qarabağdadır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın səbri tükənməz deyil: "Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bir daha xəbərdarlıq etmək istəyirəm: Ermənistan öhdəliklərini yerinə yetirməsə, Azərbaycan lazımi addımlar atacaq".

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanata əsasən  döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı keçmiş təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Ermənistanın artıq manipulyasiya üçün nə zamanı, nə də meydanı qalıb. Ona görə də anlaşmanın şərtlərini yerinə yetirərək öz öhdəliklərini icra etməlidirlər. Əks halda, Azərbaycanın qəti addımları özünü gözlətməyəcək. Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib.

Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi aydındır: münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh, regionu daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.

Mustafa KAMAL,

"Respublika".