Ermənistanın “TIR şousu” işğalçı təfəkkürün nəticəsidir
Siyasət

Ermənistanın “TIR şousu” işğalçı təfəkkürün nəticəsidir

Son günlərdə Qarabağ ətrafında baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan Azərbaycanla sülh danışıqları prosesində heç də səmimi deyil. Əgər belə olmasaydı, artıq bir həftədir ki, 19 yük maşınından ibarət “TIR şousu” Azərbaycan-Ermənistan sərhəddində davam etməzdi. Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözlərindən sonra başına gələnlər, onun ayrı bir taktika işlətməsinə səbəb oldu. Bu da qərb dairələrinin ona öyrətdiyi “insan hüquqları” məsələsidir. İrəvan lideri indi də bu “silah” vasitəsilə Azərbaycanın üzərinə hücum etməyə çalışır. Belə ki, hayların “humanitar böhran” və “blokada” hay-həşiri hələ Laçın postu qurulmamışdam əvvəl başlayıb. Buna səbəb isə ekofəalların Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində haqlı etiraz aksiyaları keçirməsi olmuşdu. “Laçın” postu qurulduqdan sonra baş verən hadisələr isə Ermənistanın hələ də, işğalçı təfəkküründə olduğunu göstərir. Azərbaycanın haqlı olaraq “Laçın” nəzarət-buraxılış məntəqəsindən keçidləri məhdudlaşdırmasını və Xankəndiyə humanitar yüklərin daşınması istiqamətində Bərdə-Ağdam-Xankəndi yolunu təklif etməsini humanitar fəlakət adlandıran ermənilər, nədənsə marşrutun açılmasına qarşı çıxır.

Məsələ ilə bağlı “Respublika”ya açıqlama verən  siyasi şərhçi İlyas Hüseynov bildirir ki, Azərbaycan Respublikası ərazisində yalnız ölkəmizin siyasi iradəsinə və nəqliyyat marşrutlarına bağlı avtomobillər və yük maşınları hərəkət edə bilər:

"Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdən sonra moderator qismində çıxış edən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel məhz Ağdam-Xankəndi marşrutunun legitimliyinə diqqət çəkmiş və bu yol vasitəsilə yüklərin daşınmasının məqbul olduğunu qeyd etmişdi. Eyni zamanda bu marşrutu həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi də dəstəkləmişdi. Çünki Azərbaycan  erməni əsilli vətəndaşlarına bu yol vasitəsilə humanitar yükləri çatdıra bilər. Lakin biz gördük ki, bu məlumat tirajlandıqdan sonra Azərbaycan ərazilərində qanunsuz hərbi birləşmələr yaradan qruplar dərhal buna qarşı çıxdılar eləcə də, Xankəndi-Əsgəran yoluna beton plitələr düzdülər və bu yolu blokladılar. Əlbəttəki bu, qəbulolunmaz bir haldır. Səbəbi isə odur ki, ermənilərin məsələyə belə yanaşma sərgiləməsi Azərbaycanın qanunvericiliyinə, yurisdiksiyasına qarşı olan fəaliyyətdir. Digər bir məsələ də iyulun 26-dan etibarən Ermənistanın başlatdığı “TIR şousu” ilə bağlıdır".

"Təəssüflər olsun ki, Ermənistan ərazisində olan səfirlər və Avropa İttifaqının missonerləri də bu oyunun iştirakçısına çevrildilər. Bu da əlbəttə ki, erməni təbliğat maşınının ölkəmizə qarşı fəaliyyətini gücləndirmiş oldu. İstənilən halda məhz Ağdam-Xankəndi marşrutunun legitimliyi yalnız əsas çıxış yolu və köməkçi vasitədir. Bu yolun fəaliyyətə başlaması həm də Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını formalaşdıracaq və onu sürətləndirəcək. O ki qaldı,  digər hansısa yol vasitəsilə yüklərin daşınmasına, həmin marşrutlar legitim hesab olunmur. Azərbaycan qanunvericiliyinə zidd olaraq  ölkəmizə hər-hansı yükün daşınması qəbulolunmazdır və dövlətimiz bunun qarşısını da alacaq. Azərbaycanın mövqeyi  beynəlxalq hüquqa söykənən yanaşmadır. Bəzi xarici dairələrin isə erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq bəyanatlar verməsi, bölgədə sülhə və təhlükəsizliyə böyük zərbədir" - deyə, politoloq bildirib. 

Musa BAĞIRLI,

“Respublika”.